Xalq yazıçısı Kamal Abdullanın “Laokoon…Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” adlı yeni kitabı işıq üzü görüb.
Yazıçının sayca beşinci olan bu romanında məşhur “Yarımçıq əlyazma” romanının yazılma tarixçəsi özünəməxsus bədii-fəlsəfi formada təqdim edilir.
Roman iç-içə süjetlər və fəsillər vasitəsilə, mifoloji zamanla çağdaş zaman arasında sıçrayışlarla müşayiət edilən hadisələr şəklində qurulub.
Əsərin qəhrəmanı olan Vaqif bir roman yazmaqdadır, bütün düşüncəsi, varlığı həmin əsəri yazarkən içinə dolan “tanış və yad sonsuz lüğət”lə bağlı suallarla dolur. Vaqif öz şübhələrini sevgilisi Firəngizin qəfil suallarında, gözlənilməz şəkildə məsələnin məğzinə işıq tutan baxışlarında yəqinləşdirir. Əsər Vaqiflə Firəngizin sevgi əhvalatı mənasında bir romandır, Vaqifin əsər boyu yazmaqda olduğu roman süjetiylə digər bir romandır.
“Köhlən” nəşriyyatında işıq üzü görən kitabın redaktoru Cavid Zeynallıdır.
Kitabın ön sözü çoxmüəlliflidir. Ön sözdə xalq yazıçısı Kamal Abdullanın yaradıcılığı haqqında Umberto Eko, Franko Kardini, Maks Statkiyeviç, Anastasiya Yermakova, Lüdmila Lavrova, Lev Anninskiy, Klod Aliber, Sudha Svarnakar, Anar, Ramiz Rövşən, İsa Həbibbəyli, Arif Acaloğlu, Tehran Əlişanoğlu, Azər Turan, Vaqif Nəsib, Aqşin Yenisey, Elnarə Akimova, Mətanət Vahid, Maraq Yaqubova, Qismət Rüstəmov, Nargis və Ülvi Babasoyun fikirləri yer alıb.
Xalq yazıçısı Kamal Abdulla yeni əsəri haqqında fikrini belə ifadə edib: “Bu roman Laokoona inanan Troya haqqındadır”.