Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin X.B.Natəvan adına 4 nömrəli kitabxana filialında “31 Mart-Azərbaycanlıların Soyqırımı Günüdür” adlı tədbir keçirilib.
AzərTAC xəbər verir ki, kitabxana filialı nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağının fəal oxucuları, ziyalılar, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində bu soyqırımı hadisələrinə həsr olunmuş mühacir azərbaycanlı soydaşımız, Türkiyədə yaşayan professor Əli Qafqasyalının “Qartallar sınır tanımaz” adlı kitabının təqdimatı keçirilib.
Kitab haqqında Səməd Vurğun Poeziya Ocağının rəhbəri, şair-publisist Zərəngiz Mansurova geniş məlumat verib. Bildirib ki, tarix heç nəyi unutmur. Ermənilərin 1918-ci ilin mart-aprel aylarında xalqımıza qarşı həyata keçirdikləri soyqırımı da unudulmayacaq, Azərbaycan tarixinin unudulmaz səhifəsi olacaq. Məhz müəllifin əsas məqsədi də bu qanlı cinayətləri bugünkü oxucuya çatdırmaqdır.
Kitabxana filialın müdiri Aynur Babayeva, Təbrizdə nəşr edilən “Mişov dağı” dərgisinin təsisçisi və baş redaktoru Akşin Ağkəmərli, Mirvarid Dilbazi Poeziya Məclisinin rəhbəri Güllü Eldar Tomarlı, böyük kitabxanaçı Hilanə Babayeva, kitabxanaçı Esmira Zülfüqarova və başqaları erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi olduğunu söyləyiblər.
Sonra Poeziya Ocağının üzvlərinin ifasında kitabdan parçalar oxunub, şəhidlər haqqında şeirlər dinlənilib.