Bu il Azərbaycanın Xalq yazıçısı, filologiya elmləri doktoru professor Əzizə Cəfərzadənin (1921-2003) anadan olmasının 100 ili tamam olur. Yubiley ərəfəsində yazıçının çoxcildlik “Seçilmiş əsərləri”nin çapına başlanılıb və artıq bu il 12 cild nəşr olunub. “Elm və təhsil” nəşriyyatında yayımlanan cildlərə yazıçının indiyədək latın qrafikası ilə nəşr olunmamış əsərləri, eləcə də az tirajla yayımlanmış kitabları daxil edilib. Birinci cild yazıçının “Natəvan haqqında hekayələr”i ilə başlayır. Müəllifin “Seçilmiş əsərləri”ndə, həmçinin “Qobustan çökəklərində” romanı, “Qaratel”, “Manar sahillərində”, “Qoşqar”, “Bir zərrə iz...” və başqa povestləri, qırx hekayəsi ilk dəfə nəşr edilib. Hekayə və povestlərin bir qismi Əzizə Cəfərzadənin 1948-ci ildə çap edilmiş və Moskvanın qərarı ilə mətbəədən yığışdırılaraq yandırılmış “Hekayələr” kitabına daxil olan, həmçinin 1948-1963-cü illər ərzində nəşr olunmağa icazə verilmədiyi dövrdə yazdığı əsərlərdir.
Əzizə Cəfərzadənin “Seçilmiş əsərləri”nə filologiya elmləri doktoru professor Vaqif Sultanlı “Ədəbiyyatın vətənsevərlik missiyasi” adlı geniş ön sözü yazıb.