Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA
ÇİNAR
Gecə keçmiş, ulduzlar ağ, göy qara!
Söykənmişəm qocaman bir çinara.
Bir yanımda ömür kimi axır su,
Qaçmış bu gün təbiətin yuxusu.
Budaqlarda sərin yelin xoş səsi.
Yarpaqların həzin-həzin nəğməsi.
Ürəyim bir qanadlanmış quş kimi
Hey çırpınır, təsəllisiz, əsəbi.
Hündür çinar budaq atmış, qol atmış,
Öz ömründə çox əsrlər qocaltmış.
Görkəmində qarlı dağlar vüqarı.
Başı bütün ağaclardan yuxarı.
Tufan qopar, yağış yağar, qar tökər;
od qamçılı ildırımlar göy sökər.
Bəzən çayda daşlar daşı qovalar.
Seldə gedər göy çəmənlər, ovalar.
Yarğan yarar sinəsini dağların,
Sular oyar binəsini dağların.
Karvan çəkər göydə qara buludlar,
Çovğun gələr, şaxta kəsər, buz donar.
Xan çinarım əyməz məğrur başını.
Kimsə bilməz xan çinarın yaşını.
Gecə qara, durdum düşündüm bir az,
Dedim nədən ulu çinar yıxılmaz?
Birdən çinar dilə gəldi dedi: – Bax!
Bu torpaqda dərindən kök salaraq,
Hər tərəfə uzatmışam qolumu,
Övladlarım bürüyüb sağ-solumu.
Belə məğrur dayanmağa haqlıyam.
Mən kökümlə bu torpağa bağlıyam.
1937
“Ədəbiyyat və incəsənət”
(22.04.2025)