“Qobustan” sənət toplusunun yaz nömrəsi işıq üzü görüb

 

İldə dörd dəfə görüşünüzə gələn “Qobustan” sənət toplusunun yaz nömrəsi çapdan çıxıb. Toplu 8 Mart-Beynəlxalq Qadınlar Günü ərəfəsində çıxdığı üçün sənətin müxtəlif yönlərində tanınmış Azərbaycan qadınlarına həsr edilib. Öz sahələrində ilklərə imza atmış XIX-XX əsrin qadın simaları da var topluda, müasir xanımlar da.

 

Yazıçı Təranə Vahid “Odla təmas və ya zərif qanadların uçuşu” məqaləsində sənətin müxtəlif yönlərində birinci olan xanımlardan yazır. 

Dərgi yazıçı Günel Anarqızının ad gününü Narıngül Nadirin məqaləsi ilə təbrik edir. 

Kəmalə Səlim Müslümqızı “Cənubi Azərbaycanın xatunu”ndan, Pərvin Etisamidən söz açır. 

Gənc filoloq Xumar Paşazadə Nurəngiz Gün haqda məqaləsində şairənin ömür və yaradıcılıq yoluna nəzər salır.

Sevilən aktrisa Zemfira Əbdülsəmədova dərginin əməkdaşı Esmira Nəzərli ilə söhbətində həyat və yaradıcılıq yolunu yada salır. Humay Quliyevanın “Anam haqda dörd esse” silsiləsini dərginin baş redaktoru Pərvin “Uçmaq üçün” məqaləsi ilə təqdim edir. 

Sevinc Kərimzadə gənc və istedadlı vokalist xanım İslama Abdullayeva ilə söhbətinin təəssüratlarını bölüşür. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuranə Səlimli “Rəssam qadınlarımız” məqaləsində təsviri sənətimizdə izləri olan xanımlardan söz açır. 

Aysel Kərim “Yoxluğunu bilə-bilə” məqaləsi ilə bəstəkar Elza İbrahimovanın təkrarsız mahnılarından və kədərli həyat yoldan danışır. 

Aynur Hilali “Tarixdə türk qadını” essesi ilə Azərbaycan-türk xanımlarının xarakterinin tarixi köklərinə nəzər salır. 

Zülfiyyə Qəniyevanın "Qurama"sında fərqli qadınlar haqda kiçik, amma maraqlı faktlar yer.

“Söz gənclərdə” layihəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Qarabağ müharibəsi zamanı fədakarlıqlar göstərmiş Fulya Öztürkə həsr olunmuş “Fulya” filminə aid təəssüratlarını bölüşürlər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.