Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
SƏMƏD VURĞUN
GÖDƏKCƏ
Dostum! Moskvada iki il qabaq
Qarlı bir qış günü bir evə dolduq.
Dostlar, tanışlar da məclis quraraq,
Üstünə yüngüllük, gülüb şad olduq.
Mən soyuqlamışdım o axşam bir az.
Sənsə ərk eləyib danladın məni,
Dedin ki, bu qədər soyuqluq olmaz,
Özünə baxmırsan... Doğrudan da sən.
Elə bil canının lap düşmənisən!
Sonra əynindəki bir gödəkcəni
Mənə bağışladın o məclisdəcə.
Üstəlik bir söz də dedin o gecə:
“Biz heç... Qoy şairə soyuq dəyməsin!”
O ürəkdən gələn mehriban səsin
İndi də, indi də xatirimdədir...
Əzəldən qaydadır eldə, obada,
Dostluğun töhfəsi bir çöp olsa da,
Anlayan bilər ki, mənası nədir!
İndi qış günləri şaxtada, qarda,
Əlimdə tüfəngim, çöllər gəzirəm.
Arabir yol azıb qasırğalarda,
Bir işıq axtarıb ellər gəzirəm.
Gah şər qarışanda, gah da dan üzü
Sazaq qılınc kimi kəsəndə məni,
Geyirəm verdiyin o gödəkcəni,
Elə bil gül açır Mil, Muğan düzü.
Bəzən Bakıda da xəzri əsəndə,
Elə ki qəflətən xəstələnirəm,
Elə ki qorxudur məni sətəlcəm,
Uşaqlar deyinib, həmdəm küsəndə,
Geyirəm verdiyin bu gödəkcəni.
Bu ceyran dərisi bir loğman kimi
Davasız, dərmansız sağaldır məni.
Xeyirxah, mehriban bir insan kimi,
hər zaman, hər yerdə anıram səni...
“Ədəbiyyat və incəsənət”
(15.04.2025)