Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
SƏMƏD VURĞUN
ŞAİRİN SƏSİ
Mikayıl Müşfiqə
Axşamdan bəridir könlümdə yenə
hirsli fırtınalar, qasırğalar var.
Çox da uymayıram könlüm deyənə,
Gözlərim hər şeydə bir hikmət arar.
İçim dalğalanır, sanki bir dəniz,
Mən bu dalğalarla qucaqlaşıram.
Nələr düşünürəm, duya bilsəniz!
Sanki varlığımdan uzaqlaşıram.
Bəzən də fikrimin qanadlarını
Küləklər qoparıb qaldırır göyə.
Sürürəm əsrimin qır atlarını,
“Bu axın başqa bir axındır”, – deyə.
Bütün arzularım gülür yarına,
Xəyaldan ilhamlar almamaq üçün;
Baxıram Leninin kitablarına
Dəstədən geridə qalmamaq üçün.
“Ədəbiyyat və incəsənət”
(10.04.2025)