Seçmə şeirlər – SƏMƏD VURĞUN, “ALA GÖZLƏR ” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

      SƏMƏD VURĞUN

     ALA GÖZLƏR”

 

Yenə qılıncını çəkdi üstümə,

Qurbanı olduğum o ala gözlər.

Yenə cəllad olub durdu qəsdimə,

Qələm qaş altında piyala gözlər.

 

Başımdan getmişdi sevdanın qəmi,

Xəyalım gəzirdi bütün aləmi.

Bu dustaq könlümü, deyin, yenəmi

Çəkdiniz sorğuya, suala, gözlər?

 

Sevda yolçusuyam əzəl yaşımdan,

Könlüm ayrı gəzir can sirdaşımdan;

Dağıdır huşumu, alır başımdan

Süzülüb gedəndə xəyala gözlər.

 

Gərdənin minadır, boyun tamaşa,

Ay da həsəd çəkir o qələm qaşa.

Bir cüt ulduz kimi verib baş-başa,

Yanıb şölə salır camala gözlər.

 

Mənim sevgilimdir o gözəl pəri,

Qoy üzə vurmasın keçən günləri.

Mən qədirbilənəm əzəldən bəri,

Sizinlə yetmişəm kamala, gözlər.

 

Cahanda hər hökmü bir zaman verir,

Dünən dövran sürən bu gün can verir.

İllər xəstəsiyəm, yaram qan verir,

Siz məni saldınız bu hala, gözlər.

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.