Seçmə şeirlər – SƏMƏD VURĞUN, “CEYRAN ” Featured

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

SƏMƏD VURĞUN

CEYRAN

(“Muğan” poemasından)

 

Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb
Baş alıb gedirsən hayana, ceyran? 

 

Əzəldən meylini salıb çöllərə,
Bəxtini tapşırdın bizim ellərə,
O qara gözlərin düşdü dillərə.
Dişlərin oxşayır mərcana, ceyran! 

 

Bir məsəl qalmışdır ata-babadan:
Uçarda turacdır, qaçarda ceyran.
Bir mən deyiləm ki, hüsnünə heyran,
Şöhrətin yayılıb hər yana, ceyran!

 

Sükuta qərq olmuş ürəyimlə mən
Keçirəm yenə də Muğan çölündən.
Yanında balası, yağış gölündən
Əyilib su içir bir ana ceyran!

 

Elə ki son bahar min büsat qurur,
Kolları-kosları yıxıb uçurur,
Sıxlaşıb bir yerdə baş-başa durur
Düşəndə çovğuna, borana ceyran.

 

On addım kənarda yatmayır təkə,
Gəzinir oylağa baş çəkə-çəkə.
Gələn qaraltıdır, yoxsa təhlükə?
Bir özünə baxır, bir ona ceyran!

 

Ovçu, insaf elə, keçmə bu düzdən!
O çöllər qızını ayırma bizdən!
Qoyma ağrı keçə ürəyimizdən, –
Qıyma öz qanına boyana ceyran!
Nə gözəl yaraşır Muğana ceyran!

“Ədəbiyyat və incəsənət”

(25.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.