Seçmə şeirlər – SƏMƏD VURĞUN, “YANDIRILMIŞ KİTABLAR” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

SƏMƏD VURĞUN

YANDIRILMIŞ KİTABLAR

(İran irticaçıları Azərbaycan türkcəsində olan kitabları
 vəhşicəsinə yandırırlar)

 

Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar

Min kamalın şöhrətidir, min ürəyin arzusu…

Biz köçürük bu dünyadan, onlar qalır yadigar,

Min kamalın şöhrətidir, min ürəyin arzusu…

 

Yandırdığın o kitablar alovlanır… Yaxşı bax!

O alovlar şölə çəkib şəfəq salır zülmətə…

Şairlərin nəcib ruhu məzarından qalxaraq,

Alqış deyir eşqi böyük, bir qəhrəman millətə,

O alovlar şölə çəkib şəfəq salır zülmətə…

 

Cəllad! Mənim dilimdədir bayatılar, qoşmalar,

De! Onları heç duydumu sənin o daş ürəyin?

Hər gəraylı pərdəsində min ananın qəlbi var…

Hər şikəstən övladıdır bir müqəddəs diləyin,

De! Onları heç duydumu sənin o daş ürəyin?

 

Söylə! Sənmi xor baxırsan mənim şeir dilimə?

Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli.

Sənmi “türkəxər” deyirsən ulusuma, elimə?

Dahilərə süd vermişdir Azərbaycan gözəli…

Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli.

 

Cəllad! Yanıb od olsa da, külə dönməz arzular,

Təbiətin ana qəlbi qul doğmamış insanı.

Hər ürəyin öz dünyası hər səadət arzular,

Qanlar ilə yazılmışdır hər azadlıq dastanı…

Təbiətin ana qəlbi qul doğmamış insanı.

 

Əzəl başdan düşmənimdir üzü murdar qaranlıq…

Hər torpağın öz eşqi var, hər millətin öz adı.

Kainata dəyişmərəm şöhrətimi bir anlıq,

Mənəm odlar ölkəsinin günəş donlu övladı.

Hər torpağın öz eşqi var, hər millətin öz adı.

 

Nədir o dar ağacları, de, kimlərdir asılan?

Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?

Dayan! Dayan! Oyaq gəzir hər ürəkdə bir aslan.

Boğazından yapışacaq onun qadir pəncəsi,

Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?

 

Cəllad! Sənmi, de, qırırsan Fədailər nəslini?

Millətimin saf qanıdır qurd kimi içdiyin qan.

Zaman gəlir… Mən duyuram onun ayaq səsini;

Şəhidlərin qiyam ruhu yapışacaq yaxandan.

Millətimin saf qanıdır qurd kimi içdiyin qan!..

 

Bir varaqla tarixləri, utan mənim qarşımda,

Anam Tomris kəsmədimi Keyxosrovun başını?

Koroğlunun, Səttarxanın çələngi var başımda.

Nəsillərim qoymayacaq daş üstündə daşını,

Anam Tomris kəsmədimi Keyxosrovun başını?

 

“Ədəbiyyat və incəsənət”

(24.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.