Seçmə şeirlər – SƏMƏD VURĞUN, “KÖRPÜNÜN HƏSRƏTİ” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

SƏMƏD VURĞUN

KÖRPÜNÜN HƏSRƏTİ

 

Araz qırağında dayandı qatar,

Elə bil qəlbim də dayandı bir dəm...

Sıxlaşdı göydəki seyrək buludlar,

Deyəsən, başıma dolandı aləm.

 

Başlar uzanmışdır pəncərələrdən,

O taya, bu taya boylanır hamı.

Yanımda sevgilim ağlayıb hərdən,

Deyir ki, “ah, Araz, tut ilticamı,

Mənim Sara bacım indi hardadır?

İyirmi ildir ki, uzaqlardadır”.

 

Araz dağlar yarıb, qayalar dəlir,

Zamanın fikri tək axır sürətlə.

Qayalı dağlar da salama gəlir,

Elə bil baş əyir ona hörmətlə.

 

O tayda gördüyüm çardaqlı damlar

Xəyalı küsdürür bu kainatdan.

Gəzir kənd yanını seyrək adamlar,

Sanki baş götürüb gedir həyatdan...

 

Həyətlər bomboşdur, qapılar bağlı,

Evlər üz döndərmiş biri-birindən.

Torpaq nalə çəkir sinəsi dağlı,

Bir tüstü qalxmayır ocaq yerindən.

 

Kəndin üstündəsə bir qəbristanlıq

Qərq olur göylərin göz yaşlarına.

Yaşaran gözlərim baxır bir anlıq

Əyilmiş, yıxılmış baş daşlarına.

 

“Qayalı dağ”ı da duman almışdır,

O, dünya görmüşdür...Yaxşı bax ona!

Nə qədər cənazə yola salmışdır

Bir şəhər boydakı o qəbristana!..

 

Ah, ürək duyduqca bu səhnələri,

Adətim olmuşdur alışıb yanmaq.

Yanğına düşmüşdür könlüm şəhəri,

Böyük bir dərd imiş şair yaranmaq!

 

Şairim! Bu sözlər qalsın bir yana,

Yaş ötür... qayıtma ricətlərə sən!

Bir şeir bağışla Azərbaycana,

Araz üstündəki bir daş körpüdən!

 

Qurmuş bu körpünü bir memar əli,

Baş-başa çatılmış tağlar üstündə.

Xilqətdən yaranmış onun təməli,

Dayanmış qayalar, dağlar üstündə.

 

Kim bilir neçədir körpünün yaşı,

Şahidi min bahar, bəlkə min qışdır!

Fəqət bir kərpici, sadə bir daşı

Hələ öz yerindən oynamamışdır...

 

Toplar, topxanalar keçmiş üstündən,

Hələ daş sütunlar durur vüqarla.

Körpü Araz üstə düşdüyü gündən

Şir kimi döyüşür sərt dalğalarla.

 

Üzünə gün düşüb, şəfəq güləndə

Kərpici bir yaqut kimi qızarır.

Üstünə dağlardan duman gələndə

Sərt qayalar kimi o da bozarır.

 

Deyirlər, qış ağır gələndə tək-tək,

Körpünün üstündə tar bağlayır qar.

Qaranlıq yol salır yerdən göyədək,

Bir canavar kimi ulayır rüzgar.

 

Gözüm körpüdədir... Dayanmış qatar,

Elə bil saxlayır o bizi qəsdən.

Hanı zınqırovlu-yüklü karvanlar?

Bir quş da keçməyir körpünün üstdən...

 

Axşam qəribliyi dağlardan enir,

Sakit dərələrə bir həsrət çökür.

Araz gah parlayır, gah kölgələnir,

Bəzən də hıçqırır o hönkür-hönkür.

 

Gözüm körpüdədir...Dayanmış qatar,

Elə bil o qəsdən saxlayır bizi.

Körpünü basmışdır yabanı otlar,

Nə cığır görünür, nə ayaq izi...

 

Kim bilir, kim bilir, nə vaxtdan bəri

Bir insan keçməyir bu daş körpüdən

Elə bil yol çəkir onun gözləri,

Fəqət nə gələn var, nə də bir gedən.

 

O kimdir? Gözümə görünür bu dəm?

Kimdir o ixtiyar? Xəyaldır, nədir?

Yox, yox, o nə xəyal, nə əfsanədir,

Gördüyüm insandır, gözlərində qəm...

 

Çatıb qaşlarını körpüyə baxır,

Qəlbində dağ boyda sözümü vardır?

Başından tüstülər, dumanlar qalxır,

Cansız əlləri də qabar-qabardır...

 

Bildim, o, memardır... O, yaradandır.

Yaxın gəl, oxucum, bax əllərinə!

O, Araz üstündə xeyli zamandır

Ağlayır xar olmuş əməllərinə...

 

Kim bilir, kim bilir, nə vаxtdаn bəri

Bir insаn keçməyir bu dаş körpüdən.

Elə bil yol çəkir onun gözləri,

Fəqət nə gələn vаr, nə də bir gedən…

 

 “Ədəbiyyat və incəsənət”

(19.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.