ANAR - “Etibar” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir:

 

 

Vaqif küçəsində 30 nömrəli evdə yarızirzəmi mənzilimizdən köçməyimizdən 48 il keçir. Amma hələ də arabir bu mənzildə keçən günlərimiz yuxuma girir. Qapı döyülür. Açıram: Yusifdir. Ya mən zəng edirəm: Evdəsən, Yusif, gəlirəm.

Yusif Səmədoğlunun vəfatından 26 il keçir. İlk tanışlığımızın, bir qədər sonra dostluğumuzun 50-dən artıq müddətini xatırlayıram. Yusifin vəfatından keçən 36 ili də əlavə etsək, deyə bilərəm ki, 75 ildə mən Yusif qədər saf qəlbli, açıq ürəkli, hər bir həsəddən, bədniyyətdən, məkrdən bu qədər uzaq olan az insan görmüşəm. Yusif bizim zəmanədə çox da yayğın olmayan təmənnasız dostluğun, yoldaşlıqda etibarın, sədaqətin canlı rəmzi idi. Yuxarıda gətirdiyim sənədlər bu sözlərimin ən kiçik ən adi və sadə bəlirlərindəndi.

1993-cü ildə mən İstanbulun Memar Sinan Universitetinin dəvətiylə yeddi ay müddətində bu universitetdə Azərbaycan ədəbiyyatından dərs dedim. İndi kütləvi hal almış, amma elə o vaxt da nadir hadisə olmayan bu adi məsələ – Türkiyəyə işləməyə getmək – mənim gedişimlə səs-küy qopardı. Tək-tük məni müdafiə edənlərlə (o cümlədən, oğlum Turalla) müqayisədə əleyhimə nə qədər dedi-qoduyla, yalanla, şayiələrlə dolu yazılar yazıldı.

Türkiyə səfərimə razılıq verəndə dərhal müvəqqəti də olsa yerimdə kimin qalması barədə düşündüm və bir an belə tərəddüd etmədən, “əlbəttə, ancaq və ancaq Yusif” qərarına gəldim. Gəncədə Yazıçılar Birliyinin plenumunu çağırdıq, Yusifə dedim ki, “Azərbaycan” jurnalının redaktoru vəzifəsində qalmaqla Birliyin birinci katibi olmağa razılaşsın. Razı sala bildim.

O vaxt, Xalq cəbhəsi–Müsavat hakimiyyətdəykən şəxsən mənə olmasa da, Yazıçılar Birliyinə soyuq münasibət vardı. Əbülfəz Elçibəy də, İsa Qəmbər də şəxsən mənə hörmətlə yanaşsalar da, ümumi ovqat, mətbuat, TV Yazıçılar Birliyinə sovet sisteminin qalığı kimi baxırdı.

Yusif Xalq Cəbhəsinin qurucularından və ən nüfuzlu xadimlərindən biri idi. Onun yerinə kim olsaydı, mənim xaricdə işləməyimi əsas gətirərək plenum keçirər və asanlıqla yerimi tutardı. Bundan rəsmilər də, yazıçılar da, elə düzü, mən özüm də razı qalardıq.

Amma Yusif bunu etmədi, çünki dostluqda etibar, mənəvi dürüstlük, əməlində halallıq bir namuslu yazıçı, əsl ziyalı, həqiqi kübar kimi Yusif Səmədoğlunun təməl cəhəti idi. Nəinki mətbuatda mənim guya ki Türkiyəyə həmişəlik getdiyimi təkzib etdi, haqqımda hərzə yazılar çap edən “Müxalifət” qəzetinin üzvü olduğu redaksiya heyətindən məhz elə buna görə ərizə yazıb çıxdı. Bunu unuda bilərəmmi?

“Qətl günü” romanının ilk oxucusu mən oldum. Elə əlyazmasını da bir gecəyə oxudum və çox, lap çox sevindim. Amma onu da düşündüm ki, SOSREALİZM metodunun əsiri olan bəzi tənqidçilər bu qeyri-adi, mürəkkəb əsəri dərk edə bilməyəcəklər və dərk edə bilmədikləriyçün top-tüfəngə tutacaqlar.

Ən pisi isə, siyasi yarlıqlar yapışdıracaqlar. Odur ki, fürsəti fövtə verməyib “Azərbaycan” jurnalında jurnalın baş redaktoru Əkrəm Əylisli çətinliklərlə qarşılaşaraq əsəri çap etdirən kimi roman haqqında geniş yazıyla mətbuatda çıxış etdim.

Elə həmin günlərdə küçədə görkəmli alimlərimiz Abbas Zamanova və Bəkir Nəbiyevə rast gəldim. Hər ikisi romanı çox bəyəndiklərini və mənim yazımdan razı qaldıqlarını dedilər. Birdən Abbas müəllim gözlənilmədən Bəkir Nəbiyevə: “Bəkir, amma sən romanın əleyhinə bir şey yazma ha”, – dedi. Təəccüb qalmış Bəkir müəllim özünə xas olan ibarəylə: “Abbas müəllim, ərz elədim ki, roman çox xoşuma gəlib”, – dedi, Abbas müəllim elə əvvəlki tərzdə: – “Onu eşitdim, – dedi – amma sən eleyhinə bir şey yazma”.

“Qətl günü” romanıyla və mənim onun haqqında yazımla bağlı başqa münasibətlə isə bu kitabda bir neçə səhifədən sonra tanış ola bilərsiniz. Daima “Qətl günü” kimi cəsarətli əsəri riskə gedərək çap etməsiylə öyünən Əkrəm, demə, bu əsərin geniş şöhrət qazanmasını adəti üzrə heç cür həzm edə bilmirmiş.

“Azərbaycan” jurnalında “Qətl günü” romanını çap etməsi Ə.Əylislinin bioqrafiyasının işıqlı səhifəsidirsə, bu əsərin böyük populyarlıq qazanmasına həsədi onun təbiətinin kölgəli tərəfidir.

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.