Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir:
VAQİF SƏMƏDOĞLUNUN QARDAŞI YUSİFLƏ BAĞLI XATİRƏLƏRİ
Yusifin “Güllər” adlı hekayəsi var. On altı yaşlı yeniyetmənin həyatının müəyyən dönəmlərindən bəhs edir. Həmin yeniyetmə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən musiqi məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi – red.) oxuyur. Orda belə bir qayda var: musiqidən əla qiymətlər alan və özünü ixtisas üzrə daha fəal göstərənlərə Azərbaycan Dövlət Filarmoniyasında maestro Niyazinin dirijorluğu ilə orkestrlə çalmaq hüququ verilir. O da bu hüququ qazanıb. Filarmoniyanın geniş səhnəsində maestro Niyazinin dirijorluğu ilə Raxmaninovun birinci konsertini pianoda ifa edir. Konsert bitir. Onu alqışlayır, gül-çiçək dəstələri bağışlayırlar. Ancaq oğlanın gözlərində sevinc yerinə qüssə görünür. Çünki həmin anlarda evdə xəstə yatağında olan atasını düşünür. Aldığı gül dəstələrini sinəsinə sıxıb konsert salonundan çıxır. Evə tələsir. Atasını görmək, aldığı gül dəstəsini ona vermək ən böyük arzusudur bu anlarda...
Bu təsirli səhnələr mənə hər kəsdən daha artıq tanışdır. Çünki həmin hekayənin qəhrəmanı mənəm. Xəstə yatağında həyatının son günlərini yaşayan kişi mənim atam – şair Səməd Vurğundur. Onun yatağı başında çırpınan qadın isə anam Xavər xanımdır. Bu əsərdə bir ailənin sıxıntılı günlərinin kədər kölgəsi var və o ailə bizim öz ailəmizdir...
Mənim dirijor Niyaziylə çıxışımdan on dörd gün sonra – 1956-cı ilin 27 mayında atam dünyasını dəyişdi. Konsertdə aldığım gül-çiçək dəstələrinin bəziləri onda hələ də evimizdə qalırdı. O sevinc rəmzi olan güllər atamın tabutu önünə qoyuldu. Həmin günlərdə çəkdiyim mənəvi ağrıları, sən demə, mənim qədər anlayan bir insan var imiş. Bunu qardaşım Yusifin “Güllər” hekayəsini oxuyanda başa düşdüm.
Həmin hekayədə Yusifin “ağıllı, rəhmdil kişi” deyə xatırladığı atamız Səməd Vurğun öz övladlarına zorla nələri isə diktə eləməyə cəhd göstərməzdi. Mən onun qədər demokratik insan görməmişəm. İndi mənim kifayət qədər yaşım var. Həyatım boyu dünya şöhrətli çox yazıçılar, şairlər, alimlər, böyük siyasi xadimlərlə durub-oturmuşam. Ancaq bu qənaətimi heç kim dəyişə bilməyib. Səməd Vurğun heç vaxt bizə deməyib ki, bunu eləyin, onu oxuyun. Caz musiqisinin həvəskarı deyildi. Mənim caz çalmağıma da mane olmurdu. Məktəb yoldaşlarım – Vaqif Mustafazadə və başqaları yığılırdılar bizə. Bəzən səhərədək caz musiqiləri ifa edirdik. Atam bizə heç zaman deməyib ki, bəsdirin, başım partlayır. Bizi heç nəyə məcbur eləmirdi. Yusif də, mən də uşaqlıqdan öz xasiyyətlərimizdəydik, əlbəttə, müəyyən fərqlər var idi. Əvvəla, yaş baxımından o, məndən irəlidəydi. Yəni Yusif dörd yaş məndən böyük idi.
Yusif məndən qabaq Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki musiqi məktəbinə getdi. İstedadlı bəstəkar kimi tanınan Vasif Adıgözəlovla eyni sinifdə oxuyurdu. Ümumiyyətlə, o zaman Mir Cəfər Bağırovun oğlu, Nazirlər Sovetinin sədri Teymur Quliyevin qızı, Rəsul Rzanın oğlu, Məmməd Rahimin oğlu, Osman Sarıvəllinin oğlu, Mirzə İbrahimovun qızı, Sabit Rəhmanın oğlu və qızı, Cəfər Xəndanın oğlu, professor Hadi Mirzəzadənin oğlu, Zülfi Adıgözəlovun oğlanları və daha kimlərin uşaqları konservatoriyanın nəzdindəki musiqi məktəbinin şagirdləriydi. Yusif də səkkiz il orda təhsil aldı. O, skripka sinfində oxuyurdu. Sonra Yusif başqa məktəbə keçdi. Orda da əlaçıydı.
Yusif uşaqlıqda dəcəl deyildi. O, kiçik yaşlarından davranışı, ədalarıyla çoxumuzdan fərqlənirdi. Mən həyətimizdəki yaşıdlarımla müxtəlif oyunlar oynayırdım. Başım qarışırdı onlarla futbol oynamağa, ya da velosiped sürürdüm. Yusifin isə heç vaxt futbol topu, velosipedi olmadı. Bunlara həvəs göstərmirdi. Böyüklərlə dostluq, yoldaşlıq edirdi. On altı yaşından Yusif başına şlyapa qoyub. Onun maraqları artıq başqaydı. Zahirən son dərəcə yaraşıqlı oğlanıydı. Buna görə qızların xoşuna gəlirdi. Yusifi uşaqlığından qızlar ayırdılar. Tez ayırdılar... Elə özü də qızların xətrinə uşaqlığından böyük məmnuniyyətlə ayrılmışdı. Qızların Yusifə olan münasibətinə görə həsəd aparırdım ona bəzən. Çünki qızların mənə münasibəti fərqli idi. O da qısamüddətli...
Yusifin mütaliəsi məni heyrətləndirirdi. Kitabı necə oxumaq lazım olduğunu mən Yusifdən öyrənirdim. Adətən deyirik dahi yazıçı var, orta səviyyəli, yaxud zəif yazıçı var. Bu mənada dahi oxucu da var və bunu Yusifə şamil eləmək olardı. Bir dəfə də onu pərakəndə, əlinə hansı kitab keçdisə onu oxuyan görmədim. Sistemli şəkildə oxuyurdu. Bir də görürdün yazıçı Lev Tolstoyun 40 cildliyini götürür, birincidən axırıncıyadək oxuyurdu. Yaxud Azərbaycan klassiklərindən Cəlil Məmmədquluzadənin çap olunmuş bütün əsərlərini ardıcıl mütaliə edirdi. Bizdə Vilyam Şekspirin hələ Çar Rusiyası vaxtı dərc olunmuş on iki cildliyi var idi. Qədim slavyan əlifbasıyla yazılmışdı. Yusif on iki cildi düzürdü masanın üstünə. Dalbadal oxuyurdu.
Yusif orta məktəbi qızıl medalla bitirdi. Fikri qəti idi. Təhsilini Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirəcəkdi. Onda artıq hekayələr yazırdı. Hətta bir neçəsi çap edilmişdi.
Mən atam Səməd Vurğunun ağlamasını görmüşəm; Yusif Moskvada Ədəbiyyat İnstitutuna qəbul olunanda. O vaxtın qaydalarına görə, məktəbi qızıl medalla bitirənlər ali məktəblərə qəbul vaxtı imtahanlardan azad olunur, yalnız söhbətdən keçirdilər. Yusif sənədlərini Qorki adına Ədəbiyyat İnstitutuna verdi. İnstitutun rektoru Polikarpovla yanaşı bir neçə müəllimin sorğusundan keçdi. Həmin müddətdə atam Ədəbiyyat İnstitutunun dəhlizində dayanıb gözləyib. Sorğu-sual başa çatıb. İçəridəkilər çıxıblar. Təbii ki, Polikarpov da, institutun digər professorları da Səməd Vurğunu yaxşı tanıyırdılar. Onlar qələm yoldaşı idilər. Rektor yaxınlaşıb. Atam ondan soruşub:
– Hə, mənim oğlum necədir?
– İxtiyar məndə olsaydı, oğlunuza elə indi diplom verərdim. Gözəl cavab verdi. Bizim məzunların hamısı birlikdə bu saat sizin oğlunuzun ondabiri qədər bilmir, Səməd Yusifoviç. Oxumurlar...
Övladı barədə Qorki adına Ədəbiyyat İnstitutunun rektorundan bu cür sözlər eşitmək ata üçün qürurdur. Elə onda ağlamışdı Səməd Vurğun.
Bu uğur öz-özünə gəlib çıxmamışdı. Yusifin geniş mütaliə mədəniyyətinin nəticəsiydi. Mütaliə marağı Yusifin öz daxilindən gəlirdi...
1957-ci il idi. Anam, Yusif, mən və Aybəniz qatarla Kiyevdən Bakıya qayıdırdıq. Qonşu kupedə isə bəstəkar Qara Qarayev ailəsiylə idi. Yusiflə vaqonun dəhlizinə çıxdıq. Qara Qarayev də gəldi. Yusiflə Qara Qarayev pəncərənin qabağında dayanıb başladılar söhbət etməyə. Mən də hərdən onlara qoşulurdum. Onda Yusifin iyirmi iki, mənim on səkkiz yaşım var idi. Qara Qarayev kimi böyük sənətkarla söhbət etmək biz cavanlar üçün maraqlıydı. Onu deyim ki, mən gözümü açan gündən neçə-neçə yazıçı, şair görmüşəm. Onların arasında mütaliəsi bəstəkar Qara Qarayev qədər olanını tanımıram. Bəstəkarda olan ədəbiyyat yaddaşını, fəlsəfə yaddaşını mən heç bir yazıçıda görməmişdim. Yusiflə Qara Qarayevin söhbəti bir neçə saat davam etdi. Birdən mən bəstəkarın üzündə heyrət ifadəsi gördüm. Qəflətən dedi: “Allah Səmədə rəhmət eləsin, sizin kimi uşaqlar yetişdirib. Mən bunları bu yaşda bilirəm. Yusif, sən belə cavan yaşında mənim qarşımda dayandın. Mən yaşda olanda sənin qarşında kim dayana biləcək?”
Son dərəcə dözümlüydü Yusif. Həm mənəvi cəhətdən mətin idi. Uşağıydıq. Yusiflə eyni otaqda qalırdıq. Mən uzanmışdım. Yusif gəldi. Öz çarpayısına uzandı. Gördüm bənizi ağarıb. Soruşdum: Sənə nə oldu?
– Qolum sınıb.
Qolunu qaldırdı. Dəhşətə gəldim. Qolu sallanırdı. Mən hay-küy qaldırdım. Atam işdən gəldi. Yusifi həkimə apardılar. Sınıq ağrıları dəhşətli olur. Yusif o ağrılara səssiz-səmirsiz necə dözürdü? Bilmirəm. Sonra Yusifin qolunu harda sındırdığını öyrəndim. Onda biz uşaqların bir əyləncəsi var idi. Tramvayı özümüzə oyuncaq eləmişdik. Keçmiş Fioletov küçəsiylə, yanılmıramsa, 9 nömrəli tramvay keçirdi. Biz uşaqlar tramvay gedə-gedə minir, sonra yerə hoppanırdıq. Əlbəttə, təhlükəli oyunuydu. Neçə uşaq tramvayın altına düşüb ayağını itirdi. Yusif də belə oyunlardan birinin güdazına getmişdi. Qolunu sındırmışdı.
Bir dəfə yenə başına belə hadisə gəldi. Toyundan sonra həyat yoldaşı Nəmidə xanımla Latviyaya, Yurmaladakı yazıçıların Yaradıcılıq evinə getmişdilər. Baltik dənizinin Viqo körfəzinin suyu çox dayazdır. Yusif də Xəzər dənizi kimi bir az gedəndən sonra suya baş vurub. Onda da qolu çıxıb. Yusif sudan çıxanda Nəmidə xanım haray qaldırıb ki, tez təcili yardım çağırın. Yusifin qolu sallanır, dəhşətli ağrıdan nəfəsi kəsilə-kəsilə deyir ki, yox, belə mənim şəklimi çəkdirməsəniz, heç yerə getməyəcəyəm. Fotoqraf tapdırıb. Şəkil çəkdirib... Zarafatından qalmırdı...
Qorki adına Ədəbiyyat İnstitutunda Yusif, Yevgeni Yevtuşenko, Bella Axmadulina, Robert Rojdestvenski bir qrupda oxuyurdu. Yəni Rusiyanın bugünkü şairlərinin, yazıçılarının çoxu onunla eyni kursda oxuyub. Moskva mühiti, tələbəlik illəri Yusifin yaddaşında xoş xatirələrlə iz qoymuşdu.
Onun “220 nömrəli otaq” hekayəsinin qəhrəmanları qürbət yerdə tələbəlik həyatı yaşayan gənclərdir. Mən deyə bilmərəm əsərdəki hadisələr nə qədər realdır. Məlumdur ki, hansısa bədii əsəri birbaşa müəllifin həyatına aid etmək olur. Bəzən isə yazıçı şahidi olduğu, eşitdiyi hadisələri ümumiləşdirir. Yusifin bu hekayəsində də, digər əsərlərində də milli qürur, azərbaycançılıq, vətənpərvərlik hissləri də olduqca qabarıq şəkildə əksini tapıb. Elə bu hisslər idi 1980-ci illərin əvvəlində onu meydana aparan. Yusif Səmədoğlu Azadlıq hərəkatından bəziləri kimi kənarda qala bilərdi. Amma o da, mən də Azərbaycan Xalq Cəbhəsinin təsisçilərindən olduq. Yusif idarə heyətinin üzvü, mən Ağsaqqallar Şurasına seçildim. Azərbaycan Xalq Cəbhəsinin sədrliyinə iki nəfər – Yusif Səmədoğlu və Əbülfəz Elçibəy namizəd oldu. Onda Yusif öz namizədliyini geri götürdü, Əbülfəz Elçibəy seçildi. Yusifdə liderlik xüsusiyyəti, hansısa bir dəstəni öz arxasınca aparmaq yox idi. Onda danışığı ilə insanları inandırmaq bacarığı güclüydü. Öz ideyasını, məqsədini aydın, səlis dildə başa sala bilirdi. Yusif ünsiyyətcillikdə misilsiziydi. Bu xüsusiyyət atamda da var idi. Onun ünsiyyətcilliyi yadıma düşəndə indi də heyrətlənirəm. Beş dəqiqə kifayət idi ki, Səməd Vurğun tanımadığı adamla dostlaşsın, hətta onunla oturub çörək kəssin. Yusif də beləydi. Mən onlar qədər ünsiyyətcil deyiləm.
Yusif təhsilini tamamlayandan sonra ilk iş yeri “Azərbaycan” jurnalı oldu. Onda həmin jurnalın baş redktoru Əbülhəsəniydi. Sonra Yusif “Kommunist” qəzetində, “Kinostudiya”da, “Ulduz” jurnalında, “Azərbaycan” jurnalında baş redaktor, Azərbaycan Yazıçılar İttifaqının (indiki Azərbaycan Yazıçılar Birliyi – red.) katibi oldu. Səməd Vurğunun oğlu olması ədəbiyyat aləmində ona kömək etdimi? Nə bilim... Tutaq ki, Yusifin baş redaktor təyin edilməsi məsələsi həll olunurdu. Onda belə məsələlər Yazıçılar İttifaqının deyil, Mərkəzi Komitənin səlahiyyətində idi. Bəlkə də onda nəzərə alıblar ki, özü də yaxşı oğlandır, istedadlı yazıçıdır, həm də şair Səməd Vurğunun oğludur. Amma Yusif özü bilə-bilə Səməd Vurğunun adından istifadə etməzdi.
Bir dəfə bizi toya çağırmışdılar. Çoxdan tanıdığımız ailəydi. Yusiflə anam getdilər. Yusif toyda gəlinin – Aliyə xanımın bacısı Nəmidə xanımı görüb. Qız ürəyinə yatıb. Toydan qayıdanda dedi ki, onunla evlənəcəyəm. Yanılmıramsa, üç-dörd gün sonra anamgil elçiliyə getdilər. Atası Qurban əmi çox ləyaqətli, mərd adam idi. Uzun müddət Gəncə milisinə rəhbərlik edib. Çekistiydi, polkovnikiydi. Gəncədə yaşlı adamlar onun başına and içirlər. Deyirlər ki, Qurban kişinin qabağına bir vaqon qızıl töksəydin, baxmazdı. Anam əvvəlcə Nəmidə xanımın anası Həcər xalaya elçilik elədi. Sonra Yusiflə Nəmidə xanım nişanlandılar. Evləndilər. İki övlad ata-anası oldular. Yusif qızlarının ikisinə də atamızın əsərlərindən ad seçdi. Qızının birinin adını Mehriban, o birinin adını Humay qoydu. Humay atamın “Komsomol poeması”nda surətdir.
Yusif əsər üzərində işləyəndə planlarından mənə, bir də dostu Anara danışırdı. Atamın “Komsomol poeması” əsasında “Yeddi oğul istərəm” filminin ssenarisini yazanda da mənim fikrimi öyrəndi. Ssenaridə belədir: Cəlal Humayın güdazına gedir. Öldürülür. Yusif məndən soruşdu:
– İndi Bəxtiyar neyləməlidir?
– Bilirsən nə var, qağa? Bəxtiyar nə olsun komsomolçudur? Aristokrat deyil ki. Kəndçi balasıdır da. O, qızı iti döyən kimi döyər.
– Hə...
Təəssüf ki, sözlərim Yusifin xoşuna gəldi və mənim dediyim kimi yazdı. İndiyədək buna peşmanam. Çünki həmin filmə baxan tamaşaçıların ən çox bəyənmədikləri mənim məsləhətimlə yazılmış səhnə oldu. Yadınızdadırsa, Cəlalın ölümündən təsirlənən Bəxtiyar “Dişi canavar!” deyib Humayı qamçılayır. Camaatın xoşuna gəlmədi ki, niyə Bəxtiyar qızı qamçıyla döyür. Amma mən indi də düşünürəm ki, Bəxtiyar elə hərəkət eləyərdi.
Səməd Vurğunun yazdığı “Komsomol poeması”ndakı komsomolçuları tanıyırdım. Sarı Şəmistanın, Bəxtiyarın və digər komsomolçuların prototiplərini görmüşəm. Artıq yekə kişidirlər. Hamısı vurub-kəsən, mərd adamlarıydı. Onların neçəsi 1937-ci ildə həbs olundu, güllələndi...
Bir az yazmaqda Yusif vasvasıydı. Az yazıb... Ancaq gəlin etiraf eləyək ki, gözəl yazıb. “Yazıçı mətbəxi” deyilən bir ifadə var. Heç kəs yazıçının daxili aləminə müdaxilə eləyə bilməz. Yusif bir oturuma işləyən yazıçı idi. Mövzunu, materialı uzun zaman içində gəzdirirdi, yığıb-yığıb birdən işləyərdi. Yadımdadır, “Qətl günü”nün əlyazmasını oxuyanda hiss etdim ki, Yusif hansı ağrılarla yaşayıb.
Mən çağdaş Azərbaycan yazıçıları arasında Yusif qədər tibdən baş çıxaran bir şəxs tanımıram. O, bu məharətini “Qətl günü”ndəki ölüm səhnələrinin təsvirində göstərə bilib. Psixiatriyanın, eləcə də təbabətin bir çox sahələrini xüsusi öyrənmişdi.
Yusif Səmədoğlunun “Qətl günü” romanı, ümumiyyətlə, bizim Azərbaycan ədəbiyyatı üçün mərhələli əsər oldu. Qələmə aldığı hekayələrdə də Yusifin mövzuya özünəməxsus yazıçı münasibəti, yanaşması var.
Təəssüf ki, Yusifə “Deyilənlər gəldi başa” adlı romanını tamamlamağa ömür möhlət vermədi. Mənə deyirlər ki, onu davam eləyə bilərsinizmi? Yox, yox, heç vaxt. Yusifin ədəbi dili başqadır, mənimki tamam başqa. Üstəlik, mən bilmirəm o nə şəkildə düşünmüşdü romanı, planları necə idi. Bütün bunların hamısını Yusif özüylə apardı... Yazıçılar var ki, roman yazanda çox dəqiq plan qururlar, hətta fəsillərin qısa məzmununu da yazırlar. Amma Yusif improvizə edən yazıçı idi...
Mən Yusifin özündən icazə alıb başqa şey elədim. Onun “Bayatı-Şiraz” hekayəsi var. Onun qəhrəmanları – sovet dövrünün üç nəfər pullu adamı restorana gəlib yeyib-içir. Restoranda balaca musiqi dəstəsi çalır. Qəflətən yeyib-içənlərdən birinin ağlına gəlir ki, kontrabasda “Bayatı-Şiraz” çaldırsınlar. Çağırırlar Səbzəli adında kontrabasçalanı yanlarına. Ona deyirlər ki, “Bayatı-Şiraz” çal. Səbzəli təəccüblənir ki, kontrabasda da “Bayatı-Şiraz” çalarlar? Ona elə pul təklif eləyirlər ki, düşünməli olur. Evinin, arvad-uşağının qayğılarını yadına salır, güzəştə getməli olur və kontrabasda “Bayatı-Şiraz” çalır.
Mənim “Yayda qartopu oyunu” pyesimin çox şıltaq, həddindən artıq nadinc və guya xəstə, ölümünü gözləyən qəhrəmanı var. Onun yanına dostları gəlib-gedir. Düşündüm, bunlar elə Yusifin hekayəsində Səbzəliyə kontrabasda “Bayatı-Şiraz” çaldıranlar olsunlar. Onda Yusifə zəng eləyib icazə istədim. Dedi: “Nə olar, onları dirilt də”. Belə elədim... Birdən “Yayda qartopu oyunu”nun şıltaq, xəstə qəhrəmanının yadına Səbzəli düşür. Dostuna deyir ki, yadındadır, bir dəfə restoranda kontrabasçıya “Bayatı-Şiraz” çaldırdıq. Bax, yenə onu istəyirəm. Həmin Səbzəlini tapıb gətirir, onun qapısı ağzında yenə kontrabasda “Bayatı-Şiraz” çaldırırlar.
İndi başqa ideyam var. Səməd Vurğunun “Vaqif” əsərində şair Vaqif, Yusif Səmədoğlunun “Qətl günü”ndə Sədi Əfəndi surətləri var. Mənim, Vaqif Səmədoğlunun “Bəxt üzüyü” əsərinin isə şair Moşu Göyəzənlisi var. Bir əsər yazmaq istəyirəm. Bu üç qəhrəmanı – Molla Pənah Vaqifi, Sədi Əfəndini və Moşu Göyəzənlini görüşdürmək fikrindəyəm. Görək hansı qələbə çalacaq. Amma mənə elə gəlir ki, qalib Moşu olacaq. Çünki son dərəcədə sırtıq və istedadsız adamdır. İndi bu əsəri yazmaq fikrini beynimdən keçirə-keçirə yenə Yusifi arzuladım. Onun sözlərinə ehtiyac duydum... Onu da deyim ki, Yusif müasirləri ilə müqayisədə yaradıcılığı ən az tədqiq olunan yazıçıdır.
Yusiflə ədəbiyyatla, xüsusilə də siyasətlə bağlı fikirlərimiz bəzən üst-üstə düşmürdü. Buna o da normal baxırdı, mən də. Yusif də atam kimi son dərəcə demokratik adamıydı. Heç vaxt deməzdi: “Onu eləmə, bunu eləmə”. Amma mən, əlbəttə ki, böyük qardaş olduğu üçün ona hər sözü demirdim. Mən Yusifin yanında birinci dəfə ikinci kursda oxuyanda siqaret çəkmişəm. Onda da özü məcbur elədi. Dedi: “Bu nədir? Hər dəqiqə uşaq kimi durub çıxırsan bayıra”. Bu da atamın tərbiyəsiydi. Böyük qardaşa münasibət, bəndi-bərəni gözləməyi öyrənmişəm. Son vaxtlaradək də belə oldu. Bir də görürdün, yeddi-səkkiz kişi otururduq. İçki məclisidir də, hamı gülməli söhbətlər edir, lətifələr danışır. Yusif lətifə danışmaq istəyəndə mənə baxırdı. Yəqin, danışacağı lətifədə nə isə qeyri-etik sözlər olacaqdı. O əlli səkkiz yaşlı kişi mənə, əlli dörd yaşlı kişiyə deyirdi: “Dur çıx bayıra”. Mən də çıxırdım. Hamı buna gülürdü.
“Qətl günü”ndə “Dərd gələndə batmanla gəlir” yazırdı Yusif. Dərd, ağrı-acılar onu da belə haqladı. Azərbaycanın Prezidenti Heydər Əliyev onu dövlət hesabına Almaniyaya müalicəyə göndərdi. Yusifi ora Nəmidə xanım və qızı Mehribanın həyat yoldaşı Aqşin apardılar.
Yusifgil Almaniyada olanda Aqşin mənə zəng etdi. Vəziyyəti danışdı: “Bir professora göstərdik, yoxladı, başqa professorun yanına göndərdi. O da başqasına deyib, sabah gedirik onun yanına”. Mən dedim: “Aqşin, yaxşı”. Ağladım. Ona bildirmədim. Başa düşdüm ki, bitdi... Həkimlər işıq ucu tapmayıblar. Yusifgil müayinələrdən sonra qayıdıb gəldi. Üç ay sonra – 1998-ci il avqustun 16-da vəfat etdi.
...Dözümlü insanıydı Yusif. Dözümünü sonadək qoruyub saxladı. Son iki gündə yatağından qalxa bilmirdi. Bütün günü ona qulluq eləyənlərdən elə hey üzr istəyirdi. Xəcalət çəkirdi kiməsə əziyyət verir, kimsə buna qulluq eləyir. Demirdi. Gözlərindən görürdüm.
Qardaşı olmaqla bərabər, biz həm də dostuyduq. Onun ölümü mənim üçün həm də dost itkisi oldu. Yusif Səmədoğluna deyiləcək çox sözlərim qaldı. Amma özünə deyə bilmədiyim üçün sizə də deməyəcəyəm...
Yusif Səmədoğluna
Yorğunluq axşamıdır,
Böyüyüb saat səsi.
Evdə təkcə özüməm,
Gözləmirəm heç kəsi.
İçimdə baş qaldırıb,
Yenə də ölüm eşqi.
Ümid dərsləri bitib,
Qurtarıb arzu məşqi.
Qızardılmış mal əti,
Bir az gürcü çaxırı.
Ya günün əvvəlidir,
Ya da ömrün axırı.
Bərq vuran tülkü gözü,
Sönməz həyat şamıdır.
Böyüyüb saat səsi,
Yorğunluq axşamıdır...
“Ədəbiyyat və incəsənət”
(08.03.2025)