NİGAR RƏFİBƏYLİ – Anara məktub Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir:

 

NİGAR RƏFİBƏYLİNİN ANARA MƏKTUBU

 

Anarım!

Səni anadan olduğun gün münasibətilə təbrik edir, bağrıma basır, bərk-bərk öpürəm. 26 il əvvəl sən yox idin, mən tək və kimsəsiz idim. Sonra sən dünyaya gəldin, təsəvvür edə bilməyəcəyin qədər sevinc gətirdin, ümid və məna gətirdin, sağ ol, oğlum, dostum və yoldaşım... Anarım, hərənin bu dünyada bir ehtirası var, mənimki yalnız əməkdir, çox kiçik yaşlarımdan zəhmətə öyrəndiyim üçün işsiz dayana bilmirəm. Ömrümün bir hissəsi yazı masası arxasında qalın-qalın kitabların tərcüməsi, mütaliəsi ilə keçib, zalım ürək vəfasız çıxdıqdan sonra isə mən mətbəxə, piltə başına keçmişəm. Mən havayı çörək yeməmişəm. Əgər paltar təknəsinin arxasında, piltə başında, yaxıd yazı stolumun arxasında ölsəm, özümü ən xoşbəxt adam hesab edərdim. Bu günə qədər heç kəsə yük olmamışam, bu gündən sonra da olmaq istəmirəm. Bu sözlərin səmimi olduğuna inan. Bilmirəm bunları sənə nə münasibətlə yazıram, ancaq üzündə istehzalı təbəssüm görürəm. Əgər yersiz söhbətdirsə, bağışla. Zemfiraya çoxlu salam... Öpürəm bərk-bərk.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.