“Nyu-York Tayms bestsellerləri” seriyasından növbəti kitab işıq üzü görüb. Yəhudi əsilli amerikalı Edit Yeva Egerin “Seçim” kitabı. Kitabın üz qabığını “İnsan azadlığı və insanın daxili qüvvəsi barədə ən güclü kitablardan biri” kəlmələri bəzəyir.
Moskvada dərhal kitabın rusca tərcüməsi işıq üzü görüb, ölkəmizə Rusiyadan kitab idxalı yüksək səviyyədə olduğundan, yəqin ki, yaxın günlərdə kitabsevərlərimiz bu şedevrlə tanış ola biləcəklər.
On altı yaşında Edit Eger özünə balerina karyerası arzulayırdı, ancaq teatr səhnəsi əvəzinə qızı Auşvits konslageri gözləyirmiş. Avropa faşizm əsarətindən müdhiş əziyyətlər çəkən dövr idi. Auşvitsdə Edit qaz kamerasında həlak olan valideynlərini itirdi. Ölüm doktoru adını almış Yozef Mengele qarşısında biçarə qız bir çörək bulkası üçün rəqs etmək məcburiyyətində qaldı. Bacısıyla birlikdə ölüm düşərgələrində həyat üçün mübarizə aparırdı. 1945-ci ilin yazında Edit artıq Avstriyanın Hunskirchen konslagerində idi. Müharibə bitmək üzrəydi. Məğlub olmaqda ikən almanlar əsirləri də məhv edirdilər. Burada amerikalı xilasedicilər ölü cəsədlərin yığınları arasında bir qız tapdılar. Bu Edit idi.
O, sağ qalmağı bacardı. Bir ailə qurdu, dünya şöhrətli psixoloq oldu. Amma keçmişini unutmalı və bağışlamalı oldu, eləcə də keçmişin dəhşətləri haqqında danışmamağı öyrəndi. Doğrudanmı, yeganə çıxış yolu ömrünün sonuna qədər öz qorxularını və günahkarlıq hisslərini həbsxanaya salmaq idi? Amma içi göynəyirdi, keçmiş xatirələr onu üzürdü.
Nəhayət, Edit fərqli bir seçim seçmək qərarı verdi. Otuz beş il sonra o, uzun illər ittiham etdiyi insanı bağışlamaq üçün Auşvitsə qayıtdı. Bu adam Hitler deyildi. Mengele də deyildi. Özü idi.
Bu seçimi etdikdən sonra Edit Eger şəfa tapmağı bacardı. O vaxtdan bəri bu qadın travmatik stress pozuqluqlarından əziyyət çəkən insanlara daxili iblislərdən azad olmaq yolunu tapmağa kömək etdi. Onun fəaliyyətinin nəticəsi “Seçim” adlı kitabı yazmaq oldu.
Bu kitab yalnız bir insanın holokost xatirələri deyil, qəhrəmanlıq və müqavimət, mərhəmət və şəfa barədə unudulmaz ağrı salnaməsidir.
Qeyd edək ki, müəllif özü haqq dünyasına qovuşduğundan kitabının premyerasını görə bilmədi.