MƏZARDA YATAN SEVGİ - Fidan və Fatehin nakam sevgi hekayəsi Featured

İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” üçün

 

 

İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktorudur, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, "Zəfər" Media Mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Məzarda yatan sevgi” janr etibarı ilə povest adlandırıla bilər, biz bir neçə gün dalbadal hissə-hissə povesti sizlərə təqdim edəcəyik ki, sizlər Fidan və Fatehin nakam sevgi hekayəsindən xəbərdar olasınız.

 

10-cu paylaşım

 

 

(Həyatda nakam sevgiyə mübtəla olanlara ithaf olunur!)

 

 

      Oradan bir-başa Fidanın yaxın qohumlarından birinin müşayiəti ilə dəfn olunduğu məzarlığa üz tutdu. Payız fəslində günün son saatları və günəşin batdığı anlar idi. Bu gün sözün əsil mənasında sıxıcı və üzücü sayılırdı. Fateh bir vaxtlar günəşli və ürəkaçan bir gündə görüb bəyəndiyi və sevdiyi xanımla indi günəşin batdığı sıxıcı bir anda vidalaşmağa gəlmişdi. İlk öncə onun dəfn olunduğu məzarın yaxınlığındakı ağaclardan birinə söykənib Fidanın məzarına acı həsrət və göz yaşları ilə baxdı. Sonra nə qədər acı olsa da, onun məzarının qarşısında diz çöküb hönkürtü ilə ağlamağa başladı. Amma bu göz yaşları, bu fəryad və bu acılıq Fidanı bir daha bu dünyaya qaytara bilməzdi.

İllər öncə onun uzun illik saf sevgisinə xəyanət etmiş Fidanı həyatından silsə də, əslində onu tam unuda bilmir və ürəyinin bir guşəsində saxlayırdı. Çünki həqiqi, həm də ilk sevgi daş üzərinə həkk olunan yazı kimi qalır. Heç bir olay, heç bir hadisə və heç bir qərar onu poza bilmir, silib-aradan aparmır. Buna görə Fateh indi məzarda yatan sevgisi üçün göz yaşı tökür, ah-nalə çəkirdi.

O, Fidanın məzarı üzərində onunla danışıb ürək sözlərini, qəlbindən keçən kədərlərini göz yaşları ilə söyləməyə başladı:

"Fidan! Mən səni məzarında ziyarət etmək üçün sevmədim. Mən səni vidalaşıb-getdiyin bu dünya həyatında həqiqətən sevmişdim, mən sənə həqiqətən bağlanmışdım. Düşünürdüm ki, gec də olsa qovuşub xoşbəxt olarıq. Amma sən özünə tam başqa yol seçdin, məni və sevgimi görməzdən gəlib ayrı yolları, başqalarını seçdin.

Fidan! Mən hər şeyə rəğmən səni əfv etmişdim. Kaş sənsizliyin və təmiz sevginin nakam qalmasının nə olduğunu anlaya bilərdin. İndi isə rahat uyu məzarda yatan nakam sevgim! Rahat uyu! Mən də nə vaxtsa bu dünyadan köçüb o tərəflərə gələcəm. Amma o vaxta qədər bu fani həyatda nələr çəkəcəyimi və necə yaşayacağımı heç özüm də bilmirəm..."

Bu zaman acizanə halda üzünü göyə tutdu. Göydə cənuba doğru hərəkətdə olan durna qatarı və onların səsini izlədikcə qəm-qüssəsi, kədəri neçə bərabər oldu. Durnalar köç etdiyi kimi ilk eşqinin də, artıq bu dünyadan köçüb əbədiyyətə qovuşduğunu düşündü və ağlamağa davam etdi. Sonra dünyanın fani və vəfasız olduğunu bir daha xatırlayıb kədərli və gözüyaşlı halda ayağa qalxdı, məzarlıqdan çıxıb evə tərəf dönməyə qərar verdi.

Məzarlıqda bir neçə addım atandan sonra birdən gözləri bir məzar daşı və onun üzərindəki fotoşəkil və yazılara sataşdı. Bu, onu 2016-cı ildə Fidanın vəfasızlığına görə intihar etmək istəyərkən öz müdrik sözləri və dəyərli məsləhətləri ilə fikirindən daşındırmış Qorduq əminin məzarı idi. Fateh dərhal məzara yaxınlaşıb onun məzar daşı üzərindəki şəkilinə və yazılara baxdı. Məzarı üzərində kədərlə dua oxuyan zaman daş üzərinə həkk olunmuş yazıları nəzərdən keçirirdi. Bu zaman isə sanki şoka düşən halda gözlərini açıb yenidən yazıları təəccüblə oxudu:

 

Qayıdış yalnız Ulu Tanrıyadır!

Qorqud Elturan

(31.05.1916 - 15.01.2001)

 

Əslində Fatehi təəccübləndirən məsələ Qorqud əminin hələ 20 il bundan öncə vəfat etməsi idi. Halbuki o, Fidanın ona sayğısızlığı və xəyanətinə görə həyatdan bezib 2016-cı ildə intihara qərar verərkən o aylı gecədə öz müdrik sözləri ilə onu bu yanlış işdən saxlayan müdrik şəxs hələ o zaman 15 il öncə dünyasını dəyişmiş və əbədiyyətə qovuşmuşdu...

SON

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.