İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” üçün
İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktorudur, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, "Zəfər" Media Mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Məzarda yatan sevgi” janr etibarı ilə povest adlandırıla bilər, biz bir neçə gün dalbadal hissə-hissə povesti sizlərə təqdim edəcəyik ki, sizlər Fidan və Fatehin nakam sevgi hekayəsindən xəbərdar olasınız.
9-cu paylaşım
(Həyatda nakam sevgiyə mübtəla olanlara ithaf olunur!)
Payızın xəzanlı bir günündə axşam saatlarında 5 illik fasilədən sonra telefonuna tanımadığı bir nömrədən belə bir mesaj gəldi:
"Salam Fateh! Mən yaxşı deyiləm. Bəlkə də, son günlərimi, son saatlarımı yaşayıram. Səni görmək, səndən halallıq almaq istəyirəm... Fidan!"
Fateh qəfil gələn bu mesajı oxuyarkən çox narahat oldu. Çünki onun həyatını alt-üst edib sevgisinə sayğısızlıq etmiş Fidanı zahirən həyatından silsə də, onun həyatda acılıq çəkməsinə əsla razı deyildi. Bir müddət Fidanı görmək üçün ona baş çəkməyi götür-qoy etsə də, bir qərara gələ bilmirdi. Ürəyinə belə bir fikir gəlirdi ki, bəlkə də bu, Fidanın onu yenidən özünə qaytarması üçün qurduğu bir "plan"dır... Ona görə də, Fidanın yolladığı mesaja çox da ciddi yanaşmadan silmək qərarına gəldi. Amma nədənsə ürəyində bir acılıq, həsrət və narahatçılıq hissi var idi. Çünki sildiyi mesaj həqiqətən də, ciddi ola bilərdi.
Fidanın görüşünə getməyə qərar verməzdən 1 gün öncə gecə saatlarında narahatçılıq hissləri keçirərkən sanki ürəyindən nəyinsə qopduğunu hiss edib, çox yüksək gərginlik keçirdi. Bir tərəfdən neçə il öncə əməliyyat olunmuş ürəyində ağrı hiss edir, digər tərəfdən də, ömründə görmədiyi səviyyədə qəm-qüssə və kədərə qərq olmuşdu. O, bunun daha çox ona xəyanət etmiş bir xanımın görüşünə getməyin əbəs olduğu və keçmiş hislərinin yenidən oyanması ilə bağlı olduğunu fikirləşirdi.
Nəhayət, sabahsı gün Fidana baş çəkmək barədə ciddi qərar verib günortadan sonra bir dəstə gül və onun çox sevdiyi konfetdən 1 qutu alaraq yaşadığı mənzilə doğru hərəkət etdi. Onun yaşadığı binaya yaxınlaşanda binanın həyətində çoxlu adamların toplaşdığını görüb narahat olmağa başladı. Bir az yaxınlaşdıqda orada yas mərasimi üçün ağ rəngli çadırın qurulduğu, binanın həyətində isə bir neçə xanımın nalə çəkib uca səslə ağladığını gördü. Orada uca səslə ağlayan xanımlardan biri Fidanın bibisi idi.
Dərhal əlindəki gül və şirniyyatı yaxınlıqdakı oturacağın üzərinə qoyub insanların toplaşdığı yerə yaxınlaşdı. Əslində ora toplaşanlar Fidanın dəfn mərasimindən qayıdan yaxınları, dostları və qonşuları idi. Fidan isə dünən gecə saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişmişdi.
Rəfiqəsinin söylədiyinə görə, Fidan ilk uğursuz evliliyindən sonra tüfeyli həyat tərzinə üz gətirmiş və ayrı-ayrı şəxslərlə yaxın münasibətdə olduğundan yoluxucu xəstəliyə tutulmuşdu. Müalicənin gedişatı zamanı onun xərçəng xəstəliyinə tutulduğu da, aşkarlanmışdı. Bütün bu yanlış münasibətlər isə onu yoluxduğu ağır xəstəlikdən qurtara bilməmişdi.
Fateh Fidanın yaxın rəfiqəsindən onun dünən gecə saatlarında vəfat etdiyi xəbərini eşidən kimi, gecə saatlarında qəlbindən qopan şiddətli ağrı və yüksək kədər və qəm-qüssəyə düşməsinin əsil səbəbini anlamağa başladı.
O, Fidanı həyatından silib ona qarşı olan sevgisinə son qoysa da, bu xəbərdən çox sarsıldı və özündən asılı olmadan ürəkdən ağlamağa başladı. Fidan ona nə qədər hörmətsizlik və nə qədər xəyanət edib həyatını alt-üst etsə də, uzun illər boyu qəlbində sevib-yaşatdığı bir xanım idi. İndi onun ölüm xəbərini eşitmək və onun yas mərasimində iştirak etmək Fateh üçün heç də, asan həzm ediləcək bir xəbər deyildi...
Sonu sabah dərc ediləcək
“Ədəbiyyat və incəsənət”
(30.01.2025)