MƏZARDA YATAN SEVGİ - Fidan və Fatehin nakam sevgi hekayəsi Featured

   

İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” üçün

 

İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktorudur, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, "Zəfər" Media Mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Məzarda yatan sevgi” janr etibarı ilə povest adlandırıla bilər, biz bir neçə gün dalbadal hissə-hissə povesti sizlərə təqdim edəcəyik ki, sizlər Fidan və Fatehin nakam sevgi hekayəsindən xəbərdar olasınız.

 

8-ci paylaşım

 

 

(Həyatda nakam sevgiyə mübtəla olanlara ithaf olunur!)

 

                                               

Gecə saatlarında kimsə duymasın deyə sakitcə pillələrdən 9 mərtəbəli binadan yuxarı qalxıb binanın çardağına çıxdı. Gecə saatları idi. Amma ayın işığı binanın üstü və ətrafını işıqlandırmışdı. Soyuq-mülayim külək əsirdi. O, binanın tin hissəsinə yaxınlaşıb yavaşca dəmirdən qurulmuş su çəninin üzərinə qalxdı. Qaranlıq, amma göz vuran ulduzlarla dolu olan səmaya baxaraq ötən illərini, nakam sevgisini və həyatda üzləşdiyi dözülməz acılıqları düşünüb həyata əlvida söylədi. Özünü hündürmərtəbəli binadan yerə atmaq istəyən zaman qəfildən sağ tərəfdən mülayim və ürəkoxşayan bir səs eşitdi.

- Oğlum səbirli ol! Bu, son deyil!

Fateh diksinib dərhal səs gələn səmtə tərəf döndükdə arxada sağ tərəfdə balaca xalça üzərində səmimiyyət və təvazökarlıqla əyləşmiş bir qoca kişini gördü. Ay işığı onun üzünə düşdükcə çöhrəsi ay parçası kimi işıldayırdı. Fateh çox fikirli və kədərli olduğundan ətrafa yaxşı baxmamış və onu qaranlıqda sezə bilməmişdi...

- Adın nədir?

- Fateh.

- Fateh! Çox gözəl adın var. Sən fəth edən, qalib olan bir oğulsan. Amma bu hərəkətin fatehliyə heç yaraşmır! Sanki zəif və məğlub kimi görünürsən oğlum...

- Əmi! Axı siz mənim nə çəkdiyimi heç bilmirsiz...

- Mən də insanam bala. Mən də bu həyatda nakamlıq, vəfasızlıq, çətinlik və acılıqlar görmüşəm. Amma heç bir zaman zəiflik etmədim və təslim olmadım.

Fateh bir az dayanıb sanki sarsılmış kimi fikirə getdi. Qoca kişidən eşitdiyi sözlər onu bir anlıq intihar fikirindən çəkindirmişdi. Çənin üzərindən aşağı enib qoca kişiyə yaxınlaşdı, onun yanında əyləşdi.

- Əmi siz kimsiz, burada nə işlə məşğulsuz?

- Adım Qorquddur. Mənə Qorqud Elturan deyirlər. Gözətçiyəm. Bu həyatın acılıqlarından ürəyim sıxıldığı üçün bura gələrək açıq səma altında Tanrı ilə danışıb dua edirdim ki, birdən sən gəldin. Bilsəydin, açıq səma altında Tanrı ilə danışmağın insan üçün nə qədər mənəvi həzzi var. Bilirsənmi, oğlum insan açıq səma altında dayanıb göylər və kainatın əzəmətini seyr etdikdə, özünün və eləcə də üzləşdiyi problemlərin nə qədər kiçik və cılız olduğunu anlayır.

Fateh olanları, həyatında üzləşdiyi nakamlığı qocaya danışdıqda qoca üzünü ona tutub dedi:

- Bala, bax indi sən özünü yerə atsan, bu həyatdan zəif və məğlub olaraq gedəcəksən. Ardınca hər kəs bir söz danışacaq. Bu həyata bircə dəfə gəlirik. Onu doğru yaşamalıyıq. Nəsə uğursuzluq varsa səbəbi daha çox biz özümüzük. Əgər müqəssir özünsə, səhvini axtarıb tap və onu ağıllı-məntiqli şəkildə aradan qaldır. Bax əsil fatehlik budur!

Yox əgər üzləşdiyin çətinlikdə səbəbkar sən özün deyilsənsə, o zaman səbirli və təmkinli olmağa çalış. Zaman özü belə hallarda ən gözəl məlhəmin olacaq.

Kimsə sənə və həqiqi sevginə sayğısızlıq edidsə, unut getsin! Demək ki, o şəxs sənin sevginə layiq deyilmiş. Zorla sevgi olmaz axı.

Qoca kişi sözlərinə belə davam etdi:

"Dediklərindən belə anladım ki, sən uzun illər görmədiyin bir qızı görən kimi ona sevgini və evlənməyi təklif etmisən. Halbuki bir az səbirli olmalı, onu ətraflı araşdırıb-tanımalı idin. Yalnız tam əmin olduqdan sonra addım atmalı və təklifini ona deməli idin. Hər halda şükür et ki, evlənməzdən öncə məsələ beləcə bitib. Sən bütün bunları bilmədən o xanımla evlənəndən sonra sənə qarşı xəyanətləri üzə çıxsaydı, nələr çəkərdin və nə edərdin? Heç bunu düşünmüsənmi? Bunu düşün və bil ki, Tanrı səninlədir.

Həm də ki, o daşıdığın canı sən yaratmamısan ki, indi də ona qıyasan. Bu can da, bu cisim də, bu həyat da Ulu Tanrının sənə bəxş etdiyi bir əmanətdir.

Sən bir xanımın vəfasızlığından təngə gəlib Ulu Yaradanın sənə əmanət etdiyi bu can əmanətinə qarşı vəfasızlıq etməklə (intiharla) problemi həll etməyə çalışırsanmı? Bala! Vəfasızlıq qarşısında böyük vəfasızlıqla, xəyanət qarşısında böyük xəyanətkarlıqla problem həll olarmı?"

Fateh müdrik qocanın bu sözlərindən təsirlənib ürəkdən ağlamağa başladı. Başını qaldırıb göyə və göydə parlayan aya və ulduzlara baxıb ürəkdən ah çəkdi. Qoca kişi əlini onun çiyininə qoyub təsəlli verdi və ağlamağın bəzən insan qəlbinə səfa və hüzur gətirdiyini söylədi...

Fateh bundan sonra özünə gəlib yanlış qərar verdiyini anladı, müdrik qocanın əlini öpüb evə döndü... Amma bundan sonra o qocanı nə qədər axtarsa da, heç vaxt onu tapa bilmədi. Hətta, bir neçə dəfə gecə çağı yaşadığı binanın çardağına qalxıb onu axtarsa belə heç vaxt o müdrik qocanı görə bilmədi...

 

Aylar, illər ötdü. Fateh iş yerində çalışan bir xanımla ailə həyatı qurdu və bu evlilikdən onların bir qız övladı da, dünyaya gəldi. Bu evlilik Fatehin ikinci ailə həyatı olsa da, ümumi baxımdan uğurlu ailə həyatı sayılırdı. Əslində Fateh ilk məhəbbətə inanır və insanın yalnız ilk məhəbbəti ilə xoşbəxt ola biləcəyini düşünürdü. Amma bəzən insanın özündən asılı olmayan amil və ya amillər nəticəsində ilk məhəbbəti nakam qalır və beləliklə də, ayrısı ilə evlənmək məcburiyyətində qalır. Fateh hal-hazırda həmin durumda idi.

Hər şeyə rəğmən öz həyatını yaşayır, ixtisasına uyğun olaraq heykəltaraşlıqla məşğul idi. Bu müddət ərzində ölkə daxili və xaricində bir neçə möhtəşəm sərgisi təşkil olunmuşdu. Hətta, yaşadığı mənzilinin bir guşəsində özünə kiçik heykəltaraşlıq emalatxanası da qurmuş, ara-sıra orada çalışırdı.

Bir neçə ildən sonra Fateh öyrəndi ki, Fidan çalışdığı şirkətdə işçi yoldaşı ilə ailə həyatı qurub. Amma avtomobil qəzasında iki ayağını itirmiş ikinci ərini və həmin ərindən dünyaya gəlmiş övladını tərk etməyə qərar verib. Bir müddət tək yaşadığına, stres və narahatçılarlara qapıldığına görə ağır xəstəliyə düşüb.

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.