MƏZARDA YATAN SEVGİ - Fidan və Fatehin nakam sevgi hekayəsi Featured

İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” üçün

 

 

İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktorudur, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, "Zəfər" Media Mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Məzarda yatan sevgi” janr etibarı ilə povest adlandırıla bilər, biz bir neçə gün dalbadal hissə-hissə povesti sizlərə təqdim edəcəyik ki, sizlər Fidan və Fatehin nakam sevgi hekayəsindən xəbərdar olasınız.

 

6-cı paylaşım

 

 

(Həyatda nakam sevgiyə mübtəla olanlara ithaf olunur!)

 

                                               

 

Fidan bir az müqavimət göstərsə də Fateh onun mobil telefonunu əlindən aldı. Əlindən telefonu alınan kimi üz gizgiləri birdən-birə dəyişməyə başladı. Çünki Fatehin orada nələr görəcəyini sanki yenicə anlamışdı. Fateh telefonu açıb mesaj bölməsi və eləcə də, sosial şəbəkə hesabına daxil oldu. Amma həmin bölməyə daxil olanda uzun illər boyu bütün varlığı ilə sevib qəlbində bəslədiyi, həm də, son iki ay ərzində dəfələrlə ona olan sevgisini etiraf etmiş bir xanımın öz sevgisində səmimi olmadığına, əslində isə Fatehi öz xəyanətinə qurban verdiyinə tam əmin oldu.

Fidan Fatehen xaricdə olduğu müddət ərzində tam başqa bir oğlanla mesajlaşır, danışır və görüşürmüş. Bu da onun telefonuna iki dəfə ayrı vaxtda Fatehin yanında olarkən zəng edən və özünün söylədiyinə görə, guya internetdə yenicə və təsadüfən tanış olduğu oğlandan tamamilə fərqli bir şəxs idi. Orada sevgi etirafından tutmuş hər şeyə (xəyanət mesajları, fotolar və s.) qədər hər bir sübut var idi...

Fateh mesajların dəqiq tarixi və ehtiva etdiyi yazılara nəzər saldıqda, arada Fidan tərəfindən yazılmış bir neçə mesajın və eləcə də, yollanılan bəzi fotoşəkillərin onun özü tərəfindən silindiyini aydınlaşdırdı. Amma deyəsən Fidan onun xəyanətinə aid olan bütün sübutları silə bilmədiyindən xəbərsiz idi...

 

Günortadan sonra saat təxminən 3-4 radələri idi. Şəhərin səması buludlu, havası isə sıxıcı gəlirdi. Sanki asiman da Fatehin öz saf məhəbbəti və sevgisində yanıldığından qəm-qüssəyə, kədərə qərq olmuşdu. Sanki günəş o böyük əzəmətinə rəğmən Fatehin pis vəziyyətdə olduğuna tamaşa etmək istəmir, utanaraq buludlar altında gizlənməyə çalışırdı. Fateh bir az fikirə gedib dedi:

- Fidan! Bu mesajlar, bu fotoşəkillər nədir belə? Mən sənə belə işlərə son qoymağını deməmişdimmi?

- Əzizim! Burada pis bir şey yoxdur. O, sadəcə mənim səni uzun fasilədən sonra tapdıqdan öncə tanış olduğum bir adamdır. Onun həyat yoldaşı bir müddət öncə avtomobil qəzasında dünyasını dəyişib. Ara-bir mənimlə zəngləşib danışır və dərdlərini mənimlə bölüşür. Münasib olanda isə bayırda görüşüb söhbət edirik. Mən bununla ona mənəvi dəstək oluram. Başqa heç bir şey yoxdur!

- Bəs o açıq-saçıq sevişmə fotoları nədir? Sən bu iyrənc əməllərinlə də ona mənəvi dəstək olurdunmu? Axı mən sənə belə işlərə görə amansız və hiddətli olduğumu dəfələrlə söyləmişdim! Məni sevdiyinə görə heç kimlə münasibətdə olmamağı səndən ciddi şəkildə tələb etmişdim! Axı sən mənə sevgi etirafı etmişdin! Məni sevirsənsə, mənimlə ailə həyatı qurmağa qərar vermisənsə, kənar şəxslərlə belə münasibət saxlamağın anlamı nədir? Bunun əxlaqsızlıq və xəyanətdən başqa adı varmı?

Fidan susur və nə deyəcəyini bilmirdi...

- Mən xaricdə olduğum müddət ərzində hər gün səninlə əlaqə saxlayırdım. Sən isə məndən əlavə başqa birisi və bəlkə də, başqaları ilə münasibətdə olmusan... Sənə görə sevgi və sədaqətin mənası budurmu?

Fidan susqun halda başını aşağı salmış və Fatehin əsəb və tələbkarlıqla söylədiyi sözləri dinləyirdi. Onun bundan sonra söyləyəcəyi sözlər Fatehi daha da qəzəbləndirdi!

- Əzizim! Axı biz hələ evlənməmişik və bir evdə yaşamırıq! Sadəcə sənə sevgi etirafı etmişəm. Bəlkə heç evlənə bilmədik! Bəlkə sənin məişət problemlərin, münasib iş və mənzil məsələn hələ bu tezliklə həll olunmadı!? Belə olan halda mən həyatımda olan yaxın dostlarımı sənə görə itirməliyəmmi?!

Fateh: Bu nə axmaq sözlərdir? Sənin aləmində sevginin mənası budurmu? Sən məni sözün həqiqi mənasında sevirdinsə heç bir oğlanla və ya sinif yoldaşınla hətta, telefon əlaqəsi saxlamamalı idin! Amma sənin bu müddət ərzində başqası ilə görüşlərin, yaxın münasibətin olub. Əgər bunu etmisənsə deməli məni həqiqi mənada sevməmisən! Demək ki, sevgi sənin üçün boş və mənasız bir şeydir. Sən yalnız əlində ayrı-ayrı oğlanları ehtiyatda saxlamaq, bacardığın qədər onların hər birindən istifadə etməyə çalışmısan. Bu da mənə görə böyük əxlaqsızlıq, bağışlanmaz xəyanətdir...

Beləcə onların arasında acı söhbət hava qaralana yaxın davam etdi. Fateh özünü çox yanılmış və aciz sayırdı. Axı o, sevginin bu qədər puçlaşdığı və həqarət edildiyini Fidan kimi səviyyəli və ziyalı kimi tanıdığı bir xanımdan gözləmirdi. Onun 30 illik saf sevgisi son iki ay ərzində üçüncü dəfə olaraq özü qədər sevdiyi bir xanım tərəfindən böyük həqarətə məruz qalmışdı.

Fidan Fatehin həm qəzəbli, həm də bərk narahat və naümid halda olduğunu gördükdə hansı yanlış hərəkətə və hansı xəyanətə yol verdiyini yavaş-yavaş anlamağa başladı. O, göz yaşları içində üzünü Fatehə tutub dedi:

- "Fateh! Əzizim! Mən səni sevirəm! Məni bağışla! Mən səhv etdim! Məni tərk etmə!"

- Amma bu sənin son iki ay ərzində mənim sevgimə qarşı olan 3-cü əsas sayğısızlığın və həqarətindir. Eyni mövzuda hər dəfə təkrar səhvə yol verdikdən sonra səhv etdiyini bildirir, üzr diləyirsən! İnsan həyatda 1 dəfə səhv edə bilər. Eyni səhvi təkrarlamaq artıq insanın öz yanlışlığı, unutqanlığı və öz seçimi və bəlkə də, yanlış həyat xarakteridir... Bir dəfə mənə sevgi etirafı etdikdən sonra məişət problemlərimi həll etdikdən öncə evi, münasib maaşı və subay olan bir namizəd olduqda ona müsbət cavab verəcəyini bildirdin. Mənə sevgi etirafı etdikdən sonra və mənimlə birgə olduğun zaman yad bir oğlan sənin telefonuna zəng etdi. İndi isə mən burada olmayan zaman başqası ilə danışıb-mesajlaşmış, yaxın münasibətdə olmusan! Sənin mənə olan sevginin mənası bu idimi?

Onlar ayağa qalxıb, yola düzəldilər. Fateh yol boyu heç bir söz danışmır və dərin fikirə getmişdi. Fidan isə tez-tez Fatehin üzünə baxıb onun keçirdiyi narahatlıqları görür və başını aşağı salmışdı.

Fateh əvvəllər Fidanı yaşadığı binaya qədər ötürsə də, bu dəfə onu yalnız marşruta qədər ötürdü. Hava yenicə qaralmışdı. Fidan maşına minməzdən öncə Fatehə baxıb ondan səmimi bir söz gözləyirdi. Lakin Fateh tam başqa bir aləmdə idi. Üzünü Fidana tutub ciddi şəkildə yalnız bu sözü dedi: "Özündən muğayət ol!"

Beləcə 30 il öncə ürəkoxşayan günəşli bir səhərdə təməli qoyulmuş sevgiyə payızın xəzanlı, həm də soyuq və qaranlıq bir axşamında son nöqtə qoyuldu. Bəli, Fatehin Fidana qarşı uzun illər boyu bəslədiyi saf sevgi və məhəbbəti artıq tarixə qovuşmuşdu...

Fateh artıq bu sevgidə yanıldığı dərk edirdi. Axı onun sevgisinə hörmətsizlik edən və az bir müddət ərzində eyni səhvi üç dəfə təkrarlayan, xüsusilə də ona qarşı xəyanətə imza atan birisini necə sevə bilərdi? Buna görə də öz sevgisinə son nöqtəni qoymalı idi...

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.