İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” üçün
İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktorudur, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, "Zəfər" Media Mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Məzarda yatan sevgi” janr etibarı ilə povest adlandırıla bilər, biz bir neçə gün dalbadal hissə-hissə povesti sizlərə təqdim edəcəyik ki, sizlər Fidan və Fatehin nakam sevgi hekayəsindən xəbərdar olasınız.
4-cü paylaşım
(Həyatda nakam sevgiyə mübtəla olanlara ithaf olunur!)
Bir həftədən sonra onlar yenidən görüşdülər. Fateh bu dəfə Fidan üçün sevgi rəmzi sayılan qızıl gül gətirmişdi. Fidan gülü aldıqda çox sevindi, gülü kiçik bir güldana yerləşdirərək onu iş masasının üzərinə qoydu. Yenə də otaqda tək əyləşib, danışmağa başladılar. O, bir çox suallar və söhbətlərdən sonra Fatehlə ailə həyatı qurmağa öz razılığını bildirdi.
Fateh Fidandan evlənməyə razılıq cavabını alandan sonra sözün əsil mənasında özünü fateh və qalib sayırdı. O, sanki özünü bir məmləkəti, ölkəni tutan və ölkələri fəth edən bir qəhrəman kimi hesab edirdi. Olduqca incə, səmimi, mehriban, səviyyəli, həm də, cazibədar bir xanımın qəlbini fəth etdiyini düşünürdü. Aralarında uzun müddət ayrılıq olsa da qəlbi və xəyallarında sevib yaşatdığını əldə etmişdi. O, bir tərəfdən uzun illər boyu sevib itirdiyini tapmış, digər tərəfdən də Fidanın onunla ailə həyatı qurmaqla bağlı razılığını ala bilmişdi.
Bu sevinc və qürur Fidanın Fatehə: "Fateh! Əzizim! Mən səni sevirəm!" sözünü dedikdən sonra neçə bərabər oldu.
Onlar günorta çağı yaxınlıqda yerləşən bir kafedə əyləşib günortanı yedilər və daha sonra gəzintiyə çıxdılar. Qızıl payız fəslinin gözəlliyi və ürəkaçan havası onların arasında olan sevgi hislərini neçə bərabər edirdi. Fateh Fidanı ilk dəfə 30 il öncə payız fəslinin astanasında görüb vurulmuş, məhz 30 illik fasilədən sonra yenidən payız fəslində onu tapıb yenidən sevgiyə və eləcə də, evlənib birlikdə xoşbəxt həyat sürməyə qərar vermişdilər.
Bir-birini daha yaxşı tanımaq üçün tez-tez görüşüb gəzintiyə çıxır və maraqlı söhbətlər edirdilər. Hər dəqiqə onların arasında olan sevgi və bağlılıq güclənirdi...
Fateh şəhərdə özünə iş yeri tapmalı, birgə yaşamaq üçün münasib mənzil kirayə etməli idi. Çünki, artıq Fidanla ailə həyatı qurub uzun illər boyu qəlbində yaşatdığı sevgini reallaşdırmalı idi. Nəhayət, gecə olduğundan Fateh Fidanı evlərinə tərəf yola salıb şəhərdəki xalasının mənzilinə tərəf hərəkət etdi. Gecəni səhərə qədər gözlərinə yuxu getmədi. Onun həyatı müsbət mənada alt-üst olmuşdu. Axı itirdiyi yarını və sevdiyini tapmışdı. Artıq günəş doğduqdan sonra Fateh bir-iki saatlıq yuxuya getdi..
Birdən telefonuna gələn zəngin səsindən oyanıb telefonunu əlinə aldı. Bu, Fidan idi. Sevgi dolu sözlərdən sonra sanki Fatehin qəlbini qıran bir cümlə ilə onun həyatı və ümidləri üzərinə qara buludlar gətirdi.
- "Fateh! Əzizim! Mən səni sevirəm! Amma problemlərini həll etməzdən öncə işi və mənzili olan xüsusilə də, heç bir zaman ailə həyatı qurmamış subay bir namizəd tapılsa, mən ona müsbət cavab verəcəm! Çünki, mən ikinci dəfə ailə həyatı quracağım təqdirdə subay şəxslə ailə həyatı qurmağı düşünmüşdüm. Halbuki sən bir dəfə evli olmusan. Həm də, hal-hazırda 2 övlad sahibisən..."
Bu sözlər Fatehi bərk qəzəbləndirdi. Bir tərəfdən qəzəblənib qəlbi qırıldı, digər tərəfdən isə dünən "səni sevirəm" sözünü deyən bir xanımın bir neçə saatdan sonra belə bir fikirə düşməsindən təəccübləndi. Telefonu söndürüb qəhərləndi və göz yaşları üzünə axmağa başladı. Bunun necə bir sevgi olduğunu öz-özündən soruşur, təəccüb və narahatlıq içində vurxunurdu.
Belə bir mövqe bəlkə də, gənc və təcrübəsiz bir xanımdan gözlənilə bilərdi. Lakin orta yaşlı, eyni halda bir dəfə uğursuz evlilik həyatını təcrübə etmiş bir xanımın belə davranışı Fateh üçün olduqca üzücü və anlaşılmaz idi.
O, uzun illər boyu sevgisində ciddi olmayan, bəlkə də heç sevginin mahiyyətini anlamayan bir xanıma vurulduğunu fikirləşməyə başladı. Çünki, onu sədaqətlə sevən bir xanım belə bir sözü deməməli idi. Fidanın bu sözü əslində Fatehin ona qarşı 30 illik sadiq məhəbbətinə etinasızlıq və hörmətsizlik idi. Bəlkə də Fidan sonradan dəyişmiş və həyatda üzləşdiyi çətinliklər və acılıqlar onu sevgiyə qarşı belə biganə və amansız etmişdi..
Fidan sonrakı görüşdə və yazdığı məktublarda dönə-dönə telefonda dediyi sözə görə Fatehdən üzr diləyib onun qəlbini ələ almağa çalışdı...
Onun məlum hərəkəti Fatehi nə qədər sarsıtsa da, yenidən aralarında münasibət bərpa edildi. Fateh 30 il boyu qəlbində və həyatında saxladığı birisinin səhvini dərhal bağışlayıb onu əvvəlki kimi sevməyə davam etdi.
Fatehlə Fidan bir-birinə gün ərzində müxtəlif məzmunlu sms-lər göndərir, telefon bağlantıları yaradaraq sevgi və məhəbbət dolu hisslərini açıqlayırdılar. Onlar tezliklə bir-birinə qovuşmaq və ailə həyatı qurmaq üçün nəzir etdilər. Onların etdiyi nəzir ailə həyatı qurduqdan sonra birlikdə Bibi Heybət ziyarətgahına getmək və ora bir xalça hədiyyə etmək idi...
Onların arasında bağlılıq günbə-gün möhkəmlənir, sevgiləri həddini aşırdı. Onların bir-birinə söylədikləri sevgi və məhəbbət dolu sözlər öz təsirini göstərirdi.
Bir gün onlar birlikdə İçəri Şəhərdə təşkil edilmiş, həm də Fatehin yaxın dostlarından birinə aid olan heykəltaraşlıq və rəsm sərgisinə getməyi qərara alıb yola çıxdılar. Fateh incəsənət sahəsində uzun illər boyu çalışdığı və bu sahədə ali təhsil aldığından sevdiyi qızla belə bir sərgiyə getməkdən xüsusi zövq alırdı. Onlar sərgidə nümayiş etdirilən eksponatları böyük maraq, xüsusi diqqət və zövqlə seyr edirdilər. Bu sərgidən baxış keçirmələri olduqca maraqlı və yadda qalan oldu. Lakin bu dəfə Fateh üçün növbəti xoşagəlməz bir hadisə baş verdi. Belə ki, sərginin qapısından xaric olarkən Fidanın telefonuna yenə də onu çıxılmaz vəziyyətə salan bir zəng gəldi. Bu dəfə də zəng edən şəxs onların şirkət ofisində ilk görüş zamanı Fidana zəng edən oğlan idi! Fateh bunu bilən kimi acıqla Fidana - "Mən səni sevirəm!" sözünü dedikdən sonra nədən həmin oğlanla əlaqəsinə son qoymadığının səbəbini soruşdu.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(24.01.2025)