Bu dəfə "Ədəbiyyat və İncəsənət" portalının "Yaradıcılıq emalatxanası" rubrikasının qonağı Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biri olan Gədəbəydə dünyaya göz açan, AYB-nin üzvü, yazıçı-publisist, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş mütəxəssisi Pərvanə Bayramqızıdır.
-Xoş gördük, əziz Pərvanə xanım. Sizin kitablara, ədəbiyyata olan sonsuz sevginizi bilirik. Pərvanə xanım, düşüncə tərziniz, həyata baxış bucağınız məqalələrinizdən hiss olunur. Bir şeirinizdə:
Şeir də köhnələrmiş...
Birnəfəsə geyinilən nimdaş
paltarlar kimi
şeir dəbdən düşərmiş.
Köhnəlmiş paltarları
alırsan bir-bir ələ,
bəyənmirsən, atırsan.
Bəzən bəxşiş verirsən,
bəzən ucuz satırsan,
Şeirisə satmaq olmur.
Nə qədər incisən də
övladı atmaq olmur.
– kimi maraqlı misralar yazmısınız. Pərvanə xanım üçün poeziya nədir?
–Sualınız şeir haqqında yazdığım silsilə yazılarımı xatırlatdı. Poeziyaya dərindən bağlıyam. Çox şeir oxuyuram. Sevdiyim şeirləri dostlarla, oxucularla da paylaşıram. Mətnlərimdən birindən bir neçə fikri qeyd edəcəm, sualınıza aydın cavab olacaq.
“Ürəyin dolanda dərindən çəkdiyin ah kimidir şeir, içindəki təlatümləri parçalayıb havaya buraxır. Susayanda birnəfəsə başına çəkdiyin su kimi yanan ürəyinə sərinlik gətirir. Bəzən ağlayanda gözünü silən, təsəlli verən mehriban dosta da çevrilə bilir”.
Şeirə bundan artıq necə münasibət bəsləmək olar?
– Gənclərin nə üçün kitaba olan maraqları azalıb? Bunu müasir texnologiya ilə əlaqələndirə bilərikmi?
–Cavab sualınızda var. Hazır informasiyalar (internetin “rahathülqum” məlumatları) gəncləri tənbəlləşdirib, kitabdan uzaqlaşdırır.
– Pərvanə xanım hansı əsərin obrazı olmaq istəyib?
–O əsəri özüm yazacam.
–Güclü ruha sahib olanlar dürüst, sadiq və insanlığı yüksək qiymətləndirənlərdir. Niyə bəziləri bu keyfiyyətə malik ola bilmirlər?
–Yaranış bu cürdür. Xeyirlə şər qoşa gedir. Keyfiyyətcə zənginləşməyin yolu kitablardan keçir, təəssüf ki, çox vaxt yaxşı əsər də eybəcər mənəviyyatı dəyişdirə bilmir. Daxili dünyası ali keyfiyyətlərlə zəngin olanlar rahat yaşayır, gözütox olurlar. Başqasının uğuru onları sevindirir. Yoxsul mənəviyyatlılarda əksinə olurlar. Kasadlıqlarının nədə olduğunu təyin edə bilmədiklərindən günahı yaxşı insanlarda görür, onları incidirlər.
–Sizdən elə bu an üçün şeir söyləmənizi rica etsək, hansı şeiri dinləyərik?
–Əgər öz şeirlərimi nəzərinizdə tutursunuzsa, bundan qaçıram. Şeir yazmaq cavanlıqda etdiyim səhv idi, ötüb keçdi. Başqalarından istəyirsinizsə, buyurun:
Vaxtında gəlmədin...
mən məndim onda;
Qanadım yerində,
qolum yerində...
Vaxtında gəlmədin. Bir çıxaq yola,
Bir gedək bir ömrün sonuna kimi.
Yollarda yorulaq, yolları yoraq,
Qəlbimiz baş-başa sönənə kimi.
Danışsaq çıxacaq dərd bir-bir üzə,
Qəlbimiz külü boz külqabı kimi.
Biz indi gərəyik bir-birimizə
Gərəksiz nəsihət kitabı kimi.
Səni kim yolladı ömrümə qonşu,
Qayıt, cəhlimini, yolumdan ayır.
Mən indi yol azan bir səhra quşu,
Səsim də, sözüm də sözə baxmayır...
Vaxtında gəlmədin...
Vaxt köhlən atdı!
Vaxtında yalına yatanlar udur,
Yer göyə tulladı, göy yerə atdı,
Budur gecikənin töhfəsi, budur!
Məmməd Arazın şeiridir.
– Gənclərə hansı kitabları oxumağı tövsiyə edərdiniz?
–Zövq məsələsidir, ola bilsin, mən sevdiyim kitabları bir başqası istəməsin. Amma elə kitablar var ki, onu hər kəs oxusa həm özünə, həm də cəmiyyətə faydası olar. İnsani hisslərin baş qaldırması, mükəmməl yetişmək üçün humanist duyğular aşılayan əsərləri tövsiyə edirəm. “Oğurlanan şamdanlar, “dirilən adamlar” adlı mətnim var, bütövlükdə bu mövzudadır. Hansı əsərləri məsləhət görəcəyim mütaliəsevərlərə maraqlıdırsa, “Ulduz” jurnalının 2025-ci ilin yanvar buraxılışını gözləsinlər.
– Çağdaş Ədəbiyyatımızda hansı yazarların yaradıcılığını izləyirsiniz, ad çəkə bilərsinizmi?
–Xalqımızın taleyindən canıyananlıqla yazan kim olsa oxuyuram. Təki millətini ələ salmasın, dərdlərinə dərman ola bilsinlər. Amma millətin qüsurlarını ört-basdır etməklə də heç nəyə nail ola bilmərik. Konkret ad çəkməyə gəlincə, Şərif Ağayarı ardıcıllıqla oxumuşam. Bir də sanballı roman müəllifi kimi Sadıq Qarayevin adını çəkə bilirəm.
–M. Fales söyləyib ki, özünü tanımaq çətindir, başqasına ağıl vermək isə asandır". Pərvanə xanım bu ifadəyə necə rəy bildirər?
–Özümü yaxşı tanıyıram. Nəyi edə biləcəyimi, nədən uzaq duracağımı dəqiq bilirəm. Bilirəm ki, şirnikləşdirici heç nə ilə əqidəmdən dönmərəm, təkcə sevgiyə yenilərəm. Həyatda indiyədək heç kəsin işinə qarışıb ağıl öyrətməmişəm. Buna bənzər hal yalnız yazılarımda olur. O da ağıl vermək iddiasından deyil, insanlara yaxşı tərəfdən təsir etmək niyyətimdən irəli gəlir.
--İndi ki, öz şeirlərinizdən oxumadınız, qoyun mən oxuyum:
Dağ deyilsən, sən xırdaca təpəsən.
Yox zirvəndə tülə bənzər duman, çən.
Qəribədir, ay vəfasız, bəs görən,
Hansı dağın dumanında azmışam?
Gözdən axan yaşlar mavi gölümdü.
Niyə onun saf suları bölündü?
Bu məhəbbət mənim üçün ölümdü…
Öz qəbrimi əllərimlə qazmışam.
Küsdüm bəxtdən eşitdikcə dilini
İtirmişəm ömrümün çox ilini.
Sızıldatdın ürəyimin telini
Qəm üstündə köklənən bir sazmışam.
Dərd gözləyir məni hələ qabaqda.
Öləziyir ömrümdəki çıraq da
Yan-yörəmdə hamı gülən bir çağda
Mən kədəri uda-uda yazmışam.
( Pərvanə Bayramqızı)
Əziz Pərvanə xanım, "Sevgi nədir?" – sualı əsrlərə yol gələn və hər kəsin elə qəlbini ələ verən sualdır, deyilmi? Elə Siz də söyləyin, nədir axı bu sevgi?
–Sevginin mücərrəd anlayışlar sırasına aid edilməsini qəbul edə bilmirəm. Sevgi konkretdir. Yeniyetmə vaxtlarımda “Mən sevgini görürəm” adlı şeir yazmışdım. Bəlkə də, poeziya nümunəsindən çox israr idi. Sevgini görmək olur. Bu təkcə duyğudan ibarət deyil. Bir-birini sevən adamları tez tanıyırıq. Görürük ki, biri digərini görməyə can atır, görəndə sevinir, ondan uzaqda darıxır. Onların daxilindəki hisslər özlərinin bildiyi, rəftarları isə bizim gördüklərimizdir. Sevgi özünü unudub başqası olmaqdır. Sevgi könüllü könülsüz qalmaqdır. Yəni qəlbini xoşluqla başqasına verirsən.
–Dəyərli Pərvanə xanım, pozitiv enerjiniz, gözəl düşüncəniz, təxəyyülünüz hüzur vermə qabiliyyətinə malikdir. Zamanınızdan rubrikamıza pay verdiyiniz üçün Sizə minnətdarıq!
–Diqqətinizə, ruhlandırıcı fikirlərinizə görə mən də sizə təşəkkürümü bildirirəm.
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)