MÜTALİƏ MƏDƏNİYYƏTİ –32.ANAİB-in müstəsna fəaliyyəti Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

32.

 

ANAİB-in MÜSTƏSNA FƏALİYYƏTİ

 

Çox şübhəsiz ki, yeniyetmə və gənclər arasında kitabın populyarlaşmasına töhfə verənlərdən danışırıqsa, burada mütləq  "Azərbaycan Nəşriyyatlar Assosiasiyası" İctimai Birliyinin (ANAİB) adını xüsusi vurğulamalıyıq. Qurumun idarə heyətinin sədri Şəmil Sadiq başda olmaqla anaibçilər yorulmadan kitabın təbliğinə yönəli fəaliyyət həyata keçirirlər. Bakıda və bölgələrdə ənənəvi kitab festivalları, uşaq kitabının təbliği forumları, müxtəlif oxu müsabiqələri, kitab sənayesinin problemlərinin həllinə yönəlmiş ictimai görüşlər, xüsusi günlərlə bağlı tədbir və müxtəlif mövzulu ödənişli seminarlar hamını və hər kəsi kitab oxumağa sövq eləməyə hesablanıbdır. Ölkə nəşriyyatlarının qurultayının yüksək səviyyədə təşkili isə qurumun “dilinə görə necə bir dilçəyinin olmasından” xəbər verir.

Hazırda ölkənin ən fəal nəşriyyatları - "Alatoran", "Altun kitab", "Audiokitab", "Bookzone", "Çapar", "Çinar", "Everest", "Hədəf", "İpəkyolu", "Libra", MİMTA, "Parlaq imzalar", "Təhsil", XAN, "Qələm", "Qədim qala", "TEAS Press", "Şərq-Qərb" və digərləri ANAİB-ə üzvdürlər. 

Hazırda ANAİB-in strategiyasına diqqət edəndə qarşıda duran əsas vəzifələr bu cür sıralanır:

-Azərbaycan ədəbiyyatının dünya dillərində nəşri və tanıdılması üçün dəstək fondunun yaradılması, bu fondun fəaliyyətinin şəffaflığının təmini, bütün xarici nəşriyyatlara bu fondun tenderində iştirak etmək üçün demokratik şəraitin yaradılması;

-Ölkədə nəşriyyatların əsas problemi tirajla bağlıdır. Tirajın azlığı bu sahənin inkişafına mane olan və bu sahədə çalışan insanların gəlirlərinin azlığının əsas səbəbidir. Hər nəşr olunan kitabdan müəyyən sayda, məsələn, 500 ədəd kitabxanalar üçün alınarsa bu, tiraj probleminin həllinə qismən kömək edə bilər. Bu gün dövlət kitabxanalarında olmayan minlərlə kitab tərcümə sayəsində ədəbiyyatımıza qazandırılıb. Belə populyar əsərlərin dövlət kitabxanalarında olması ora gələn oxucu sayını artıra, passiv vəziyyətdə qalan bu qurumlarda canlanma yarada bilər;

-Məlumdur ki, gənc yazıçıların əsərlərini öz hesabına nəşr edən nəşriyyat yox dərəcəsindədir. Əsas səbəb isə kitab sektorunun acınacaqlı durumda olması və kitabların satılmamasıdır. Bu da Azərbaycan ədəbiyyatına ciddi zərbə vurur, yeni yazıçılar meydana çıxmır; xüsusilə son illərdə yazıçılıq fəaliyyəti ilə məşğul olan gənclərin sayında ciddi azalmanı görmək mümkündür. Yazıçıları yaradıcılığa, nəşriyyatları isə gəncləri nəşr etməyə təşviq üçün dövlət tərəfindən gənc yazıçıların nəşr xərclərinin bir hissəsini qarşılamağa dəstək planı hazırlanması məqsədəuyğun olar;

-Bu gün Azərbaycan oxucusu kitab əldə etməkdə ciddi çətinlik çəkir. Rayon və şəhərlərimizdə, demək olar, kitab mağazaları yoxdur. Dövlət kitabxanalarına yeni nəşrlər verilmir, şəhərdə isə mağazaların sayı xeyli azdır. Görünən, əl çatan yerlərdə kitab mağazaları yoxdur. Çünki kitabçılar o icarə haqqını ödəyə bilmir. Bunun üçün də məhz kitab köşkləri adı ilə şəhərin bir çox yerində layihə icra edilə bilər;

-Bildiyiniz kimi, ölkəmizdə kitab az gəlirli sahə hesab olunur. Bunun bir səbəbi reklam strategiyasının düzgün qurulmamasıdır. Kitab sektoru reklam bazarında digər sahələrlə ayaqlaşa bilmir. Nəzərə alsaq ki, kitabçılıq sadəcə biznes sektoru deyil, həm də strateji və ideoloji məsələdir, deməli, ədəbiyyatın təbliği ilə bağlı televiziya və radiolarda silsilə verilişlərin, sosial reklamların olması dövlət üçün də vacib məsələdir. Kitabların reklamı Azərbaycan Dövlət Reklam Agentliyində sosial reklam kimi qəbul olunsa, AzTV, İTV kimi dövlət televiziyalarında kitabla bağlı veriliş, sosial çarxlar yayımlansa, bu, işə təkan vermiş olarıq.

 

Yeri gəlmişkən, bu sadalananlar həm də yuxarıda qoyduğumuz NƏ ETMƏLİ sualına verilən bilmərrə cavabdır.

 

Növbəti: 33.Naxçıvan təcrübəsi

 

“Ədəbiyyat və incəsənət”

(03.12.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.