Könül, “Ədəbiyyat və incəsənət”
Xəbər tutanda ki, sevimli “Ulduz” jurnalının yeni sayı işıq üzü görüb, jurnalı əldə etməyə səbrimiz çatmaylb dərhal baş redaktor Qulu Ağsəslə əlaqə yaratdıq. Ondan yeni jurnalın məzmunu barədə məlumat almaq istədik.
Qulu Ağsəs bildirdi ki, “Ulduz” jurnalının xüsusi noyabr-dekabr sayı çap olunubdur ki, bu say da dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunub.
Jurnal “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” ilə açılır.
Sonrakı səhifədə ümummilli lider Heydər Əliyevin Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr edilmiş təntənəli gecədə nitqi yer alır.
Xüsusi buraxılışda “Heydər Əliyevin Füzuli sevgisi”, Firidun bəy Köçərlinin “Molla Məhəmməd Bağdadi “Füzuli” təxəllüs”, Mirzə Cəlilin “Füzuli”, Abdulla Şaiqin “Füzuli haqqında düşüncələrim”, Bəkir Çobanzadənin “Füzuli və onun yeri”, “Cəfər Cabbarlının “Füzuli haqqında”, Əkrəm Cəfərin “Füzulinin yubileyi qarşısında qəlbim”, Məsud Əlioğlunun “Füzuli və müasir ədəbiyyatşünaslığımız” yazıları yer alır.
Bu sayda Əliağa Vahidin “Füzulidən təxmis”, Bəxtiyar Bahabzadənin “Onun pərişanlığı” və “Qəlb şairi”yazılarını oxuya bilərsiniz.
Əli Kərimin “Füzuli”, Zəlimxan Yaqubun “Görüş – ayrılıq”, Məmməd Cəfərin “Füzuli sevir”, Rəsul Rzanın “Uzaq ellərin yaxın töhfələri”, Samət Əlizadənin “Füzuli sözünün sehri”, Yaşar Qarayevin “Türk-İslam intibahının zirvəsi Füzuli”, Nihad Sami Banarlının “Füzulinin duası”dahi şairin yaradıcılığından söz açır.
Xüsusi buraxılışda Füzulinin söz gülşənindən seçmə qəzəllər də təqdim olunur.
“Dərgidə sərgi”də əsərləriylə Əfşan Rafaelqızıdır.
Qulu Ağsəs onu da əlavə etdi ki, “Ulduz” jirnalı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsi və “Təhsil” Nəşriyyatının birgə layihəsi olan xüsusi sayın redaktoru filologiya elmləri doktoru Pərvanə Bəkirqızıdır.
Xoş mütaliələr, əziz oxucular!
“Ədəbiyyat və incəsənət”
(03.12.2024)