Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
POEZİYA
FƏRİD HÜSEYN
DAŞ QAZAN
Yanmış kibrit çöplərinə baxıram:
başından kül olmağın kədəri bürüyür könlümü...
Həyat sonda ayaqlarımızın dibinə gömür işığımızı -
eynən kibrit çöpləri kimi...
Sevdiyim şeirləri qalın kitablara sürgün eləyiblər,
Bir də onları axtarıb tapmağa vaxt nə gəzir?
Oğlumun gözlərindən başqa
sürətim hər yerdə kiçilir.
Ölüm ayağındaymışam kimi
itirib bütün mənasını sirlərim.
Qəlbimin daşlığında boğuldu
tumar çəkməyə həsrət əllərim.
Könlümdə qiyama qalxıblar
dilimdəki qullar...
Sizə ölüm yoxdur, ey unutmadıqlarım...
Daş qazandır yaddaşım - gec qızar, gec soyuyar.
TALE YORĞUNU
Çoxumuz yorulduq taleyimizdən,
çünki gec gələn sevincə yer saxlamamışdı təəssüf.
Bir-birini yaxşı tanımaqdan xəstə düşmüş
insanlara necə kömək əli uzadasan?
Qaralmış üzlərə baxmaqdan
qançır olmuş bəbəklərin əllərindən
matəm yaylıqlarını hansı haqla alasan?
Axar sular surətlərimizi
korların qabağına tökdü,
heç kəs tanımadı bizi, dünya!
Özünü də itirdin, bizi də...
Gecəni gözləməkdən qaranlığa qarışdıq, dünya.
Qiyamət günə qurulmuş saatlar yatdı.
Cavabsız suallarda sözləri kim düzdü bir-birinin yanına?
Qəbirlərin arasındakı bir adamlıq cığırları kim saldı?
On bir iqlim qurşağından kim tor atdı nəfəsimizə?
Ananın qocalmasıyla barışmaq üçün
onu nənəmizə bənzətməyi kim öyrətdi bizə?
Yalana şeir donu biçənlərin parçasının pambığı
ölü dillərin kəfəni deyildimi?
Səni tanıyandan sonra,
kitabların üz qabığının hasarından
həqiqət çökəkliyinə yıxılmağa alışdıq.
Yarlı-yaralı su içdik, dünya! -
Özünü də öldürdün, bizi də!
“VƏFA” SÖZÜNÜ İLK DƏFƏ EŞİDƏRKƏN...
Eşitdim qovulmusan yer üzündən,
amma çox qala bilməzsən getdiyin yerdə
qayıdacaqsan qəlbinin ardıyca.
Qayıt, yer tap özünə öz ömründə...
Dilindən "Allah" sözü düşməyən bir riyakarı
bir topa pulu sayarkən görmüşdüm.
Əllərinin sürəti ilə
gözlərinin ehtirasının toqquşduğu yerə baxmışdım.
Orda Allahdan əsər-əlamət yox idi.
Sən ki, "vəfa" sözünü eşidəndə
qulaqlarını tutub qaçan adamsan...
Yerini yaxşı bilirəm.
Pul sayanların əllərinin sürəti ilə
gözlərinin ehtirasının toqquşduğu yerdəsən.
Ən doğma günlərin dərdinə arxa çevirmisən,
yox olmusan,
gücünü arsızlıqdan alan zamana yoluxmusan...
CƏSARƏT GİLEYİ
Bu dəfə bircə sən yox idin həmişəki görüşdə
və hər şeyin əvvəlki kimi olması
yaman üzdü məni,
sanki qorxaqcasına
səni unutmağımızı bayram edirdi işıqlar,
sənsə zülmətin zəncirləri arasından bizə baxırdın.
Kaş bu dəfə məclisdə nəsə çatışmayaydı,
kimsə gəlməyəydi,
birimizin halı pisləşəydi,
amma olmadı.
Dostlar şərab süzdü
və hər şeyin əvvəlki kimi olması
məni yaman üzdü.
Sənin baş qəhrəmanı olduğun
lətifəni danışdılar adını çəkmədən,
arsız gülüşlər arasında əridin ağız boşluğumuzda.
Badə səsləri əvvəlki ahəngiylə qarışdı bir-birinə
və mənim bağrımın başı göynədi
hər şey əvvəlkitək davam etdiyinə görə.
Sonra sənin yoxluğunla sağollaşmadı heç kəs –
dağılışdıq evə.
Mənsə üzümü qaranlığa tutub pıçıldadım:
xatirələrini halal elə.
GÖZƏL XANIMLARIN QOCALMASI
Nədənsə heç qəbul edə bilmirəm
gözəl xanımların qocalmasını.
Boynunun altında şırım qırışı
dəbli şallar ilə sarımasını.
Qabaran damarlar əlin üstündə
sanki qocalığın xəritəsidir.
Alaca gözlərin altında tuluq –
“Geriyə yol yoxdur” – işarəsidir.
Enib dik dabanın göydələnindən
yastı dabanların zirzəmisinə.
Sözlərə işvəylə zinət vurmurlar,
əda od ələmir səs zəmisinə.
Kənar baxışları sezmirlər daha
itir duyumları, itir hissləri.
Hamımız bir bezin qırağıyıqmış, –
daha ayırmırlar yaxşı-pisləri.
Boyasız dırnaqlar qalınlaşaraq
hamısı qayıdıb öz rənglərinə.
Min cür saç rəngindən qisas almaqçün
yaxşı fürsət düşüb ağın əlinə.
Çoxdan xəyal kimi çəkilibdirlər
bir vaxt hər görüşə gül gətirənlər.
Qocalar evində nərd oynayırlar
masaya haçansa ləçək səpənlər.
Hərdən cavanlığı salaraq yada,
şaqqanaq çəkirlər yenə ucadan.
Ürəkdən gəlməyən gülüş tez sönür
sanki sısqa tüstü çıxır bacadan.
Töküb şəkilləri qarşılarına
bəzən özlərinə çəkirlər həsəd.
İtmiş gözəlliyi kim xatırlasın?
Qocada yaddaş yox, cavan nabələd.
Qocalıq azadlıq verir onlara.
gözəllik məhbəsmiş, gözəllər məhbus.
Bugünkü ağ saçlı qadına baxsan
dünənini düşün! Əfsus, səd-əfsus...
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)