Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
30.
NƏ ETMƏLİ?
Mənəvi-əxlaqi dəyərlər aşılamasını və harmonik şəxsiyyətin formalaşmasındakı rolunu və əhəmiyyətini, tibbi baxımdan oxumağın insan psixologiyasına və səhhətinə müsbət təsirlərini nəzərə alaraq mütaliəni vərdişə çevirmək lazımdır. Bu işdə yaşlılar uşaqlar və gənclər üçün nümunə olmalıdırlar. Çünki uşaq və gənclərin təfəkkürü hələ tam formalaşmadığından onların mütaliəsinə rəhbərlik etmək və ya düzgün istiqamət vermək zəruridir.
Bilmək lazımdır ki, uşaq və gənclərin mütaliəsi onların həyatında böyük rol oynayır, yaşlı adamın həyatında oynadığından daha böyük rol oynayır. Uşaqlıqda və gənclikdə oxunan bir kitab, demək olar, adamın bütün ömrü boyu hafizəsində qalır və onun sonrakı inkişafına təsir göstərir.
Azərbaycan Respublikasının Əməkdar müəllimi İmran Verdiyevin də məsələyə baxışı diqqət çəkir. O yazır:“Oxunan səhifələrin sayının çoxluğu kimsənin yaxşı oxucu olduğunu göstərməz. Oxumaq yazılı sözləri tanıma, sözlərin mənalarının nə olduğuna qərar vermə və bu sözlərin mənalarının dərk edilməsi kimi bir çox bacarığı tələb edən olduqca kompleks bir əməliyyatdır. Çoxdan sübut edilmişdir ki, adını oxuduğu obyektin nə olduğunu bilən insan oxuma və anlamada daha sürətli olur.
Sürətli oxu səmərəli mütaliənin əsas şərtlərindəndir. Bunun üçün oxucu fasilələrlə oxuya, "sözləri deyil, fikirləri görməyə" (yəni tək - tək sözləri deyil, söz qruplarını oxumağa), səhifə ilə (monitorla) göz arasında normal məsafə saxlamağa və səhifəyə dikbucaq altından baxmağa, yalnız gözlərdən istifadə etməyə, nə oxuyacağını və necə oxuyacağını əvvəlcədən müəyyən etməyə, oxu texnikası qaydalarına əməl etməyə çalışmalıdır. Ənənəvi qiraət zamanı dərkolunmanın (qavramanın) dərəcəsi 60 %, sürətli qiraətdə isə 80 % təşkil edir. Orta qiraət bacarığı (və ya adəti) olan insanın gözləri bir kitab sətrində 12-16, sürətlə qiraət edənin isə 2-4 duruş edir. Sürətli qiraət zamanı gözlər yavaş qiraətə nisbətən daha az yorulur.
Hazırda həyatımıza elektron kitablar və elektron mütaliə də daxil olmaqdadır. Birmənalı olaraq bunu rədd etmək və qarşı çıxmaq mümkün deyil. Amma bir məsələ var ki, bu gün heç də bütün kitabların elektron versiyası yoxdur. İnternet olmayan kəndlər var. Ən vacibi şair S.Rüstəmxanlının da dediyi kimi, elektron kitablar və elektron mütaliə heç vaxt ənənəvi kitabı və ənənəvi mütaliəni əvəz edə bilməz. “Ənənəvi formada kitab oxumağa üstünlük verənlərin bir sıra tutarlı dəlilləri var. Onlar kitabla fiziki təmasdan, kağızın qoxusundan, vərəqlərin çevrilməsindən, sətirlərin altından xətt çəkib qeydlər aparmaqdan, səhifə kənarlarını qatlamaqdan, ümumiyyətlə, kitabla qurulan psixoloji-mənəvi, emosional əlaqədən və bu zaman yaranan atmosferdən zövq aldıqlarını bildirirlər. Hətta araşdırmalara görə, yaponlar uşaqlarına hələ körpə vaxtlarından kitab qoxladırlar ki, gələcəkdə qoxu yaddaşının təsiri ilə mütaliəyə meyillənsinlər.
Neyrobioloqlar da bildirirlər ki, yaddaşımız assosiativ olduğuna, yəni beyinə ötürülən məlumatları başqa şeylərlə əlaqələndirməyi sevdiyinə görə, hətta kitabın üz qabığı, vərəqlərin saralıb-saralmaması, müxtəlif şriftlər oxuduqlarımızın hafizədə saxlanmasında önəmli rol oynayır, əsər yaddaşa hopub xatirədə çox güclü, qalıcı izlər buraxır”.
Hər nə olsa da, elektron kitablardan və elektron mütaliədən imtina düz deyil.
İstər ənənəvi, istərsə də elektron mütaliədə kitab seçimi xüsusi əhəmiyyət kəsb edir. Başqa sözlə, düzgün kitab seçimi mütaliədə əsas şərtdir ki bu barədə də əvvəlki bölümlərdə geniş bəhs etmişdik.
Növbəti: 30.Gənclər heçmi kitab oxumur?
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)