MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Qulu Ağsəsin şeirləri Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

QULU AĞSƏS

 

ŞÜKÜR...

Bir yol yatağından qalxmayan bu çay
Qoluna döyməni nə vaxt yazdırıb?
Qış günü soyuqdan ölən ağacın
Yasına mart ayı yarpaq yazdırıb…

Başını yelləsən, külü közərir,
İşıq vermir, amma işıq söz verir.
Bircə eybi var ki, dünya gözəlin
Məni qucağına qonaq yazdırıb…

Şükür o göydəki ismin halına,
Şükür yağışına, şükür qarına.
Şükür – adımızı öz jurnalına
Əcəl adqoydudan qabaq yazdırıb…

 

SƏNSƏN HƏR YER...

 

Ömrümdən neçə gün qalıb,

                         neçə saat, İlahi?

Çoxdan Səndən nə zəng gəlir,

                         nə amanat, İlahi!

Kim kəsib Sən olan yerdə,

                         söylə, yolu-yolağı?

Gedim hansı cəhənnəmə,

                         hardan gəlir sorağın?..

Nə vaxt çaparam dördnala

                          mən də əcəl atında?

At altımdan uçub gedə,

                          mən də sənin altından.

Ha uçsam da, öz üstümə

                           uçar öz günahım da,

Səhvlərimi deyim, bəlkə,

                            çıxım söz günahımdan? –

...İki dünya gözəlinə

                            mehr  saldım – yadında?

Nə özgəyə verdim, nə də

                             özüm aldım – yadında?

Yolda qoydum gözlərini,

                              gözümü dağlayarsan,

Əllərinə qurban olum,

                               üstündə saxlayarsan.

Neçə kərə söz göndərdin,

                               ərindim, yazammadım,

Ürəyimdə ocaq çatdın,

                                naşükür qızınmadı.

Qadan-balan sızan yerə

                                 şərab süzdüm – bilirsən,

Sənin qurduğun dünyaya

                                 dodaq büzdüm – bilirsən.

Ruhumu da tərpətmədi

                                   min cür nazü-nemətin,

Yamanladım taleyimi –

                                    haqdan gələn qisməti...

...Mərhəmətin, neyləsəm də,

                                    günahımı aşmada,

Çoxdandı ki, içimdə bir

                                    yalvarış dolaşmada: –

Gedib tövbə eləməyə

                                    mənə yer ver, İlahi,

Elə yer ki, baxıb görüm

                                    Sənsən hər yer, İlahi!

Günahımı nəylə desən,

                                    razıyam, yuyum orda,

Əgər gücün çatsa, məni

                                    özündən doyur orda...

 

 

 

BAXDIM Kİ...

 

Ümidimi ütüləmişdim,

barmağımı cütləmişdim

subay vaxtı:

iki oğlum olasıdı,

birinin adı Tezol,

birinin adı Təkər.

Tezol –

zamandan iti,

Təkər –

maşından yekə.

... Qayğılar basdı başımdan,

özümü güclə atdım

zaman – maşından.

Baxdım ki,

aləm qarışıb,

ümidimin ütüsü cəhənnəm,

barmağımın cütü qırışıb!

Baxdım ki,

ömür yarıda...

...qızımın adın Su qoydum,

ciyərim yanırdı övlad sarıdan...

 

 

 

GÖRSƏN ÜŞÜYÜRSƏN...

Görsən ki qaranlıq çökür aləmə,
Görsən ki axşamdı… fikir eləmə.
Bir uçuq yuxudu gecənin boyu,
Nə qədər imkan var, rahatlan, uyu…

Qəflətən bir çağa salar hay-həşir
Səhər – körpəsidi doğan Günəşin.
Onu ovutmağa tələsər hamı,
Beləcə, salarlar yenə axşamı.

Təzədən qaramat basar dünyanı,
Hanı doğan Günəş? Körpəsi hanı?
… Görsən hər tərəfdən əlin üzülür,
Görsən üşüyürsən… yandır özünü…


ATAMIN YORĞUNLUĞU

 

Atam
bu dünyada
o dünyanın
cəhənnəm əzabını çəkib,
Qırx bir – qırx beşdə
faşistlərlə döyüşüb Kerçdə –
atəş kəsiləndə,
ya da siqaret fasiləsində
Gülablıda odun doğrayıb,
axura ot töküb...
Üzünü xatırlamıram deyə,
hərdən elə bilirəm,
məni öləndən sonra əkib...
Bir tikə çörəyin dərdindən
gecə yatmayıb,
gündüz yatmayıb,
tabutdan başqa heç yerdə
ayaqlarını oxxaynan uzatmayıb...
Şəkli də qalmayıb
darıxanda  köksümə sıxım,
bütün ömrü dincəlsəm də doymuram –
atamın yorğunluğu
mənim canımdan çıxır...

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.