Gənclər Kitabxanasında məktəblilər üçün oxu saatı və ekskursiyalar təşkil edilib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında noyabr ayı ərzində məktəblilər üçün ekskursiyalar və oxu saatları təşkil edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan məlumat verilib. 

 

Böyüməkdə olan gənc nəsildə mütaliəyə olan həvəsin artırılması, asüdə vaxtlarının səmərəli keçirilməsi, oxu vərdişlərinin inkişafı və onların kitabxanalara cəlb olunması məqsədilə təşkil edilən bu tədbirlərdə 1 nömrəli Uşaq -Gənclər İnkişaf Mərkəzinin 175 nömrəli tam orta məktəbində fəaliyyət göstərən “İntellektual inkişaf” dərnəyinin üzvləri və 133 saylı tam orta məktəbin şagirdləri iştirak edirdi. Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova məktəbin nümayəndələrinin rəhbərliyi altında kitabxanaya gələn məktəbliləri salamlayaraq, mütaliənin insan həyatında, onun gələcəkdə intellektual, savadlı bir şəxsiyyət kimi formalaşmasına göstərdiyi təsirdən danışdı, hər yaş qrupunun öz mütaliə çevrəsinin olduğunu və bu maraqların müəyyənləşdirilməsində kitabxanaçıların oxuculara çox kömək olduqlarını bildirdi. “Oxu saatı”nda məktəblilərə yerli və dünya ədəbiyyatı nümayəndələrinin əsərləri təqdim edildi, uşaqlar ilə birlikdə Solmaz Amanovanın “Al beretli igid əsgər”, Sevinc Humayunun “Xarıbülbül əfsanələri”, Mark Tvenin “Tom Soyerin macəraları”, Səməd Bəhrənginin “Balaca qara balıq”,  Otfrid Proyslerin “Balaca cadugər” kitabları müzakirə edildi, əsərlərdən parçalar oxundu.  Kitabxanada keçirdikləri müddət ərzində kitabxananın əməkdaşları balaca ziyarətçiləri rəngarəng uşaq kitabları, jurnallar, uşaqlar üçün təşkil edilən kitab sərgiləəri ilə tanış etdilər,  kitabdan istifadə qaydalarını izah edərək, hər bir insanın mütaliə etməsinin nə qədər vacib olmasından danışdılar.

Görüşdə Bakı şəhəri Yasamal rayonu 133 saylı tam orta məktəbin kitabxana müdiri Vüsalə Yusubova və 175 nömrəli tam orta məktəbin “İntellektual inkişaf” dərnəyinin rəhbəri Könül Əliyeva belə ekskursiyaların və tədbirlərin şagirdlərdə erkən yaşlarından kitaba, mütaliəyə maraq yaratdığını, kitabı sevməyə, onu qorumağa, asudə vaxtlarında mütaliəyə önəm verməyə sövq etdiyini bildirdi.

Ekskursiyanın sonunda bütün uşaqlara valideynləri ilə birlikdə kitabxanaya yazılmaları tövsiyə olundu.

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.