Qatlaşdıqlarından yarıbayarı az əziyyətə qatlaşsaydılar, çoxları cəhənnəm əvəzinə cənnətə düşə bilərdi.
Ben Conson
Qırmızı avtobusun qapısı açıldı və bir anda dayanacaqdakı bütün gözləyənləri, içi O qarışıq uddu. Bu nəhəngin salonu isti idi, Onun donmuş sifətinə və əllərinə hərarət hopdu. Ağzındakı maskanı azacıq aşağı salıb burnunu azadlığa çıxardı.
Bir anda sanki hərəkətini sürətləndirən bu qırmızı nəhəng hamını çalxaladı, həmin anda Onun yadına son kitabının personajı olan azman Dev düşdü. Həmin Dev də bu avtobus kimi adamları udurdu, amma avtobusdan fərqli olaraq sonra buraxmırdı, həzm edib özünün ətinə-qanına çevirirdi.
Devlər nə rəng olurlar? Nağıllarda qarasına daha çox rast gəlmişdi, bozu, qəhvəyisi də kifayət qədər olmuşdu, hətta bir impressionist fransız şairin Devi masmavi idi. Amma Onun aləmində Devlər rəngsiz, şəffaf idilər, yellərindən, hənirtilərindən duyurdun onları. Eynən Dərd kimi. Gözəgörünməz, həcmsiz və çəkisiz olsa da ən çox gözə görünən, ən nəhayətsiz və ən ağır olan Dərd barədə bir ara bir interpretasiya da etmişdi ki, Dev nağılların, Dərd reallığın Əzrayılıdır, adamı hop deyərək udurlar.
Üzbəüz oturan iki qız – idimlərindən tələbəyə oxşayırdılar – ona baxıb nəsə pıçıldaşanda üzünə xəfif qızartı çökdü. Heç istəməzdi küçədə-bayırda tanınsın. Cəld maskasını lap yuxarı, gözlərinəcən dartdı. Əlbəttə, yazıçı müğənni, yaxud idmançı deyil ki, onu küçə-bayırda tanıyalar. Müğənniylə idmançı bu məmləkətdə yazıçıdan daha urvatlı peşədi, onları yüz minlər sevir, yazıçının isə sevənləri tək-tük olur. Üzlərinə televiziyaların qapıları bağlı olduğundan, vizual olaraq da onları əksəriyyət tanımır. Amma bu qızlar deyəsən tanımışdılar. Olsun ki, hansısa imza gününə gəlmişdilər, yeni kitabını alıb imzaladanda bəlkə bir foto da çəkdirmişdilər.
İmza günləri ildə bir dəfə baş tutan bayram idi Onun üçün. Həmin gün həmişəkindən fərqli, xeyli mehriban olan arvadının şifonerdən çıxarıb ütülədiyi bəylik kostyumuyla ağ köynək geyinir, bir cüt qalstuku var, onlardan da birini seçib taxır, vaskılanmış ayaqqabısının parıltısından feyziyab ola-ola, hələ üstəlik, məktəbli oğlunun ucuzvari ətrindən də üstünə pısıldadıb oxucularının görüşünə gedirdi. Həm mənəvi dinclik, rahatlıq tapırdı, diqqət mərkəzində olması, populyarlığı Ona qol-qanad açdırırdı, üstəlik, beş-on manat da qazana bilirdi. Amma əfsus ki, növbəti günlərin adi axarı pusqudan üstünə atılınca yenə əvvəlki köhnə hamam-köhnə tas reallığına qayıdası olurdu. Nimdaş, yaxası və biləkləri süzülmüş pencək, balaqları göydə qalan şalvar, boyunluğu qart bağlamış əzik-üzük köynək, ağzı açılmış ayaqqabı... Və çiynində də “bu gün çörək pulum olacaqmı” sualının yüz pudluq ağırlığı.
Ötən il pandemiya heç imza günü keçirməyə də qoymamışdı. O məsəl var, deyir, Həştərxanda dəvə az imiş kimi, birini də bərəylə gətirdilər, onun sözü olmasın, bu koronavirus da bu yandan gəlib çıxdı.
Maskasını bir az da yuxarı dartışdırdı. Maskanın mavi rəngi solub ağappaq olmuşdu, üstəlik, kirlənmişdi. Arvadına keçən həftə “Bunu bir əl yaxala” deyəndə “Maska almağa iyirmi qəpik də tapmırsan?”ın müqabilində istəyi gözündə qalmışdı. Əslində, iyirmi qəpik tapa bilərdi, söhbət bundan getmir, amma iyirmi qəpik də iyirmi qəpikdir, üstünə iki özü kimisini qoysan, bir çörəyin pulu eləyər.
Başını yana çevirdi, qızlarda O olmasına azacıq da olsun ümid yeri qoymadı. Növbəti dayanacaqda düşməliydi, durub qapıya tərəf getdi, avtobus dayananda ilk olaraq oradan özünü bayıra tullayan O oldu. Sanki həqiqətən Devin ağzından qurtulurdu.
Bura metro çıxışının yanı idi, bir aya yaxın idi ki, bura dadanmışdı. Qeyri-rəsmi adı “əmək birjası” olan bu məkanda özü kimi işsizlər təsadüfi qazanc ümidi ilə yol kənarında dayanır, yaxınlaşan avtomobillərin işçiaxtaran sürücülərindən “kaş məni seçəydi” imdadını umurdular. İşçiaxtaranlar adətən gəncləri, cüssəliləri seçirdilər. O və Onun kimilər Allahümidinə qalanlar idilər, daha çox bağ belləməyə, yüngül yük daşımağa, zibil yığmağa yarıyırdılar. O, bağ belləməyi və yük daşımağı sevmirdi, onurğasından qopan ağrı uladırdı onu həmin gün də, növbəti gün də. Qazandığı 20-30 manata elədiyi bazarlığı könül xoşluğu ilə yeyə də bilmirdi. Amma zibil yığmaq yüngül iş idi, əlinə əlcək taxıb vurhavur girişirdi bu işə. Zibil yığmaq sanki həm də onun əsas işinə - yazıçılığına yaxınlaşan iş idi, ağırlığını-filanı duymazdı. Hətta bir dəfə iş sorağı ilə bir müdirin qəbulunda olanda Fərqlənmə Diplomunu masanın üstünə qoyub, xeyrinə olacağını zənn edərək bir kitabını da müdirə hədiyyə etmək istəmişdi. Müdir də demişdi ki, bu nədi e, yazıb zibilləyirsiz ətrafı.
Özükimilərlə salamlaşdı, çoxunun onun kimi palto və gödəkçəsi yox idi, titrəyirdilər.
Burdakılar bir-birini sevməzdi, hamı hamıya çörəyinə bais ola biləcək rəqib gözü ilə baxırdı. Onun salamına bir-iki yerdən dilucu “əleykümə” cavabı gəldi. Büzüşüb özünü küncə - küləktutmaza verdi. Burdakılardan heç kəs Onu tanımırdı deyə burda rahat idi. Bir küncə çəkilib dururdu, digər əksəriyyət kimi özünü maşınların qabağına atıb iş istəmirdi, abrından-həyasından utanırdı. Digərləri isə ünsiyyətcil idilər. Hər kəs hər kəsin yeddi nəsil dönənini belə tanıyırdı. Bu rayonludur, əkib-becərdiyini satmağın müşküllüyü onu bir tikə çörək eşqiylə bura gətirib. Bu birisi rejissordur, Stanislavski deyə çağırırlar onu. Teatrları bağlanıb deyə əlacsızlıqdan bura üz tutub. Bu da ali təhsillidir, neyrofizikdir, bu ixtisasa çörək olmadığı üçün bir ara bərbərlik edib, rəqabət böyük olduğundan sonra da yolunu bura salıb...
Qara maşın. Kök, qırmızımtıl sifət. “İki nəfər lazımdır, on sot torpaq bellənəcək” nidası. İrəli şığıyan kəslərin bir-birini itələməsi. Uğultu və səs-küyün həmləsi. “Sən, bir də sən, gedək” kəlmələri ilə qurbağa gölünə daş atılması. Sonra mühərrikin səsi, maşının çıxıb getməsi. Sonra növbəti mənzərə. Boz maşın, zabitəli və acıqlı sima. “Pianino daşımağa dörd nəfər” kəlmələri. Yenə çarpışma, mübarizə. Yenə seçilmişlərin qalib ədası, seçilməmişlərin məyusluq demarşı...
Döş cibində arvadının yazdığı siyahı hər gəlib-gedən maşından sonra sanki bir az da ağırlaşırdı, ürəyindən sallaq qalırdı. “Çörək – 2 dənə. Kartof – 2 kilo. Soğan – 2 kilo. Ət – 1 kilo. Göyərti – 2 dəstə. Marqarin yağı – 1 paçka. Qənd-çay da tükənib. Mütləq al. Ətə pulun çatmasa makaron alarsan, 1 paçka. 5 manat da uşağın məktəbi üçün saxla, pul yığırlar.”
Ət ehtimalı həmişə makaron ehtimalının səkkizdə biri, onda biri qədər olurdu. Amma arvadı nikbin idi, həmişə əti inadla qeyd edirdi, bəzən hətta dərinə gedib “dolmalıq çəkiləsi ət”, “bozbaşlıq sümüklü ət” xırdalıqlarına da varırdı. Arvadı nişanlanan vaxtlardan nikbin idi. Gələcək evlərini dənizə baxan Neftçilər prospektindən seçərdi, gələcək maşınlarını sovet sənayesindən deyil, alman sənayesindən manşırlayardı, hətta “Bilgəhdə bağ evi” deyə cəh-cəh vurması da var idi. Belə zamanlarda arvadının üzü işıq saçırdı, sanki rəngbərəng işıq zərrəcikləri üzü boyunca qaçışırdı. Əhmədlidə kirayələnmiş birotaqlı, şəraitsiz mənzilə gəlin köçəndə də “müvəqqəti çətinlikdir, hər şey yaxşı olacaq” deyibən səbrini təsbeh dənələri kimi düzüb çəkməyə başlamışdı. Düz on ilin tamamında daha müvəqqətinin daimi olmasına inandı, üzündəki işıq qeyb oldu, optimistliyi milyonlarla qiyməti olan mülklər, avtomobillər istəyindən on iki manatlıq ət istəyi sayaq istəklərə transfer edildi.
Yeni, 2022-ci il girəndən hava 2021-in dekbabrındakı sələfinin zamanındakı mülayimliyindən elə də uzağa getməmişdi, amma sübh tezdən bir qədər sazaq duyulur, adamın sümüklərinə işləyən sübh soyuğu “sabahın xeyir” deyirdi. Birdən, elə bil, günəş doğdu, “çeşka” deyilən bir köhnə maşınla gələn orta yaşlı kişi üstünə cumanları kənara itələyib əli ilə Onu yanına çağırdı:
-Qardaş, təzə evə köçürük, veşlər daşınmalıdır. Veş deyəndə, elə bir şey də yoxdur. İyirmi manat verəcəm. Gedirsən?
Gedirsən də sözdür? O, bir göz qırpımında özünü “çeşkaya” saldı. Yola düzəldilər.
Həsəd və qibtə obyekti kimi parıldadığı tələbəliyi gəldi düşdü yadına. Onda ki, hekayələri jurnalda dərc edilmişdi, ədəbi tənqid Onun tərifini göyə qaldırmışdı, onda ki, universitetdə hamı Onun şəninə təriflər deyir, Onu barmaqla göstərirdi, içi Ona sevgi məktubları yazan, ailə qurmayacaqları təqdirdə özünə qıyacağını göz yaşları içində izhar edən arvadı qarışıq bütün tələbə yoldaşları, bütün patok, bütün universitet ”Məşhur yazıçı olacaq, Markes kimi əllər üstündə gəzdiriləcək, pula pul deməyəcək” düşüncəsiylə Ona paxıllıq edirdi.
İndi isə “birja” yoldaşları yəqin paxıllıq etməkdədirlər. İyirmi manat onların yox, Onun qisməti olacaq.
Sürücünün olduqca iri əlləri var idi, rulu fırlatmaq üçün düydüyü əlləri rulu tam görünməz etmişdi.
“Sən fağır adama oxşayırsan. O birilər sırtıqdılar, adamın üstünə atılırlar. İşləyib qurtaranda da əlavə pul istəyirlər” kəlmələriylə sürücü söhbətə körpü saldı, ardınca da nəsə bir əhvalat danışmağa başladı:
-İnişil qaynatamın bağını belləməyə ikisini aparmışdım. Səkkiz sota əlli manat danışmışdıq. Qardaş, bunlar elə ki işə başladılar, daş atıb başlarını altına tutdular ki, yox, burda iş deyiləndən artıqdır, əllinin üstünə otuz da qoymalısan. Nə qəqər and-qəsəm elədim...
Yeni romanını yazıb qurtara bilmirdi. Səhərdən axşama kimi bu işlə məşğul olurdu, evə gedəndə iş olan günlərdə yorğunluq, iş olmayan günlərdə məyusluq və ümidsizlik əlindən qələmi alırdı.
Abidi gətirmişdi spartalıların istehkamlarına. İstəyirdi Abid ordakı yatmış həyatı oyatsın, çürümüş təfəkkürü yeniləsin. Orda Abid döşünə döyüb qarşısına çıxa biləcək qladiator istəmişdi. Qarşısına növbə ilə dördü çıxmışdı, hamısı peşman olmuşdu. Ən güclüsünü – Kostakurtu tələb eləmişdi.
İmperatorun qızı Elina seyrangahdan qayıdarkən Abidi görüb onun yaraşığına, əzələlərinin əzəmətinə heyran qalmışdı. Nişanlısı Kostakurt ilə Abidin döyüşəcəyindən xəbər tutunca döyüşü izləmək fikrində bulunmuşdu. Və elə ki, başlar kəsən, qanı su kimi axıdan Kostakurt Abidin qarşısına çıxmışdı, onda zorla nişanlandığı Kostakurta nifrət duyan Elinanın vücudunu müdhiş bir sarsıntı bürümüşdü. Birdən Kostakurt Abidə qalib gəlsəydi necə olacaqdı? İlk baxışdan əsiri olduğu bu gəncin ölümünə o necə dözüm gətirə bilərdi axı?
Amma gerisini yaza bilmirdi heç cür.
Əslində, məmləkətdə kitablar yaxşı satılsaydı elə kitabların gətirdiyi qazancla dolanardı, ailəsinin yanında üzüqara olmazdı. Amma kitab oxuyan tək-tük idi, varlı-hallıların əksəriyyəti kitab görəndə üzünü turşudurdu, üzünü turşutmayan varsız-halsızlar idi ki, onları da ciblərinin boşluğu kitablardan yan keçirirdi. İnsafən, O yaxşı yazırdı, bir-iki dəfə - onda ki, həyat hələ bu qədər sıxılıb öz məngənəsində adamların suyunu tam çıxarmamışdı – iki romanının sinopsisini tərcümə etdirib xaricə göndərməyə 200 dollar pul da xərcləmişdi, ordan da müsbət rəylər gəlmişdi, amma bu romanları tam halda tərcümə etdirməyə lazım olan pul yatsa yuxusuna da girməzdi, 5 rəqəmi görcək xaricdə məşhurlaşmaqla kasıblığın daşını atmaq fikrinin fatihəsini vermişdi.
İş verəni Ona “Nu poqodi” cizgi filminin qəhrəmanları olan Canavarla Dovşan haqqında lətifə danışırdı. Bir dəfə Canavar Dovşana deyir ki sən niyə karantin qaydalarını pozub...
Ailəsini dolandıra biləcək iş tapmaq atlı idi, O piyada. Hara gedirdisə üzüqara qayıdırdı. Ünvan qalmamışdı ki, ora məktub yollamasın: “Ali təhsilli dilçiyəm. Kitab redaktorluğunu, tərcümə işini də əla bilirəm. Hamısı bir yana, üstəlik, yazıçıyam...”
Arvadını təzə evlənəndə şəhər məktəblərindən birinə müəllim düzəltmək fikri də illər ötdükcə xülya olaraq qalmışdı.
Baho, fikir onu nə uzaqlara aparıb belə, çatıblar ki. Köhnə Yasamaldaydılar.
İş verəni onu içəri saldı, həyət evi idi, deməzsənmiş, burdan çoxmərtəbəli binaya köçürmüşlər. Evdə iki qadın xeylağı var idi, iki 10-12 yaşlı uşaq, bir nəfər də ahıl kişi. Kimin kim olmasının fərqində deyildi, dərhal qəlbini riqqətə gətirən işə girişdi: divar boyu qalaqlanmış, çoxu kirilcə olan kitabları qutuda üst-üstə yığıb qutunun ağzını skotçlamaqdan ibarət idi onun işi. Ardınca qutuları yük maşınına daşıyacaqdı. Sonra da iş verəni və bu ahıl kişiylə köməkləşib iri əşyaları – şifoneri, stol-stulu və çarpayıları maşına yükləyəcəkdilər.
Köhnə kitablar tozlu idilər, tez-tez onu asqırdırdılar. Ahıl kişinin birinci dəfəsində “Korona deyilsən ki?” sualının və növbəti hər dəfəsində “Ya haqq səbir” nidasının müşayiəti ilə kitablarla işləməyində idi, aralarındakı latın əlifbasıya olan təzələrlə işləmək daha rahat idi. Hər bir kitabı əlinə alanda diqqətlə baxırdı, adına, müəllifinə göz yetirirdi. Bəzən nəfsini saxlaya bilməyib kitabın içini də açır, acgözlüklə bir-iki abzas oxuyurdu da.
-Burda oxu zalı açmamışıq, -deyə ahıl kişi müdaxilə edib onun qəlbini sındırdısa da sonradan kitab həzzi yenə davam etdi. Onsuz da bu cür sınmalara öyrəşmişdi, xüsusən, arvadının tez-tez təkrarladığı “sən nə kişisən ki, bir ailəni dolandıra bilmirsən” kəlmələrinə alışdıqdan sonra istənilən təhqiri udub, dərhal üstündən rahatca toxtama suyu içə bilirdi. Alışmaq - böyük qəlibdən artıq qalan əzalarını kəsib atmaqla kiçik qəlibə sığışmaq deməkdir.
Ara-sıra ev sahibi yerindən çıxardılmış taxta qapının astanasında durub Onu işə ruhlandırır, hökmən də hər görünüşündə rusların vətəndaş müharibəsi qəhrəmanları olmuş Çapayevlə Petka haqqında bir lətifə söyləyirdi:
-Bir gün də Çapayevlə Petka Ural çayını keçəndə...
Ev sahibi özü uğunub gedirdi, Onun donuq simasını görüncə başını bulayırdı: -Çatmadı sənə?
Əlbəttə ki, Ona çatırdı, amma fikri kitablarda idi. Brayan Treysinin sabahkı günlərin planlarını necə qurmaq barəsindəki “Komfort zonasından çıx” kitabı...
Tələbəliyində sabahkı günlər barədə o qədər planlar qurardı ki. Əsil serial olardı bu xəyal planları, dəbdə olan “Varlılar da ağlayırlar” teleserialı kimi uzandıqca uzanardı. Xəyali şöhrətin ləzzəti realdakı sənə mütləq sirayət edir, özünəgüvənin artır, daha həvəsli olursan, qoltuqlarının altı qarpızlanır. Xəyalları təltiflərdə, Nobel ödülü mərasimində dolaşırdı o vaxtlar. Amma indisində sabahkı günlə bağlı serial nədir, çox kiçik qısametrajlı film qurur. Uşaqlar böyüyürlər, xərclər artır. Gümanın yalnız təsadüflərə çatırsa, zərurətlərdən uzaqdasansa, hara kimi gedə biləcəksən axı?
İohann Hötenin “Faust” kitabı...
Bir dəfə bir tanışına qoşulub Almaniyaya getmək fikri bir müddət onu rahat buraxmamışdı: tanışı yaz-yay mövsümündə meyvə yığmaqla qəşəng güzəran vəd edirdi. Di gəl, tərəddüdlər Ona mühacir olmağa imkan verməmişdi. Xaricə göndərdiyi romanlarının sinopsislərinə müsbət rəy yazan ədəbi tənqidçilərdən biri də alman idi, gərək ki, Hofman soyadında. Həmin Hofmanın “Dünya ədəbiyyatında fikir və ideyanın bədiiliklə vəhdəti konteksini kökündən dəyişə biləcək yazar” adlandırdığı yazıçının gəlib onun vətənində taxta yeşiklərə vişnə doldurmasını yolverilməz hesab etmişdi, bununla vətəninə utanc gətirəcəyini düşünmüşdü.
Arabir belini dikəldirdi.
Kitablar... Qalın, nazik... Böyük, kiçik... Nadan üçün görünüşcə, aqil üçün məzmunca fərqlənən nəsnələr...
Birdən sanki gözünə işıq gəldi. Latın əlifbasıyla olan kitablardan birinin üstündən saplağından üzülmüş qızılgül rəsmi və “Bir intiharın prelyudiyası” kəlmələri onun üzünə gülümsədi. Elə bil, uzaq, qərib bir ölkədə yüz ildir görmədiyi ən doğma bir adamını gördü, kitabı götürüb sinəsinə sıxdı, onu qoxuladı. Bu ətir dünyanın ən gözəl ətri idi onun üçün.
Ürəyində kitabıyla salamlaşdı, “necəsən, nə var-nə yox” xəbərini aldı. “Necə məskunlaşmısan burda? Çayını-çörəyini verirlərmi? Darixib eləmirsən ki?”
Bu münvalla xeyli zaman keçmişdi, sən demə. İş verəni Onun qoluna toxundu, “Deyəsən kitablarla maraqlanırsan” söylədi. “Binə bazarında alverilə məşğul olsam da ali təhsilliyəm, kitab oxuyanam” aydınlaşdırmasını gətirib, sonra da həmin kitabı onun əlindən aldı, qürurla dedi:
-Kitabxanamın ən gözəl kitablarındandır. Çox sevirəm bu yazıçının kitablarını. Çox içdən yazır. Oxumamısan?
Gözləri yaşardı. Bu boyda oxucu sevgisi qazanmışdı, necə də təkrarsız hisslər idi. Gözləri yaşardı da sözdür, əməlli-başlı ağlamaq idi bu. Üzünü yana tutdu ki, halını gizlətsin. Axırıncı dəfə marketdə ərzağın qiymətinin günbəgün qalxması müqabilində bu hala düşmüşdü. Amma halların aralarında çalar fərqi var idi. O qara çalar idi, busa ağ çalardı.
İş verəni dil boğaza qoymurdu:
-Bu qədər ağıllı, dərrakəli olmaq, insanın iç dünyasını bu cür, rentgendəki kimi açıb göstərə bilmək. Nə deyim e. Bunlar hünər, fitri istedad tələb edir. Sanki bu yazar bizim dünyanın adamı deyil. Elə istəyərdim ki, onunla şəxsən tanış olum.
Sözlər necə də gözəl sözlər idi. Şirin çay idi, mürəbbə idi, bal idi... Dadırdı, ləzzətini bütün vücudu ilə hiss edirdi, sonra da udurdu.
Titrək, qəhərli səslə çətinliklə soruşdu:
-Tanış olsaydız, Ona nə deyərdiz?
İş verəni gözlərini yumub sanki düşündüyü səhnəni gözlərinin qabağına gətirirmiş kimi sifətinə təbəssüm qonduraraq söylədi:
-Deyərdim ki, siz dünyanın ən xoşbəxt adamısız. Onun əllərini sıxandan sonra üç gün əlimi yumazdım. Bilirsiz, onun necə qulluğunda durardım?
Hətta bu qədər?
Allah bəzən adamı necə də gözlənilməz sürprizlə rastlaşdırır. Əlbəttə desin ki, o adam mənəm. “Di sıx əllərimi, sonra da üç gün əlini yuma. Di dur qulluğumda, nə qədər istəyirsən”.
Nə yaxşı rastlaşdılar?
Kitabdan ayrı-ayrı hissələri hətta əzbər söyləməyə başlamışdı ev sahibi: “Orda, uzaqlarda – dənizlə üfüqün qovuşacağında parıltısından göz qamaşan bir mücrü asılıb qalmışdı. O mücrü qapağını açaraq onun ölü arzularını bir-bir içinə ötürürdü, orada arzular sirli-sehirli səthə toxunan kimi canlanır, dirilirdilər...”
Çətinliklərini də açıb söyləsin. İyirmi manat nədir, bu şəxs ona mütləq ciddi köməklik edə bilər. Binə bazarında alver edirsə, ev ala bilirsə, demək, imkanlı adamdır. Bir neçə günə evkirayəsinin vaxtıdır, son üç ayı ödəyə bilməyib, üst-üstə yığılıblar. İşıq, qaz, su çekləri əli qılınclı başının üstünü kəsdiriblər. Kiçik uşaq da inkişafdan qalır, ciddi müayinə, müalicə lazımdır.
Görəsən nə qədər verər? Bir yüzlük verərmi?
Amma yox, kimdənsə sədəqə istəmək yaxşı deyil.
“Ölülərin dirilməsi və dirilərin sırasına qatılması dirilərin yerini daraldırdı. Dirilmək istəyən ölülər qədər ölmək istəyən dirilər də var idi, yetərdi ki, onları tapıb yerlərini dəyişəydin...”
Bu sədəqə istəmək deyil axı?
Tərəddüdlər içində gah qanad açıb ənginliklərə uçurdu, gah da qanadları qırılır, yerə çırpılırdı...
Axı belə bir şans bir də çətin əlinə düşə. Təsadüfən heç nə olmur. Əgər bu boyda Bakıda tale gətirib Onu kitablarına bu qədər vurğun bu şəxslə qarşılaşdırıbsa, demək, bəxt üzünə gülməyə başlayıb. Bu şansdan yararlanmasaydı, bunu ömrü boyu özünə bağışlaya bilməyəcəkdi...
Axır ki, kəlmələr özündən icazəsiz ağız qıfılını yarıb çölə atıldılar:
-O adam mənəm...
Deyib də gülümsədi.
Ev sahibi ilk dəfəsində söhbətin nədən getdiyini ayırd edə bilmədi:
-Hansı adam?
Gülümsəməkdə davam edib aydınlıq gətirdi:
-Həmin yazıçı, bu kitabı yazan adam.
Qarşı tərəfin qaşlarının düyünlənməsi, gülümsəyən çöhrəsini qara buludların alması elə sürətlə baş verdi ki.
-Sən xəstəsən?!
Çığırtı idi əsil, servantdakı qablar belə cingildədilər.
Ev yiyəsi sifətində anlaşılmaz ifadə təpədən dırnağa onu süzəndə O özü də sanki birdən ayıldı, lapdan öz görkəminə tamaşa etdi. Nimdaş paltarda onun-bunun qapısında yük daşıyan dünyanın ən xoşbəxt adamı... Təzaddan diksindi.
“O yazıçı mənəm” etirafının qarşısındakı insanda doğurduğu təəccüb, heyrət anını ən xırda, gözlərin bərəlib hədəqəsindən çıxması, dilin tutulub söz demək əvəzinə kəkələməsi halınacan müşahidə etdi bir anda.
“Sən məzələnirsən mənimlə?!” kəlmələrinin səslənməsi ilə ev yiyəsinin iri yumruğunu düyünləməsi bir-birini izlədilər. Bir anda çox uca, qızılı qübbələri bərq vuran əzəmətli sarayın yerlə yeksan olması səhnəsi canlandı Onun gözləri önündə, hətta qulaqbatırıcı gurultunu da eşitdi, hətta uçqunun yaratdığı toz dumanına da bələndi. Kaş ki deməzdi. Niyə dedi axı?
-Sən müqəddəsliklərə niyə çirkab ələyirsən ki?, -deyib ev yiyəsi iki addım atıb onunla burunburuna dayandı.
Bəlkə desin, zarafat eləyirdim? Eşşəyə minmək bir eyib, düşmək iki eyib. Belədə lap işləri korlamazdımı?
-Vallah o adam...mənəm... – deyib də durdu. Geriyə yolu yox idi. Mağıl, kitabları təxəllüslə yazmasaydı, şəxsiyyət vəsiqəsini göstərib bu tərs oğlu tərsi inandıra bilərdi ki həmin yazıçı özüdür.
-Belə lox sayırsan məni?!!!
-Allah eləməsin. Sizi necə inandırım ki...
-Ə, düdük, sən bilirsən, qabağındakı kimdi?!
Birdən başı boyda olan yumruq sifətinə necə açıldısa arxaya üç-dörd metr uçub yerə dəydi. Ağrıdan qovrula-qovrula qaldı. Dərhal ağzında metal tamı hiss etdi, yaxasını yaş edən isti maye üzüaşağı axmağa başladı.
Tappıltı səsinə gələn ahıl kişi mənzərəni görüb ev sahibinə sual etdi:
-Neynədi, oğurluq elədi?
Ev sahibi başını buladı:
-Kaş ki elə oğurluq edəydi.
Söyüşün biri bir qəpiyə çıxmışdı. “Bu dəqiqə rədd ol get burdan, sənin murdar simanı görməyim” tapşırığına riayət etməliydi. On səkkiz qutu kitab bağlayıb, maşına daşımışdı. İşin əsasını görüb qurtarmışdı. Amma belə görünür, heç iyirmi manatını da ala bilməyəcəkdi.
İçinə elə bir qəhər dolmuşdu ki, axan qanını laxtalanmağa qoymurdu, biləyi ilə burnunu silirdi, amma qan şırıltıyla gəlməyindəydi.
-Demədim, rədd ol burdan?!
Son üç ayın pulunu ödəyəcəyi ev sahibəsinin pula uzalı əlini boş qoyaraq, marketdəki qırmızı “milliön” cihazının qarşısında işıq, qaz, su çeklərini qaytarıb cibinə dürtərək, kiçik uşağı apardığı poliklinika kabinəsinin qapısından məyus halda geri dönərək bu evdən çıxdı. Gücü ancaq bir tin getməyə çatdı. Bir hündür hasara kürəyini söykəyib yerə oturdu. Acı-acı ağlamağa başladı.
Döş cibindəki qırmızı rəngə boyanmış bazarlıq siyahısının altından kəskin ağrı duyurdu.
SON