“Ədəbiyyat və incəsənət” portalı AYB-nın poeziya seksiyasının rəhbəri, Əli Kərim adına Sumqayıt Poeziya Evinin müdiri, şair İbrahim İlyaslının Aysel Fikrətin “Göylərin adamı” kitabı haqqında qeydlərini təqdim edir.
İmzasına da, özünə də böyük sayqı duyduğum, çağdaş poeziyamızın tanıqlı bir imzası olan şair Aysel Fikrətin yeni nəşr olunan “Göylərin adamı” adlı şeirlər kitabını oxuyuram. Oxuyuram yox, dinləyirəm desəm, daha düzgün olar.
Özünü və səsini tanıdığımdan dolayı, bu şeirləri onun öz səsində dinləyirəm sanki. Yaşanmış hisslərin, özəl və bəşəri duyğuların qəlbdən qələmə gələn yolu səsli olur, zatən. Müəllif qələmə sarılınca öz içində oxuyur bu misraları. Pafoslu, ritorikalı şeirlərdə bu səs dağ çayı misalı bir haraya, dənizdə qopan fırtınanın gurultusuna dönür. Kövrək duyğuların qələmə axışında isə bir çeşmənin həzin şırıltısı duyulur kənardan. Mən şeir oxuyanda bu səslərə diqqət kəsilirəm, adətən. Oxucular özlərindən asılı olmayaraq şeirin harmoniyasını duymağa, duyğuların pıçıltısını eşitməyə can atır, şairin nə yazdığını yox, nə dediyini duymaq istəyir, özünü axtarır bu misraların arasında... Ayselin poeziyasının özəlliyi ondadır ki, bu şeirlərin hər biri kiməsə, nəyəsə üz tutub deyilir. Onun poeziyası bizimlə dərdləşməyi, paylaşmağı, bölüşməyidir, sanki. Gah doğmalarına, dostlarına, onu sevənlərə, gah da sevdiklərinə və ya sözü olan adamlara üz tutub səmimiyyətlə könlündəkiləri ismarlayır. Ümumiyyətlə, şeirlər bir-birindən poetik yükünə görə fərqlənir. Aysel Fikrətin şeirləri duyğu və düşüncələrlə yüklənmiş, eyni zamanda poetikası ilə oxucu qəlbinə yol tapan şeirlərdir. Şeirin missiyası poeziyanın vasitəsi ilə oxucunu ya kədərdən, ya sevincdən heyrətləndirməkdir. Aysel Fikrətin şeirlərini dinləyərkən, onun duyğularını necə dilə gətirməyinə heyran olmaya bilmirsən. “Məhəlli sevgi” şeiri aşağıdakı misralarla başlayır:
Hər yerdə deyirəm sevmirəm səni, Bu mənə sevgidən betər dərd olur...
– bu misraları oxuyub da şeiri sonacan necə oxumayasan, necə duyğulanmayasan?
Gec oldu, bax, saatlar da qocaldı, Çox gec oldu öz canıma dönüşüm...
– payızın bu cür təsvirinə necə heyrətlənməyəsən?
Bu gün göydə buludları dincəldin, Çəmənləri göz yaşlarım suvarsın...
– yağış şeirindən götürülmüş bu misralar adamı özündən alıb aparmazmı?
Məni görən olsa deyin ki, sağam...
– zaman şeirindəki təkcə bu misra nələr demir, nələr söyləmir oxucuya?... Əlbəttə, bu cür heyrətamiz sitatların sayını nə qədər desən artırmaq olardı. Amma oxucuların zövqləri müxtəlif olduğundan buna ehtiyac duymuram. Əminəm ki, Aysel Fikrətin yeni şeirlər kitabını oxuyanların özlərinin də ayrıca və bəlkə bundan da gözəl sıralamaları olacaq. Kitaba daxil edilmiş vətənpərvərlik mövzulu, müharibə ağrılı şeirlər isə ayrıca bir yazının mövzusudur.
Ümidvaram ki, kitab nəşr ediləndən sonra ədəbi tənqidimiz də öz sözünü deyəcək... Aşağıdakı iki bəndi isə fikrimin yekunu olaraq bu yazıya əlavə etmədən ötüşmək mümkünsüzdür:
Anam mənə məktub yazdı bu sabah, Kağız bildi, qələm bildi, mən bildim. Anam mənə məktub yazdı bu sabah, Nə danışdım, nə ağladım, nə dindim.
Mən də indi bu məktubu yazıram, Unutduğum, itirdiyim hər kəsə. Hamı küssün öz bəxtinin payından, Məktubumdan xəbər tuta bilməsə.
Mən də deyirəm: Aysel Fikrətin bir növ elə oxuculara məktublardan və ismarıclardan ibarət olan bu şeirlər kitabını oxuya bilməyən öz bəxtindən küssün. Oxuyaq və xəbər tutaq. Xəbər tutaq və zövq alaq. Kitab rəfimizi daha bir kitab zənginləşdirsin!
“Ədəbiyyat və incəsənət”
(14.11.2024)