“TIME” jurnalının versiyasında tarixin ən təsirli 100 kitabından biri - “BEYNİMDƏKİ MELODİYA” - oxumağa dəyər! Featured

“Qədim Qala Nəşriyyatı”nda bir neçə yeni kitab nəşr edilib. Yeni nəşrlərlə bağlı nəşriyyatın direktoru Şöhlət İxtiyaroğluna müraciət etdik. O, nəşriyyatın yeni kitablarını oxucularımıza təqdim etdi:

 

“BEYNİMDƏKİ MELODİYA”

Bu kitadakı Melodinin 10 yaşı var. Anadanəglmə serebral iflicdən əziyyət çəkir. Yeriyə, danışa, öz qayğısına qala bilməsə də, Melodi hamı kimi düşünə, anlaya, qavraya bilir. Lakin fiziki məhdudiyyətləri ucbatından əksəriyyət onun həm də əqli qüsurlu olduğunu düşünür. Bu isə Melodini dəli edir. Ancaq Melodinin bəxti onda gətirib ki, valideynləri və qonşusu Missis Violet onun dərrakəli olduğunu bilirlər və ona öz bacarıqlarını üzə çıxarmaq üçün kömək edirlər. Əsərdəki Missis Violetin prototipi elə müəllifin özü də sayıla bilər. O, Melodiyə öz imkanları daxilində özünü qorumağı, müdafiə etməyi öyrədir, ona inanmayanlara inad təslim olmamağa, özünü sübut etməyə ruhlandırır və Melodi bunu bacarır. İnklüziv dərslərə qoşulanda Melodinin kifayət qədər ağıllı, savadlı olduğu aydınlaşır. O, yarışda bütün “normal” uşaqlardan yaxşı nəticə göstərir və beləcə, komanda yarışında iştirak etmək hüququ qazanır, komandanın bir üzvü olur. Həyatının ən böyük uğurunu və elə məyusluğunu da burada yaşayır. 

Melodinin öz dilindən nəql edilən bu kitabı oxuduqca zaman-zaman güləcək, bəzən kədərlənəcək, bəzən də Melodinin gördüyü münasibətdən qəzəblənəcək, onun çıxılmaz vəziyyətini anlayıb ağlayacaq.

Kitabın müəllifi ŞERON M.DREYPER peşəkar təlimçi olmaqla yanaşı, həm də uğurlu yazıçıdır. O, “KIRKUS – İlin ən yaxşı kitabı” (“KIRKUS Best Book of the Year”) mükafatının qalibidir. “Beynimdəki melodiya” “TIME” jurnalının “Tarixin ən təsirli 100 kitabın¬dan biri” və “New York Times” bestseller siyahılarına daxil edilib. 

Müəllif həm də uşaqlar üçün maraqlı bədii əsərlər yazdığına görə “Charlotte Huck Award” mükafatının qalibi olub. “Beynimdəki melodiya” serebral iflicdən əziyyət çəkən qız haqqındadır və kitabın bu qədər real və uğurlu alınmasının bir səbəbi də müəllifin öz qızı Vendi M. Dreyperin də eyni xəstəlikdən əziyyət çəkməsidir.

 

“DAİRƏVİ EV”

1998-ci ilin yazında cümə günü Şimali Dakota ştatında bir hindu qadın zorlanır. Bu hücumun təfərrüatları yavaş-yavaş üzə çıxır, çünki təcavüzə uğrayan Ceraldin travma alır və nə polisə, nə əri Bezilə, nə də on üç yaşlı oğlu Coya bu barədə danışır. Conun həyatı bir gündə dönməz şəkildə dəyişdi. O, anasının psixi vəziyyətinin yaxşılaşması üçün əlindən gələni edir. Lakin Ceraldin hələ də yataqdan qalxa bilmir, tənhalıq quyusunda təkbaşına çabalayır. Ona görə də Co qəfildən özünü heç vaxt hazır olmadığı böyüklər dünyasında tapır.

Atası qəbilə hakimidir və o, ədalətin olmadığı bu vəziyyətdə belə ədalətin bərqərar olması üçün mübarizə aparır. Conun isə rəsmi araşdırmanın nəticəsini gözləməyə səbri çatmır, ona görə də anasına kimin hücum etdiyini öyrənmək üçün dostları Kappi, Zak və Angus ilə birlikdə özü araşdırma aparmaq qərarına gəlir. 

“Dairəvi ev” ürək parçalayan bir roman, anasını zorlayan adama, torpağındakı haqsızlığa, zorakılığa qarşı uşağın dodaqlarından çıxan qəzəb nidasıdır”.

 

“ONLAR TANRIYA İNANIRDILAR”

“Onlar Tanrıya inanırdılar” kitabına dünya şöhrətli alim və yazıçıların din, Tanrı, inancları haqqında sənədlərlə sübut olunmuş fikirləri daxil edilib. Bu kitab on bir illik tədqiqatın nəticəsidir. Müəllif bu kitabı tərtib etmək üçün yüzlərlə kitab, məqalə və məktubları tədqiq edib. Xüsusilə Bolqarıstan Milli Kitabxanasının, Milan İctimai Kitabxanasının və Avstriya Milli Kitabxanasının Vyana arxivlərindən istifadə edib, həmçinin bir çox Nobel mükafatı laureatları ilə yazışaraq onların Allah haqqında fikirlərini öyrənib.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.