MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Vahid Əzizin şeirləri Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

VAHİD ƏZİZ,

Xalq şairi

 

 

ZƏFƏR MİLLƏTİMİN ALTUN TACIYMIŞ

 

Zəfər millətimin altun tacıymış,

özü yetməliymiş qisas zamanı,

həm savaş xəmiri çox acıyıbmış,

həm də müharibə acıymış hamı!

 

Görəndə şəhiddi nə cür igidlər,

qanları coşurdu mərd oğlanların,

hərbi hissələrə yeniyetmələr cumurdu –

“bizi də əsgər aparın!”

 

Yaralı tanıdım şirin qanıynan

udaraq söndürür qəlb acısını,

nişanın qaytarıb əsgər yollanan

sevdim neçə-neçə tibb bacısını.

 

Qaçqın nənələrin əli qaşında,

Yollara baxırdı – “nə oldu Şuşam?”,

Qonşuda bir ahıl – Doxsan yaşında,

döşünə döyürdü – “topçu olmuşam!”

 

Bu Zəfər millətin altun tacıymış,

Qələbə yetişdi Qırx dördcə gündə,

 həm “savaş xəmiri” çox acıyıbmış,

 millət müharibə “acıymış” həm də...

 

 

SƏN MƏNİM ƏBƏDİ QARABAĞIMSAN...

 

Yetişdin zirvənə, üçrəngli Bayraq!

Qarabağ – qəlblərdə atəşsən, odsan,

Dözdük hicranına alovlanaraq,

Düşmən elə bildi – “Unudulmusan”.

 

Qələbə gətirdi Bayraq özüylə,

Günü başlamaqda – “Vətən” sözüylə,

Yağı elə bildi “Cıdır düzüylə”,

Keflənib, hallanıb yerimək asan.

 

Dirçəldin – qəfəsdə quş olsan belə,

Həsrətli gözlərdə yaş olsan belə,

Bir şeyi bilirəm – daş olsam belə,

Qarabağ, köksündə ərimək asan!

 

Qurtardıq – Sərsəngi, əsir Tərtəri,

Ordunun dizində millət təpəri,

İndi “Xarıbülbül” adlı gülləri,

Doğma öpüşlərə bürümək asan.

 

Qarabağ, yenə də bəxtəvər görün,

Közərir kül tutmuş közün, kömürün,

Ötəri olsa da cahanda ömrüm,

Sən mənim əbədi Qarabağımsan...

 

 

MƏNƏ YÜZ İL ÖMÜR ARZULAMAYIN

 

Mənə yüz il ömür arzulamayın -

Xəzan yarpağıtək qovmasın külək,

Gözlərim görsə də, ayağım - əlim

Əsalı olanda dayansın ürək.

 

Mən yüz il ömür arzulamayın -

Bu qədər yaşayan hansı çiçəkdir?!

Mən yaşda qalmırsa taytuşum-tayım,

Qurdnan qiyamətə qalmaq deməkdir.

 

Mənə -" Yüz il yaşa" - deməyin, dostlar,

Yerişim, gülüşüm, səsim itməsin,

Məndən cavan olan, gümrah olanlar

Çiynimdə dünyadan köçüb getməsin.

 

Mənə elə ömür arzulayın ki,

Ölüncə ümmantək çağlaya bilim,

Qapı - pəncərəni öz evimdəki

Özüm aça bilim, bağlaya bilim.

 

Tanrıdan bir ömür diləyin mənə,

Taleyim sevgiylə baxsın üzümə,

Görsün yad payına şərik deyiləm

Gərək olmayanda özüm-özümə,

Deməli heç kəsə gərək deyiləm!

 

Sağlıqlar deyəndə hərdən şənimə,

Nə özüm kövrəlim, nə sizə gülüm,

Tanrıdan bir ömür diləyin mənə,

Hər vaxt sevə bilim, sevilə bilim.

 

Mənə yüz il ömür arzulamayın -

Ləyaqət, təmiz ad atıb getməsin

Dünyaya qalacaq malı dünyanın -

Karvanın lənətə batıb getməsin

Mənə yüz il ömür arzulamayın...

 

 

HƏKİMƏ MƏKTUB

 

Həzin bir nəğmədir ürəyimdəki,
elə hey çağlayar, elə hey daşar,
yarsan-ürəyimdə asta gəz, həkim,
birdən bıçağına arzum dolaşar. 

 

Ovcuna çilənsə, qorxma, qan deyil-
billur bir sevdadır axar sinəmdən,
mənim ki ürəyim damardan deyil,
asılmış bir qızın hörüklərindən!

 

Çətin ki qəlbimi görərsən, həkim,
bürünmüş guman ki, dumana, çənə,
guman ki, yaram da köhnəldiyindən
köhnə bir tanıştək yad gələr sənə.

 

Bəlkə ağlayarsan, həkim, yenə də,
doğrayıb-qırarsan barmaqlarını,
həkimlər-hər dəfə insan oləndə,
itirər əlinə etibarını…

 

 

YADIMA DÜŞÜR

 

Payızın eyvana dəyir qədəmi.

Nəmli məhəccərdən əlim sürüşür.

Dibçəkdə soluxan qızıl gül kimi,

Səni gözlədiyim yadıma düşür.

 

İndi xatirələr qalxır eyvana

Soyuq varlığımı bürüyə bilmir.

Çiskindən, dumandan, qəmdən o yana

Sənli xatirələr yeriyə bilmir

 

Yerdən çox hündürdə keçdi illərim.

Qəlbinə gah uzaq, gah yaxın oldum.

Hələ də məhbusdur, xatirələrim.

Mən sənin bir eyvan dustağın oldum.

 

O, qədər giley var bu qapılarda.

Hər elçi bir təzə yar gətirərdi.

Bir çinar mən qədər dursaydı, burda.

Bəlkə də həsrətdən bar gətirərdi.

 

Payızın eyvana dəyir qədəmi.

Nəmli məhəccərdən əlim sürüşür

Dibçəkdən boylanan qızıl gül kimi.

Səni gözlədiyim yadıma düşür...

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.