MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Cavid Babayev, “Üç nəfərlik motosikletlər” Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir. 

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

NƏSR

 

CAVİD BABAYEV

 

 ÜÇ NƏFƏRLİK MOTOSİKLETLƏR 

(hekayə)

 

Sən demə, məşhur Benzlər ailəsinin uşağı olmurmuş.

Avtomobil sənayesinin pioneri Karl Benz ilk gördüyü andan etibarən Bertha Ringerə aşiq olur, onunla evlənir, lakin sonradan Berthanın heç vaxt dünyaya uşaq gətirə bilməyəcəyi gerçəyiylə üzləşir. Elə Bertha da bu gerçəklikdən evlilikdən sonra xəbər tutur və dərhal Karldan ayrılmağı qərara alır. O, Karlı o qədər çox sevirmiş ki, onun sağlam, doğurğan bir qadınla ailə həyatı qurmasını və hələ evliliklərindən əvvəl Karlın həvəslə söhbət açıb dil boğaza qoymadan danışdığı “oğlan uşağı arzusu”nun reallaşmasını istəyirmiş. Bir axşam Karl əlində şərab şüşəsi, qoltuğunda qırmızı lentlə bağlanmış şokolad qutusuyla evə girib şad-şalayın işlərin necə əla irəlilədiyiylə bağlı sözə başlayanda Bertha ağlamaqdan özünü güclə saxlayır. O özünü Karlın bu böyük xoşbəxtlik şorbasının içinə düşmüş murdar bir milçək kimi hiss edir. Şam yeməyi boyu Karlın dilindən, gözündən sıçrayıb getdikcə ətrafı öz ağuşuna alan sevinc qığılcımlarının atəşinə tab gətirmir və ağlaya-ağlaya içini tökür. İş-güc əlindən arvadıyla doğru-düzgün vaxt keçirə bilməyən Karl o an bu qadının qəlbindəki gizli ağrılardan bu vaxtacan necə bixəbər qaldığının fərqinə varır. Həmin gecə mətbəxdə yemək masası başında arvadını bərk-bərk qucaqlayıb üz-gözündən öpən Karl Benz özünə bir söz verir: söz verir ki, bundan sonra atacağı hər addım arvadının xoşbəxtliyinə xidmət edəcək. 

İllər keçir və Benzlər işlərində uğur qazanırlar. Bildiyiniz kimi, Karl Benz işində uğurlu olmaqla qalmır, hətta adını tarixə “avtomobilin atası” olaraq yazdırmağı da bacarır. Həyatları maddi baxımdan qaydasına düşən Benzlər pillə-pillə bütün problemlərdən xilas olduqca uzun müddətdir mətbəxlərinin tavanından asılı qalan o səssiz boşluq daha çox gözə batmağa başlayır. Karl uşaq mövzusunu yenidən açmaq barəsində haqq sahibi olmadığını düşündüyündən, həmişə söhbətin istiqamətini Berthanın müəyyənləşdirməsini gözləyir. Nəhayət, Berthanın bir sualı hər şeyin başlanğıcı olur: “Niyə düzəltdiyin maşın 1 yox, 3 yox, 5 yox, məhz, 2 nəfərlikdir?” Yəqin, təxmin edə bilirsiniz, bu sual başqa hansı suallara açar ola bilər. Bertha bu açarı kilidə özü qəsdən salmışdı. Beləliklə, bəzi qapılar açıldı və Benzlər övladlığa uşaq götürmək qərarına gəldilər. Qara saçlı, qara gözlü, qarayanız, iki yaşlı bir oğlan uşağı. Yox, üç yaşlı... yox, beş. İlahi, o necə də tez böyüyür. Çox keçmədi, Karl Benz anladı ki, artıq onun həyatında iki nəfərlik şeylərə yer yoxdur. İki nəfərlik çarpayılar üç adam tuturmuş. Beşiklər balaca otaqları daraltmır, böyüdür. Hər şeyi üç bərabər hissəyə bölmək olar. Hər şeyi! Bəs velosipedləri necə? Onları da üç bərabər hissəyə bölmək olar? Karl Benz ilk dəfə “ata” deyə çağırılanda anlamışdı... Anlamışdı ki, olar. Kağız üstündə cızma-qara və budur, Berthanın velosipedinin artıq 3 təkəri var. Velosipedi Karl idarə edir, arxasında Bertha və möhkəm borularla yan hissəyə bərkidilmiş böyük təkər üstündəki oturacaqda qara bir uşaq. Bu da son şəkil. Bilmirəm Benzlər xoşbəxt oldu, ya yox, amma deyə bilərəm ki, üç nəfərlik motosikletlər bax belə yarandı.

Bütün bunları mənə Deyşa demişdi. Deyşa qəhvəyi gur saçlı, geniş kürəkli, hündürboy, 29 yaşlı bir qız idi. Mən isə o vaxtlar 11 yaşlı cılız bir oğlan uşağıydım. Qara Qarayev metrostansiyası yaxınlığındakı beşmərtəbəli binalardan birində, beşinci mərtəbədə nənəmlə birlikdə yaşayırdım. Günüm məktəblə ev arasında nənəmin öyüdlərini dinləməklə keçirdi. Qarayevdə birlikdə vaxt keçirə biləcəyim cəmi bir dostum var idi. Adını bura yazmağın doğru olmayacağını düşünürəm, ona görə də hələlik ona T deyək. Dərslərin əlindən çölə çıxmağa çox da imkan olmurdu, ancaq olan kimi T’ylə maşın yolunda top oynamağa gedərdik. Futbol stadionunu əvəz edə biləcək başqa bir yer yox idi. Maşın yolu Deyşanın qaldığı iyirmi mərtəbəli binayla bizim binanı biri-birindən ayırır, qıvrılaraq məhəllələrdən keçir, metrostansiyaya qədər uzanırdı. Biz ta uşaqlıqdan burada məskən salmışdıq, ancaq bir dəfə də olsun, Deyşa adlı birinə rast gəlməmişdik. Deyşanın bura nə vaxt gəldiyiylə bağlı heç kim heç nə demirdi. Sanki o qəflətən yolun altından çıxıb qarşı binaya düşmüşdü. İndiyədək “Deyşa” deyə bir ad eşidən də olmamışdı, ona görə onun hansı torpaqlardan gəldiyi də hamıya qaranlıq idi. Soruşacaqsınız ki, bəs niyə bütün bunları kimsə onun özündən soruşmurdu? Məsələ burasındadır ki, o bir az, necə deyərlər, təhlükəli görünürdü. Məsələn, ətrafda ondan başqa tək yaşayan adam tanımırdıq. Hələ-hələ qadın olaraq tək yaşamaq bu məhəllələrə yad bir şey idi. Deyşa bütün qadınlardan iri, hətta kişilərin bəzilərindən də hündür və cüssəli görünürdü. Onun gözəl olduğuyla hamı, yəqin ki, razılaşardı, lakin zeytun dənəsi kimi qara gözləri insanların cəsarətini qırır, ona yaxınlaşmalarına əngəl olurdu. Kişilər kimi geyinərdi. Heç kim onu yubkada, donda, ya da adi ətəkli paltarda bir dəfə də olsun görməmişdi. Saçlarını mismara bənzər qəribə dəmirlərlə yığar, heç vaxt makiyaj etməz, əynində dəri kurtka, onunla dəst şalvar və qoltuğunda dəbilqəsi olardı. Hə, yanlış eşitmədiniz! Dəbilqə. Çünki onun üç nəfərlik motosikleti vardı. O vaxtadək üç nəfərlik motosiklet görməmişdim və əminəm ki, bizim məhəllənin adamları da görməmişdi. Qarayev küçələrində yalnız iki təkərli kuryer motosikletlərinə rast gələ bilərdin. Hər səhər Deyşanın motosikletinin səsi eşidilərdi. Məktəb avtobusuna çatmaq üçün səhərlər tezdən – saat 6-da oyanıb hazırlaşar, evdən çıxana yaxın o səsi eşidər və Deyşanın da yola düşdüyünü anlayardım. Məktəbdən qayıdıb eyvanımızda çay səfası sürərkən də çox keçməz, küçə başından motosikletin səsi gələr, Deyşa eyvanımızın qabağına çatarkən sağa burulub üzbəüz evlərin arasıyla 20 mərtəbəli binaya doğru irəliləyərdi. 13-cü mərtəbədə qaldığını bilirdim, çünki bu mərtəbənin eyvanında onu görmüşdüm. Nə qədər uzaqda olursa-olsun, onu tanımamaq mümkün deyildi. Gecə gec saatlara qədər dərs oxuyardım və fasilələrdə hərdən eyvana çıxıb boş-boş qarşı binalara baxardım. Deyşanın mənzilinin işıqları həmişə yanılı olardı. O vaxtlar qaranlıqdan qorxduğu üçün işıqları yanılı qoyduğunu düşünərdim, amma sonra onun pəncərə qarşısından o yan-bu yana keçdiyini, arabir eyvana çıxdığını görəndə sadəcə yata bilmədiyini başa düşdüm. Lap işıqlar sönülü olsa da, pərdəyə düşən mavi şüadan televizorun açıq olduğunu anlamaq olurdu. Axı necə belə gec yatıb tez oyana bilirdi? Hara gedirdi? İşləyirdi? Nə işləyirdi? Bunları da bilmirdim. Ən maraqlısı da bu idi ki, o niyə tək yaşamağına baxmayaraq, belə böyük 3 nəfərlik bir motosikletə sahib idi?! Ona kiçik kuryer motosikleti və ya iki nəfərlik adi motosiklet bəs edərdi. Ağlıma da gəlməzdi ki, bir gün onun motosikletinə oturmaq və bu sualı ona şəxsən ünvanlamaq imkanım olacaq.

Dekabr ayının tam ortasında, soyuğun bıçaq kimi kəsdiyi günlərdən birində dərsdən sonra kəskin qarın ağrısı səbəbindən məktəb tualetində qıvrıla-qıvrıla qalmışdım. T də xəstələnmiş və dərsə gəlməmişdi. Bütün günümü və tualetdəki ağrılarımı təkbaşına yaşadıqdan sonra birtəhər özümü toplayıb həyətə çıxanda bizim xidmət avtobusunun artıq məktəbdən uzaqlaşdığını gördüm. Arxalarıyca nə qədər əl yelləyib çığır-bağır salsam da, fərqimə varmadılar. Məni yaddan çıxarmışdılar. Hələ davam edən ağrıyla əlim qarnımda dayanacağa sarı gedəndə düz yanımda tanış səsi eşitdim. Bu, Deyşanın motosikleti idi. Kaskanın altından səs eşidildi: “Gəl, mən səni aparım”. İlk dəfəydi, onu belə yaxından görürdüm. Dəbilqəsinin şüşəsində qəribə şəkildə buruşmuş əksimi görüb özümü toplamağa çalışdım. Əvvəlcə etiraz etdim, çünki sözün düzü, deyəsən, mən də ondan bir qədər qorxurdum. İsrarla oturmağımı istədi. Nəhayət, çantamı kürəyimdən çıxarıb qucağıma aldım və yan oturacaqda büzüşdüm. Kəlmə kəsmədən bir xeyli yol getdik. Motorun səsi qulaq batırırdı. Qaranlıq otaqdaymışam kimi ətrafa diqqət kəsilmişdim. Açara keçirilən brelok gözümə sataşdı. Bu heyvanı biologiya kitabında görmüşdüm. Koala. Ara küçələrdə kəskin dönüşlər etdikcə balaca koala fiquru o yan-bu yana yellənirdi. Birdən Deyşa başını mənə sarı çevirdi. Özümü itirib gözlərimi tez yellənən brelokdan çəkdim və solumdan axıb gedən mağazalara baxmağa başladım.

– Nolub? Qarnın ağrıyır? – Deyşa qəfil soruşdu.

– Nə?

– Deyirəm qarnın ağrıyır?

– Hə, bir az.

Əlini oturacağımın yanına salıb kiçik bir termos çıxardı.

– Götür iç! Yəqin, soyuqlamısan.

Qapağı açanda zəncəfil qoxulu çayın ətri məni vurdu. Soyuqda buxarlanan çaydan içə-içə öz-özümə düşünürdüm: “Səsi təsəvvür etdiyim kimi kobud deyilmiş. Əksinə, mehribandır”. Yol boyu bir çox şeyin təsəvvür etdiyim kimi olmadığını başa düşdüm. Oğrun-oğrun ona baxır, xəyal dünyam və reallıq arasındakı fərqlərdən təəccüblənirdim. Axır, gəlib çatdıq. Məni binamızla üzbəüz marketin qarşısında düşürtdü. Təşəkkür edib uzaqlaşmaq istəyərkən dedi:

– Yaxşıca dincəl! Anana deyərsən sənə isti şorba hazırlayar. Yaxşı?

– Mənim anam yoxdur. Nənəmlə qalıram, – qeyri-ixtiyari bu kəlmələr ağzımdan töküldü. Duruxdu, qaldığım binaya baxdı. Kaskanın altında hansı ifadənin gizli qaldığını bilmədim.

– Onda nənənə deyərsən. – dedi və motoru işə salıb ara küçələrdə gözdən itdi.

O axşam nə düz-əməlli yemək yeyə, nə də dərs oxuya bildim. Elə hey Deyşa haqqında düşünürdüm. Düzü, heç qarın ağrısını da hiss etmirdim. Özlüyümdə qərar verdim ki, bu haqda mütləq T ilə danışmalıyam. Belə də etdim.

Sabahısı olanları T-yə danışdım, lakin o mənə inanmadı. Deyşaya kiminsə yaxın düşə biləcəyini mümkünsüz sayırdı. Ona izah etməyə çalışdım ki, təsəvvürümüzdəkilər yalandır, ancaq T məni dinləmədi. Bircə yolum qalırdı. T-ni o motosikletə mindirmək. Nə olur-olsun, bunu bacarmalıydım. Plan qurmağa başladım. Onun məktəb avtobusuna minməsinin qarşısını almalı, özümlə dayanacağa aparmalı və nəhayət, Deyşanın oradan keçməsini gözləməliydim. Gün boyu T-yə tez-tez sudan, çaydan, bufetdən aldığım meyvə şirələrindən təklif etdim. Dərsdən çıxanda isə mənlə ayaqyoluna qədər gəlməsini istədim. Əlbəttə ki, o da içəri keçmə ehtiyacı duydu. Elə bu an barmaq uclarımda cəld içəridən çıxıb təmizlikçinin qapı yanındakı dolaba söykədiyi saplı süpürgəni T-nin qapı kilidinə bərkitdim. Ayağımla süpürgəyə dayaq oldum. Planımın qalanı öz axarıyla getdi. T-ni inandırmağa çalışdım ki, qapı öz-özünə kilidlənib və mən də guya açmağa kömək edirdim. Təbii ki, biz çıxanda avtobus artıq yox idi. T mənimlə dayanacağa getməyə məcbur oldu. Geriyə Deyşanın gəlməsinə ümid bağlamaq qalırdı. Hər şey gözlədiyimdən də tez baş verdi. Uzaqdan motosikletin gəldiyini görən kimi cəsarətimi toplayıb əlimi azca yuxarı qaldırdım, ancaq tez də endirdim. T nə etdiyimi anlamağa macal tapmamış motosiklet qarşımızda dayandı və Deyşa kaskanın şüşəsini qaldırıb muncuq kimi gözləriylə bizə baxdı.

– Bu dəfə ikiniz də avtobusu ötürmüsünüz? – soruşdu.

– Hə, – cavab verdim.

Sonra olanları anlatmağıma ehtiyac belə yoxdur. T, gözlədiyim kimi, yan oturacaqda quruyub qalmışdı. Heyrətdən ağzını bıçaq açmırdı. Mən isə dediklərimin doğruluğunun isbatından zövq ala-ala Deyşanın arxasında oturub onun belindən yapışmışdım. Yol boyu özümü həm xoşbəxt, həm də bir qədər qəribə hiss edirdim. Deyşanın belini qucaqlamağımın nə mənaya gəldiyini anlamağa çalışıırdım. Filmlərdəki oğlanlar kimi hiss edirdim özümü. Uşaq ağlımla sanki Deyşanın mənim olduğuna qərar vermişdim. O vaxtlar bu hissin nə olduğunu anlaya bilməmişdim. O, nişanlım, sevgilim, dostum, bacım, yoxsa anam idi? Bəlkə, hamısı birdən? Bəlkə, heç biri? “Əsas odur ki, xoşbəxtəm” deyə, düşünüb bütün suallardan imtina etdim.

Ancaq xoşbəxtliyim çox uzun sürmədi. Növbəti gün T vacib bir məsələ ilə bağlı danışmaq istədiyini deyib məni bir küncə çəkdi.

– Anam o motosikletə mindiyimizi öyrənib. – dedi.

– Nə olsun ki?

– Dedi ki, bir də olmasın!

– Niyə?

– Çox bir şey demədi, sadəcə, dedi ki, o, yaxşı qız deyil. Onun yanında olmamalıyıq.

– Dəli olmusan? Soyuqda qarın ağrısından qıvrıla-qıvrıla küçələrdə qalanda məni evə aparan o oldu. Bəs dünən ikimiz də avtobusu ötürəndə bizə kim kömək etdi?

– Bilirəm. Bəs indi nə edək?

– Qulaq as, böyüklər hələ də elə bilirlər ki, Deyşa təhlükəli, pis bir adamdır. Biz onlara göstərməliyik ki, bu belə deyil. Əgər onun bizə necə kömək etdiyini hamı görsə, onda hər şeyi özləri başa düşəcəklər. Lap biz özümüz də onlarla söhbət edərik.

Həmin gün T ilə ətraflı söhbət edib axşam evə yenə Deyşayla qayıtmağa razı saldım. Bu dəfə Deyşayla aramdakı sədlərin qırıldığını, bağlarımızın gücləndiyini hiss edirdim. Onunla söhbət edib suallar verirdim. Motosiklet belində onu qucaqlamaq içimi güvən hissi ilə doldururdu. Əmin əllərdə idim və ən əsası, ilk dəfə idi ki, məni qoruyacaq, yanımda ola biləcək, problemlərimi bölüşüb birlikdə həll yolları yarada biləcəyim bir insana sahib olmağa başladığımı duymuşdum. O axşam Deyşaya üç nəfərlik motosikletlər barədə olan sualımı da verdim. O da Karl Benzlə bağlı həmin o hekayəni danışdı. Bəlkə də, hekayəni birbəbir mən yazdığım sözlərlə, mən yazdığım formada nəql etməmişdi, ancaq hər halda mövzu da, məqsəd də eyni idi.

Bir gün daha keçdi və hər şeyin necə daha bərbad bir hal aldığının fərqinə vardım. T döyülmüşdü.

– Anam dedi ki, bir də sözündən çıxsam, lap pis olacaq. – T tənəffüsdə başını aşağı salıb sulu gözlərlə olanları danışmağa başladı. – Dedi ki, hər şeyi gedib nənənə deyəcək!

– Nənəmə?

– Hə. Üstəlik, dedi ki, özü Deyşanın ağlını başına gətirəcək.

– Bu nə deməkdir?!

– Bilmirəm! Dedi ki, əgər sən də motosikletdən əl çəkməsən, bizi birlikdə oynamağa qoymayacaq.

– Axı niyə?!

– Deyir, Deyşa yaxşı qız deyil. Siqaret çəkir, pivə içir, gecələr tək qalır. Deyir... deyir...

– Nə deyir?

T üzünü yana çevirib asta səslə deyəcəyi son sözləri də dedi:

– Deyir ki, o, pozğundur!

– Pozğun?!

Qulaqlarıma inanmırdım. Bu deyilənlər doğru ola bilməzdi. Hər şey yalan idi, yalan!

T ilə dərsin sonuna qədər, demək olar ki, kəlmə kəsmədik. Olanlar qarşısında deməyə sözümüz qalmamışdı. Çıxışda hamı avtobusa tərəf irəlilədi. T də hamıyla birgə. Mən yerimdən tərpənmədim. T geri çevrilib gəlmədiyimi gördü. Çarəsizcə gözlərimə baxdı. Baxışlarımızla sağollaşdıq.

Bu dəfə lap çox gözlədim, amma nəhayət, küçə başından burulan motosikleti gördüm və sevincək ayağa qalxıb yola yaxınlaşdım. Deyşa kəskin tormozla düz qabağımda dayandı. Sonra kaskasını çıxardı. Saçları batan günəşdə parıldayır, balaca burnu qızarırdı. Ancaq nədənsə baxışlarını gözlərimdən yayındırırdı.

– Yenə avtobusu ötürmüsən?

– Yox, sadəcə, sənlə getmək istədim.

Deyəsən, bu cavabı gözləmirdi, çaşqınlığı gözlərindən bəlli oldu. Ətrafa boylandı, baxışları məktəbimin divarlarında gəzişdi. Sonra üzünü mənə tutdu:

– Qulaq as, əslində, mən indi başqa yerə gedirəm. Bəlkə, bu dəfə avtobusla gedəsən? Əgər üstündə pulun yoxdursa, mən verərəm.

– Yox, pulum var! Amma çox soyuqdur. Bayaqdan burdayam. Məni heç olmasa yaxın bir yerdə düşürə bilmərsən?

Deyşa iç çəkib o yan-bu yana baxdı.

– Həm də qarnım ağrıyır! – bunu yalan demişdim.

– Yaxşı, otur, getdik.

Sevincimin hüdudu yox idi. Yan oturacaq boş olsa da, Deyşanı qucaqlaya bilmək üçün arxa oturacaqda oturdum. O da heç nə demədi. Saçları daşda bitən güllər kimi kaskanın altından çıxıb üzümə toxunurdu. O an T-nin dediklərini düşündüm. İstədim Deyşaya bütün olanları deyib həqiqətləri öyrənim, ancaq demədim. Bir şeyi anlamışdım. Anlamışdım ki, mən artıq Deyşanı sevirəm. O lap doğrudan da, siqaret çəkib içki içirsə belə, mən yenə onu sevirəm. Əlbəttə, bunlar pis vərdişlərdir, ancaq əgər onu sevirəmsə və əgər bu içki, siqaret məsələləri həqiqətdirsə, onda mən özüm Deyşanın bu pis vərdişlərdən uzaq durmağına, onları tərgitməyinə kömək etməliyəm. Sevgimi göstərməliyəm. Qaldı ki onun haqqında deyilən başqa nalayiq ifadələrə, bunların heç birinə inanmayacaqdım. Artıq Deyşanı tanıyırdım. Onun necə biri olduğunu ona uzaqdan baxıb yaxın durmayan, dalınca danışan ikiüzlülər yox, mən bilə bilərdim. Bir də ki zamanla hər şeydən danışıb bir-birimizi daha yaxşı tanıyacaqdıq. Uşaq qəlbim mənə bunları dedikcə Deyşanı daha möhkəm qucaqladım, yanağımı kürəyinə qoydum. Ürək döyüntülərini hiss edirdim. Elə bil qəlbi yerindən çıxacaqdı. Mənə elə gəldi ki, bədəni şam kimi titrəyir. Yoxsa külək məni aldadırdı?!

– Üşüyürsən? – ondan soruşdum.

– Yox, – boğuq səslə cavab verdi. – Üşümürəm.

Yanacaqdoldurma məntəqəsində saxladı. İkimizə də isti şorba aldı. Həm motosikletin, həm də özümüzün qarnını doyurduq və yenidən yola düşdük. Biz metrostansiyaya çatanda yağış yağmağa başlamışdı. Stansiya çıxışında saxladı.

– Yaxşı, hələlik, burdan o yana özün getməli olacaqsan.

Kaskanın şüşəsindən damcılar süzülürdü. Sağollaşdıq. Çantamı başıma tutub evə yüyürdüm.

Sonrasını yazmaq, nələrin baş verdiyini danışmaq mənim üçün hər nə qədər ağır olsa da, deməliyəm.

Evə gələn kimi nənəm məni o ki var döydü. Anasının T-yə dediyi şeylərin eynisini nənəm də mənə dedi. Nənəm qoca qadın idi, qarşı qoya bilərdim, lakin alınmadı. Uşaq ürəyim içinə düşdüyü vəlvələdən, iyrənclikdən titrəkləşib daha da cılızlaşdı. Sanki hər şey bir uşağın heç vaxt anlaya bilməyəcəyi, böyüklüyü və bulanıqlığı içində boğulacağı şeylərdən hörülmüşdü. İnsanları belə qəzəbli görməmişdim. Dünya artıq mən bilən dünya deyildi. Bütün sözlər mənim lüğətimdən kənarda dayanmışdı. Ağlaya-ağlaya pəncərəmdən Deyşanın mənzilinə baxdım. İşıqları yanırdı. Yalan demişdi, başqa yerə yox, elə birbaşa evə getmişdi. Yavaş-yavaş böyüklərin real dünyasını anlayırdım. Yalan və gizlilik.

Növbəti gün müəllimlərimin ağzından çıxan heç nəyə qulaq vermir, T ilə danışmır, səssizcə son dərsin son zəngini gözləyirdim. Əslində, nəyi gözlədiyimi özüm də başa düşmürdüm. Daha nə olacaqdı ki? Nə ola bilərdi?

Çıxış zəngi ürəyimi saldı. Sərxoş halda partamdan qalxdım. Dumanlı fikirlərlə küçəyə çıxdım. Sıraya girən uşaqlar bir-bir avtobusa minirdi. Hər kəsi özümdən qabağa buraxırdım. Bir müddət daha küçə başına baxdım. Çiskinli havada hər şey bulanıq idi. Qəfil bu bulanıqlıq içindən uzaqda dayanmış motosikleti gözlərim seçdi. Ürəyim çırpındı. Ancaq motosiklet yerindən tərpənmirdi. Gözlərimi çəkmədən dayanacağa doğru bir-iki addım atdım. Elə bu vaxt motosiklet hərəkətə gəldi, sürət götürdü, mənə doğru istiqamət aldı, sonra qəfil burulub sol küçəyə girdi və gözdən itdi. Siqnal səsi məni ayıltdı. Hamı yerini almışdı, bir mən qalmışdım. Avtobusa mindim. Yalnız ən arxa oturacaqlarda boş yer qalmışdı. Avtobusun qapısı bağlandı. Başımı aşağı salıb arxaya keçəcəkdim ki, sürücümüz Hikmət dayı məni çağırdı. Ona yaxınlaşdım. Alçaq səslə dedi:

– İndicə qəşəng bir qız bunu mənə verdi və dedi ki, sənə verim. – gülə-gülə ovcuma nəsə basıb əlimi bərk-bərk sıxdı. – Hə, indi keç yerini al, gedək.

Uşaqların səs-küyü, gülüş dolu söhbətləri arasından keçib arxaya doğru irəliləyə-irəliləyə ovcumu açdım. Bu, brelok idi. Koala breloku. Yerimdə oturdum. Avtobus tərpəndi. Çevrilib arxa şüşədən son dəfə baxdım küçəyə. Çantamı çıxardım, yerimi rahatladım. Yanağımdan bir neçə damcı ovcuma – brelokun üstünə düşüb əridi. Avtobus sürət götürdü. Breloku çantamın zəncirbəndinə bərkitdim. Evə yollandıq.

Bu, Deyşanı son görməyim idi. Uzaqdan da olsa. Onu bir daha görən olmadı. 13-cü mərtəbənin pəncərələri uzun müddət qaranlığa gömüldü. Deyşa hara getdi? Nə vaxt getdi? Heç kim bilmədi. Qeybdən gəldiyi kimi, birdən-birə qeybə çəkildi.

Bu hadisələrin üstündən illər keçib, çox şey dəyişib. Artıq evliyəm və bir oğlum var. Nənəm torpaq altına, T isə Avropaya yollandı. Mən elə indi də Qarayev metrosu yaxınlığında yaşayıram. Oğlum özəl liseylərdən birində təhsil alır, həyat yoldaşım atçılıq mərkəzində çapar kimi yarışlara çıxır, mənsə vəkiləm. Qısası, həyatımdan narazı deyiləm. Uşaqlığımda baş verən bu hadisələri yazmaq ehtiyacı isə sonralar baş qaldırdı. Belə ki, mən uzun müddət sonra təsadüfən öyrəndim ki, üç nəfərlik motosikletlər heç də Deyşanın mənə danışdığı hekayədəki kimi yaranmayıbmış. Ümumiyyətlə, Karl Benzin bu məsələyə heç aidiyyatı yoxdur. Benzlər ilk avtomobili ortalığa çıxaranda artıq uşaqları da varmış. Özü də doğmaca, nə az, nə çox, düz 5 uşaq. Üç nəfərlik motosiklet ideyası isə Jean Bertoux adında bir fransız ordu zabitinə məxsusdur. Belə başa düşdüm ki, bu motosikletlər elə ən çox müharibənin işinə yarayıb. Britaniyalılar pulemyotlarını qoymağa yer axtaranda görüblər ki, belə bir motosikletin yan oturacağına qoysalar, elə yollarını gedə-gedə istədikləri yerə rahatca atəş aça bilərlər. Nəysə, bax belə. Üzülməyin, Karl Benzlə olan hekayənin çox şirin olduğunu mən də bilirəm, amma nə etmək olar?! Həqiqətlər şirin deyil. Düşünürəm, görəsən, Deyşa mənə həqiqəti olduğu kimi desə, nə olardı ki? Yoxsa onun özünü də aldatmışdılar? Nə bilim. 11 yaşlı uşağa həqiqətləri olduğu kimi deməyin çətinliyi bir yana, doğruluğu da sual altındadır. Şirin bir yalanla uşaq qəlbini isitmək, onu bu yolla “yaxşı bir insana” çevirməyə çalışmaq... 

Maşında orta güzgüdən arxada oturmuş oğluma baxıram. Onun dünyayla bağlarının vaxtından tez qırılmaması naminə neçə cür yalan danışmışam? Sağımda oturan arvadıma baxıram. Görəsən, o neçə şirin yalan sayıb mənim ovcuma? Bu arada öz maşınım daxil bugünkü maşınların əksəriyyəti 4 nəfərlikdir. Mənim ailəmsə 3 nəfərlik. Orta güzgüdən oğluma baxdığım kimi, oğlumun yanındakı həmin o bir nəfərlik boşluğa da baxıram hərdən. Qoca Deyşanı orada xəyal edirəm. Saçları küləkdə uçuşur, burnunun ucu qızarır. Bu qədər şeyi danışmışkən bir sirri də aşkara çıxarım artıq: nənəmi belə xatırlamağa çətinlik çəkdiyim bu yaşımda, olmayan anamı təsəvvür etməyə çalışarkən gözlərimin qarşısında Deyşa dayanır. 

Bir vaxtlar bel çantamda yırğalanan koala isə indi maşınımın açarından yapışıb.

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.