MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Aqşin Yenisey, “Səhradan gələnlər və səhraya gedənlər” Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

NƏSR

 

AQŞİN YENİSEY

 

SƏHRADAN GƏLƏNLƏR VƏ SƏHRAYA GEDƏNLƏR

(esse)

                                                                          

 Ey Nəsimi! Can Nəsimi!

 

1417-ci ildə, Asiyada fillərin atları yendiyi günlərin birində Hələb şəhərinin cənubunda, səmasında günəşin Məcnun olduğu çölün ortasında səhradan gələn və səhraya gedən iki dəstə qarşılaşdı; səhradan gələnlərin gözlərində qorxu vardı, səhraya gedənlərin ağızlarında qəzəb. Səhradan gələnlər əllərində qanlı köynəklər yelləyir, yeri-göyü görməyən yaşlı gözlərlə ürək parçalayan mərsiyyələr oxuyurdular, səhraya gedənlərin ağızlarından isə islamın Məhşər marşının “allahu-əkbər” sədaları ərşə qalxırdı. Səhradan gələnlər Teymurilərin inanclı dar ağaclarından gizlənən batinilərin dəstəsi idi; Mavəraünnəhrdən qaçıb iz azdıra-azdıra Şiraza gedirdilər; səhraya gedənlər isə Sultan Mahmudun icazəsi və naib Yeşbəyin əmri ilə çölün ortasında icra ediləcək edama tələsən zindan məmurları və edama baxmağa göndərilən mərvanilər idilər. Səhradan gələnlər ac idilər, səhraya gedənlər yoxsul. Hər iki dəstənin səhradan və allahdan başqa heç nəyi yox idi. Əmir Yeşbəy edam ediləcək kafirin asi qanının şəhərə tökülməməsi üçün edamın şəhərdən kənarda, altı günahkarların, üstü məsumların cəhənnəmi olan, göylərində təpəgöz bir günəşin qızmış dəvə kimi ağzının qaynar heliyini axıda-axıda nərildəyərək vurnuxduğu kölgəsiz səhranın ortasında icra edilməsini əmr etmişdi. Kafirin meyiti yalnız diri-diri vücudunun dərisi soyulub başı kəsildikdən, qanı axıb səhraya töküldükdən sonra şəhərə gətiriləcək və insanlıq ibrət alsın deyə günlərlə, həftələrlə, bəlkə, aylarla şəhərin giriş-çıxış qapısının alnından asılacaqdı. Hər iki dəstə qan-tər içində idi. Şərqin təkallahlı, təkkitablı adi günlərdən biri idi o gün.

Səhradan gələnlər səhraya gedənlərin müdhiş bir edama tələsdiyini öyrənincə yollarını dəyişdilər; onların da gözlərindəki qorxunu ağızlarındakı qəzəb əvəz etdi. Nəhayət ki, günlərdir bitmək bilməyən bu cansıxıcı, bomboş çöllərdə yolüstü də olsa maraqlı bir gün yaşanacaqdı onlar üçün: kafir bir şairin diri-diri dərisini soyacaqdılar! Bəh-bəh-bəh! Zəhərli ilanlardan başqa heç bir canlının yaşamadığı lənətlənmış bu ucsuz-bucaqsız qum dənizində Şərqin qanlı tamaşalardan birinə şahid olmaq böyük lütf idi, buna görə dünya şöhrətli tək allahlarına şükür etməliydilər. Etdilər də...       

 Səhradan gələnlər səhraya gedənlərə qarşıdılar; səhraya gedənlər səhradan gələnlərə su verdilər; ilk dəfə sünnilər və şiələr bir-birilərini tanımadılar, tanımaq istəmədilər, ümumi düşmənin – kafir bir şairin – varlığı onlara qardaş olduqlarını xatırlatdı. Şairin edamı qardaş düşmənçiliyini bir günlük də olsa unutdurdu. Bütün gözlər eyni hədəfə, zindan məmurlarının əhatəsində yeriyən, qolları zəncirli, saç-saqqallı dağılmış, pərişan başı köksünə düşmüş, yaxasız uzun ağ yun xirqəsinin altından quru canının sür-sümükləri görünən kafir şairə odaklandı. Onu, sanki, gordan çıxarıb gətirmişdilər. Bu qələbəliyin arasından yalnız o, geri qayıtmayacaqdı, daha doğrusu, diri gedib, ölü qayıdacaqdı. Bu, onun getdiyi son yol idi. Yerdə qalanlar geri qayıdıb qovuşduqları yerdə yenidən ayrılacaqdılar, yollarına və düşmənçiliklərinə qaldıqları yerdən yenidən davam edəcəkdilər. Şair bunu düşünəndə qəzəbin və yoxsulluğun hay-küylü şənliyindən qorxaraq, ayaqlarını yandıran isti qumların altından baş götürüb canını qurtarmaq üçün kənara sıçrayan qara bir ilanın arxasınca gülümsündü və dünya ilə vidalaşmağa onu sancmayan bu ilandan başqa bir kimsəsinin olmadığını hiss edincə yalnız ilanın eşidə biləcəyi bir pıçıltı ilə vəsiyyətə bənzəyən bu misranı söylədi: “Dünya duracaq yer deyil, ey can səfər eylə...” 

İlan fısıltısını xatırladan kinli səmum küləyi isti qumları sağa-sola sovurub məğlub mərsiyyələri qalib allahu-əkbərlərinə qaynayıb-qarışmış, məqsədləri, ümidləri, arzuları, ölümləri eyniləşmiş insanların heç yumulmayan ağızlarına, heç görməyən gözlərinə, heç eşitməyən qulaqlarına doldurur, dəvələrlə öpüşməkdən sırtılıb sısqalanmış səhra fahişələrini - tikanlı yulğun kollarını - çölün gizli dərinliklərindən gətirib heç yubanmayan ayaqlarına dolaşdırır, onların edama aparan yollarını kəsərək, bədəni günahın cəhənnəminə çevrilmiş kafir və pərişan şairin yırtıq xirqəsini dartışdıra-dartışdıra bu edamdan səhraya çatacaq qurbanpayını istəyirdi. 

Ətindən, qanından, dərisindən, xirqəsindən səhranın pay istədiyi,  Şərqdə heç vaxt evi olmayan, amma Şərqin dörd bir yanında saysız-hesabsız məzarları olan Şərq şairi Nəsiminin özü idi o qurbanpayı...

Şərq öz ruhunun şahzadəsini əsir götürmüşdü! 

Nəsimi islam mədəniyyətinin müxalifidirmi, yoxsa onun bağrından qopan bir müasiridirmi? İslam mədəniyyətini islam coğrafiyası ilə eyniləşdirmədən bu sualın cavabını axtarmaq istəsək, ikinci bir suala cavab verməli olacağıq; təsəvvüfün Quranın soteriologiyası, islam teologiyasının bir qolu olduğunu sorğu-sualsız qəbul etmək doğrudurmu? Təsəvvüf və islamın qarşılıqlı təsirlənməsi başqa yazının mövzusudur. Bizim sualımız konkretdir: təsəvvüfmü Quranın içindən çıxıb, ya Quranmı təsəvvüfü özününküləşdirib?  

Humanizmin sxolastik xristian düşüncəsinə, oradan da Bokkaçonun "Dekameron"una, Dantenin "Cəhənnəm"inə və Getenin “Faust”una gəlib çıxana qədər Makedoniyalı İsgəndərin hellinist imperiyasının torpaqlarında dolaşdığı yolun unudulmaqda olan xəritəsini axtara-axtara islamdan üç əsr əvvəl Asiyada yayılmış bir Mesopotamiya dininin adını çəkmək istəyirəm ki, müasir təsəvvüf alimləri ya instinktiv bir qorxu ucbatından, ya da artıq monoqrafik vərdişə çevrilmiş dini-əxlaqi çərçivədən kənara çıxmamaq üçün Xeyirlə yanaşı Şərə də inanan bu qədim qnostik dinin üzərindən sükutla keçirlər. Eyni sükut Məkkəni ələ keçirib Qara daşı özləri ilə aparan Qərmətilərin üstündən keçmək üçün də islam tarxiçilərinə lazım olur. Biz alimlik iddiasında olmadığımız üçün qorxu və vərdişin diqtəsi ilə yaradılan belə bir “elmi sükuta” ehtiyac hiss etmədən o dinin adını öz xəttimizlə yazacağıq: Manixeizm. Özünü ilahilərinin birində “Babildən gələn bir müğənni” adlandıran Mani peyğəmbərin dini. Mani Mesopotamiyada (Babildə) heterodoks (burada fərqli, başqa bir yol tutmuş mənasında) xristian ailəsində doğulmuşdu, onun Sasani şahı I Şapurun dəstəyi ilə İran və Mesopotamiya sərhədlərini aşaraq, Misir, Anadolu, Avropa və Mərkəzi Asiyaya qədər yayılan, IV əsrdə xristianlığın ən böyük rəqibinə çevrilən, VIII əsrdə Şərqi Türküstanda uyğurların rəsmi dini olan, VII əsrdən sonra Mesopotamiyanın və Persiyanın müsəlmanlar tərəfindən fəth edilməsi ilə başlayaraq Abbasilər dövründə amansız təqiblərə məruz qalan bu dualist dini zərdüştlük, Babil folkloru, xristianlıq, Buddizm və islam arasında bir körpü oldu. İslamdan əvvəlki mədəniyyətlərdə olan bir çox kosmoloji, teoloji narrativlər islama bu körpüdən keçib getdi, o cümlədən təsəvvüf. Hətta Məhəmməd peyğəmbərdən üç əsr əvvəl Mani peyğəmbər özünü “sonuncu” elan etmişdi.   

Manixeizmə görə, insanın müəllifi tanrı deyil, şər qüvvələrdir. Qaranlıq əbədi bir əzmlə işığa qarşı döyüşür. Məşhur astrofizik Nil Deqras Taysonun deyimi ilə məsələyə “kosmik perspektiv”dən baxsaq, etiraf etməliyik ki, haqq və ədalət qaranlığın tərəfindədir, çünki kainat qaranlığın evidir. İşıq kainatda təsadüf və müvəqqətidir. İşığın ömrü “Qara dəlik” onu udanacandır. Varlığa bu cür kosmik, evrensəl baxış hind dinlərindən, daha dəqiq desək, hinduizmdən gəlir; üç böyük tanrısı olan (Brahma, Vişnu, Şiva), amma heç bir peyğəmbəri olmayan bir dindən. Hind kosmologiyası, ya da inancı peyğəmbərli dinlərin xilaskarlıq (məsələn, xristian parakleti) anlayışına deyil, daha çox insan varlığının faniliyinə əsaslanır: taledən qaçmaq mümkün deyil, onun əzablarına, çətinliklərinə yalnız dözməklə qalib gəlmək olar. Bu, təsəvvüfün ana ideyasıdır ki, Hindistan xalqlarının gerçək tarixi belə bu ideya üzərində qurulub. Himalayın arxasına sığınmış bu xalqlar işğalçı fatehləri də taleyin bir cəzası, yaxud bir sınağı olaraq qarşılayıb, onların fatehlik kaprizlərinə illərlə dözərək yola salıblar. Təsəvvüfdə əzaba, ağrıya müqavimət göstərmək, bir növ, günah sayılır. İrfan romantizminin bütün şairləri diz çöküb göylərə yalvarırlar ki, dözmək üçün onlara daha şiddətli dərd, iztirab, kədər göndərsin. Füzuli dərdinin azlığından şikayət edir qəzəllərində. Sufi öz ruhunu əzabla arındırır.

Sufinin bədəni, bir növ, onun laboratoriyasıdır. O, öz ruhunu burada təcrübədən keçirir, onu tanrıya geri dönüşə hazırlayır. Buna görə də sufi öz bədənindən imtina (yəni intihar) edə bilməz. O, burada üzləşdiyi bütün çətinliklərə, ağrı-acılara dözməlidir, əks halda, o, bir sufi deyil, yoldan keçənin biri sayılacaq. Sufi özünü eşqə (tanrıya aparan yola) qurban demiş insandır: o, hər kəsin, hər kəs də onun tayı deyildir. Məsələn, onun göz yaşları duru yox, qanlı göz yaşlarıdır: “Gözümdən qanlı axar su” (Füzuli).

Budda nəfsini sınağa çəkib iradəsini öldürür, sufi iradəsini sınağa çəkib nəfsini.

Əliqavallı Şərq dərvişləri islam şamanları idilər; ölü diriltməsələr də ölülər (ruhlar) dünyasını təmsil edirdilər. Nəsiminin "iki cahan" dediyi şey, əslində, dərvişin təmsilçisi olduğu iki mədəniyyət, iki inanc sistemi idi: şamanizm və islam - ölülər və dirilər aləmi.      

İslamdan üç əsr əvvəlki farsların “Peyğəmbərlərin möhürü”, yəni “son peyğəmbər” adlandırdığı  Mani peyğəmbərin Çindən İspaniyaya qədər yayılmış dininə görə, şər qüvvələr tanrı zərrələrini oğurlayıb insan bədəni şəklində “həbsxanalara” salıblar; ilk iki bədən Adəm və Həvvadır. Tanrı öz zərrələrinin, nurunun arxasınca elçisi İsanı göndərib. İsa şər qüvvələrə xidmət etməsinlər deyə Adəm və Həvvanı cinsi əlaqəyə girməmək üçün xəbərdar edib. Ancaq “Qovulma”dan sonra da günaha batmağa davam edən anamız Həvva öz atası ilə (manixeist baxışa görə, Adəm və Həvva cənnətdə tək olmayıblar), sonra da atasından doğduğu oğlu Qabillə cinsi münasibətə girib Habili doğub. Beləliklə, qadın şərin yer üzündə yayılmasını reallaşdırıb. Tanrı zərrələrini daha çox insanın bədəninində həbsə məhkum edib. Bir ucdan doğaraq (bəzi mənbələrdə Həvvanın qırx çüt əkiz uşaq doğduğu deyilir) yer üzündə şərin “həbsxanalarının” sayını çoxaldıb.

Sonra bir xeyli şər qüvvə Həvvanı Adəmlə cinsi münasibətə girməyə vadar edir, ancaq Adəm İsanın xəbərdarlığını unutmadığı üçün kor-peşman halda Həvvadan olan oğlunu da götürüb işıq gələn səmtə - Şərqə gedir. Öldükdən sonra isə Adəm tanrıya qarışır, sufiyanə desək, onda əriyib həll olur. Həvva və onun nəsli (yəni bizlər, ilk günahdan və ilk cinayətdən törəyənlər) əbədi cəhənnəmlə cəzalandırılır.

Təsəvvüfdən xəbəri olanlar təsəvvüfdə qadağalar arasında ən başda yer alan “şəhvət orucunun” hardan gəldiyini anladı yəqin ki. Təsəvvüfdə cinsi nəfsə uymamaq ən ciddi əmrdir. Din tarixçisi, filosof Mirça Eliade Pers kralı Bəhramın hüzurunda zərdüşt kahini Əfrupazla Mani arasında belə bir dialoqun getdiyini yazır: “Əfrupaz Manidən soruşdu: “Sən niyə istəyirsən ki, insanın nəsli kəsilsin (manixeizmdəki evlənmək qadağası) və dünya tezliklə yox olsun, hər şey öz orijinal formasına qayıtsın?” Mani ona belə cavab verdi: “Nəslin onu yaradan şeylərdən uzaqlaşması vacibdir, çünki bu uzaqlaşma nurun pak halında zühuruna səbəb olacaqdır”.

Bu inancdan güc alan Orta əsrlərin radikal sufi təriqətlərinin bəzi üzvlərinin qadınla yatıb şərə xidmət etməmək və dünyanı insan bədəni şəklindəki tanrı zərrələrinin  zindanları ilə doldurmamaq üçün cinsi orqanlarını kəsdiklərini iddia edənlər də var. Zərdüşt kahini ilə bu mübahisədən sonra həbs edilən və zindanda öldükdən sonra meyiti itlərə atılan Manidən əvvəl xristianlıq öz rahiblərinə evlənməyi qadağan etmişdi. İslamla təsəvvüf arasında ilk ziddiyyət hər iki inancın təməlində ortaya çıxır: təsəvvüf kişiyə qadından uzaq gəz deyir, evlənmə deyir, törəmə deyir, islam isə kişiyə dörd arvad almağa icazə verir, yəni təsəvvüfün ən təməl prinsipini rədd edir. Buna görə də bizim yuxarıda verdiyimiz “təsəvvüfmü Quranın içindən çıxıb, ya Quranmı təsəvvüfü özününküləşdirib” sualının cavabı sualın öz içində, vergüldən sonrakı hissədə öz təsdiqini tapır. Müsəlmanın həyatında və düşüncəsində təsəvvüfün yalnız izlərinə rast gəlmək olar ki, bu izlərin bizi islamdan əvvəlki hansı qədim dövrlərə aparıb çıxardığını aşağıda göstərməyə çalışacağıq. 

Nəsiminin məsələsinə gələcəyik, hələ tələsməyin.

Manixeizmin beş əmri bunlardır: oruc tut, dua et və sədəqə ver, yalan söyləmə, heç bir canlını öldürmə və ət yemə, mala, mülkə bağlanma, kasıblığının qərdini bil. III əsrdə Mani dərvişlərinin bütün Avrasiya qitəsinə yaydığı bu prinsiplər XII-XIII əsrdən sonra yaranan Yasəvilik, Qədirilik, Nəqşibəndlik, Hürufilik, Mövləvilik və s. kimi məşhur islam təsəvvüf təriqətlərinin “nizamnamələrində” də yer alır. İlk müsəlmanların təsəvvüfdən xəbərləri belə yox idi, çünki şərqşünas Bernard Luisin “Orta Şərq” kitabında IV əsrdə yaşamış romalı tarixçi Ammian Marçellindən gətirdiyi sitatda deyildiyi kimi, “Bütün bu bölgələrin xalqları (əsasən türklər və ərəblər) vəhşi və döyüşçü” idilər. “Münaqişə və müharibə onlara zövq verir”di. Onlara görə müharibədə ölənlər ən xoşbəxt adamlardır. Dünyadan təbii ölümlə ayrılanları qorxaqlıqda günahlandırıb aşağılayırlar”. Romalı tarixçi cənubdakı səhra xalqlarını “dost da, düşmən də ola bilməyəcək ərəblər” adlandırır.

Şərqşünas alim ardınca yazır: “Hz. Məhəmmədin doğulduğu illərdə Yəmən tamamilə Qırmızı dənizin cənubuna yerləşmiş (manixeizmlə çoxdan tanış olan) Perslerin  nəzarətində idi. Pers-Bizans müharibələri nəticəsində nisbətən təhlükəsiz olan Ərəbistandan keçən ticarət yolları çoxalmışdı və yarımada özləri ilə yeni məhsullarla yanaşı yeni düşüncələr gətirən əcnəbilərlə dolu idi. Kənardan gələn bu təsirlər ərəblər arasında müxtəlif təsirlənmələrə səbəb olmuşdu. Onlar silahdan, zirehdən istifadə etməyi, dövrün hərbi dərslərini öyrənmişdilər... inkişaf etmiş xalqların əvvəldən heç bilmədikləri zövqləri ilə tanış olmuşdular... Özlərindən üstün olan qonşularının din və mədəniyyətləri haqqında bilgi sahibi olan ərəblər müəyyən qədər intellektual, hətta mənəvi bir təsirlənmə də yaşamışdılar... Yazmağı öyrənərək öz əlifbalarını yaradib dillərini yazmağa başlamışdılar... Ən əsası, ibtidai bütpərəstliyi əks etdirən və qane olmadıqları dinlərinin yerinə başqa bir din axtarışına girişmişdilər... VII əsrdə Ərəbistandakı musəvilər və xristianlar tamamilə ərəbləşmiş və ərəb xalqının bir parçası olmuşdular... Hz. Məhəmməd doğulduğu Hicaz bölgəsinin xalqı köçəri həyat sürürdü, bəzən də düşmən qəbilərlərə hücum edib yağmaladıqları qənimətlərlə dolanırdılar...”

Şərqşünas Bernard Luisin tarixi təsvirlərindən aydın olur ki, islamın meydana çıxdığı dövrdə ərəb dünyası, ümumiyyətlə, mədəniyyətin ucqarında olan bir dünyadır. Nəinki təsəvvüf bilgisinə sahibdirlər, dövrün xarakterik hadisələrindən belə xəbərləri yoxdur. Buna baxmayaraq, istər-istəməz məhsul alış-verişində olduqları qonşu xalqlarla həm də bilgi alış-verişində olmağa məcburdurlar. Gələcəkdə islam adanlanacaq, ancaq hələ adı bəlli olmayan bir din də  müxtəlif mədəniyyətlərdən əldə etdiyi bilgiləri toplayaraq özünü yaratmaqla məşğuldur. Günlərin bir günü bu bilgilərin, dövrün şərtlərinə uyğun olaraq, bir peyğəmbərə ehtiyacı olacaq. O peyğəmbər bu toplanmış bilgiləri allahın vəhyləri kimi “göydən endirəcək”. Yeni din axtarışında olan ilk müsəlmanlar da buna inanacaqlar. Köçəri həyat sürən bu adamlar təsəvvüfün nə olduğunu heç vaxt bilməyəcəklər, yalnız onların nəvə-nəticələri əsrlər keçdikcə oturaq imperativ gücə çevrilib zənginləşdikdən sonra mənəvi, intellektual “zövqə” ehtiyac duyduqda təsəvvüfü kəşf edəcək və onu özününküləşdirəcəkdilər.

Burada balaca bir haşiyə çıxaq. Din və inanc fərqli şeylərdi. Din oturaq həyat tərzinin inancı, inanc köçəri həyat tərzinin dinidir. İnancın din olması üçün oturaq həyat zəruri şərtdir. Birbaşa təbiətdən qidalanan xalqların inancı din deyil, kortəbii inancdır; məsələn, Sibir xalqlarının şamanizmi kimi. İnancın din olması üçün təsərrüfat sistemi şərtdir.  Sufilər də oturaq deyildilər, amma köçəri də deyildilər, sufilər gəzərgi idilər; zamanda və məkanda qalaktik dövranı yamsılayırdılar. Ona görə də biz təsəvvüfə bir din deyil, bir inanc sistemi kimi baxırıq. İnancı dinə çevirmək üçün köçərilər həmişə oturaq həyata tələsiblər; İbrahim peyğəmbər köçəri yəhudi tayfalarını “vəd olunmuş torpaqlar”a aparıb, İsa ilk xristian olmaq üçün köçəri Nazaretdən oturaq Yerusəlimə gəlib, Məhəmməd peyğəmbər Məkkədən Mədinəyə köçüb və s. Hətta mifologiyası ilə ibrani dinlərin mənbəyi sayılan ilk şumer dinləri də tarixin ilk “allahlar şəhəri” olan Nippurda yaranmışdı.

Ümumiyyətlə, maddənin, varlığın mənalandırılması, izi-tozu zəmanəmizə gəlib çatan bütün mistik təlimlərin məqsədi idi, bunu yalnız bir dinə, bir təriqətə bağlamaq ya mədəni acgözlükdən irəli gəlir, ya da bilgi qıtlığından. Məsələn, islam təsəvvüfündə yer alan “Hikmət-i işrak”, “Vəhdəti-i vücud” kimi anlayışlar Hind “Vedalar”ından tutmuş, Pifaqorun dini təliminə, Misirdə kral Totun (qədim yunanlarda Hermes, islamda İdris peyğəmbər) “çilə gecələrindən” üzü bu yana, yəhudilərin “Kabbala” mətnlərinə qədər qarışıq bir trayektoriya cızmışdır.  

Təsəvvüfün islamlaşdırılması, ya da islamın təsəvvüfləşdirilməsi işində bir alim vardır ki, burada onun adını çəkməmək ayıbımız olar: Muhyiddin İbn Ərəbi. İbn Ərəbi XII əsrdə Əndəlusdə xristianlıqdan, Şimali Afrika bütpərəstlərindən, Anadolu və İrandakı şamanizmdən, Zərdüştilik və Manixeizmdən, Suriyadakı İsmaililikdən bir çox şeylər alıb islam təsəvvüfünün əsasını qoydu. Ərəbi islamdan öncəki mətnləri islama gətirərkən onları Quran ayələri ilə sintez edib, eyni zamanda təsəvvüf anlayışlarının islami terminologiyasını da yaratdı. Bu gün islam təsəvvüfü dediyimiz bu metafizik sintez islamın beşiyi olan Hicazda yaranmayıb.

Təsəvvüfün bu yeni formasının nə üçün Misir, Suriya, İraq və İran kimi, çoxəsrlik qədim mistik dinlərin və mədəniyyətlərin izlərini hələ də canlı bir şəkildə qoruyan ölkələrdə ortaya çıxması da dediklərimizin həqiqiliyini şiddətləndirən bir sual olaraq meydanda cavabını gözləməkdədir.

İmaddədin Nəsimiyə gəlib çıxana qədər təsəvvüf artıq islamlaşmış, islam təsəvvüfünün ənənələri formalaşmışdı. Buna baxmayaraq, Nəsiminin qulağı səsdə idi; o, əsrlərin arxasında “ənəl-həqq” çığıran Mənsur Həllacın səsini eşidir və onun “Hüseyin” adı ilə qəzəllər yazırdı. XI əsrə kimi zındıq və kafir inancı kimi islam tərəfindən təqib olunan sufizm XI əsrdən sonra mərhələ-mərhələ islamlaşaraq bütün müsəlman dünyasında mistik-mənəvi mühitə çevrilmişdir. Hətta Nəqşibəndlik kimi bünövrəsi Buddizm inancı üzərində qurulan təriqətlər də islam təsəvvüfünün  təriqətlərindən biri olmağa can atırdı.

Əlbəttə, ürəyinizdə dediyiniz “islamın təsəvvüfə nə ehtiyacı vardı” sualını eşidirəm. Cavabım budur ki, bu, dini hakimiyyətin siyasi hakimiyyətlə əvəzlənməsi ilə bağlı bir məsələdir. Dövlətin yaxasını “tanrı məmurlarının” əlindən qoparmaq prosesi islam dünyasında olduğu kimi, eyni dövrdə xristian dünyasında da gedirdi. Nəsimi də, bir növ, islam dünyasının Martin Lüteri, təsəvvüf isə islamın protestantizmi idi. Dante Avropada nəhəng projektor kimi “qaranlıq çağın” sonlarında işığını insana fokuslayıb humanizm ideyalarını təbliğ edəndə islam coğrafiyasında da insanın önə çıxarılması prosesi başlamışdı. Və Qərbdə humanistlər insanın mövhumi pasını silib təmizləmək üçün çox rahat şəkildə qədim yunan və latın mədəniyyətinə üz tutduqları kimi, islam Şərqi də insanı “taclandırmaq” üçün özündən əvvəlki təsəvvüfə, insanın özünü tanrı zərrəsi hesab etdiyi nəcib bir dövrə üz tutmuşdu. Yəni tarixə tanrının deyil, insanın nəzarət edəcəyi dövr hər iki qitədə, təxminən, eyni dövrdə başlamışdı. Qərblilər yunan loqosunu – insanın ağlını, şərqlilər təsəvvüfü - insanın ruhunu (nurunu) seçdilər. Nəticədə yunan-Roma humanizmi xristianlığı, təsəvvüf islamı siyasi hakimiyyətdən məhrum etdi. Papa kralın, xəlifə sultanın himayəsinə keçdi.

Bəs onda müsəlmanlar Nəsimini niyə edam etdilər? Hürufilik təsəvvüfün “Vəhdəti-i vücud” düşüncəsinə söykənir ki, bu da bayaq dediyim kimi, Hind “Vedalar”ından tutmuş yəhudilərin “Kabbala” mətnlərinə qədər gedib çıxır. “Vəhdət-i vücud” fəlsəfəsinə görə, varlıq, materiya allahın sifətlərinin təzahürləridir, yəni yaradanla yaradılan eyni mahiyyətə  sahibdir; insan – allahdır, allah – insan. Nəsiminin farsca divanında dediyi kimi, “Əgər sən ilahi bir varlıqsansa, qəti öz varlığından kənarda allah axtrama”. Tamamilə islam teologiyasına zidd bir düşüncədir.

Daha və maraqlı bir səbəb. Eduard Səidin iki şərqşünas, Bekker və Massinonun haqqında “Onlar Şərqdən danışarkən, əslində, Məhəmməddən deyil, Həllacdan danışırdılar, çünki tanrının təcəllası fikri (xristinalığın İsa anlayışı) Məhəmməddə deyil, Həllacda var idi” şərhindən yola çıxsaq, deyə bilərik ki, Həllacla səsləşən “ənəl həqq” çağırışları ilə bütünləşən Nəsimi də, əslində, islamın İsalarından biri idi. Yəni Nəsimi bir müsəlmandan daha çox bir xristian idi. Tanrı onlarda İsada təcəlla etdiyi kimi bizdə də Nəsimidə (ondən əvvəl Həllacda) təcəlla etmişdi. Nəsimi dirilən və yenidən çarmıxa çəkilən (bu dəfə diri-diri dərisi soyulan) növbəti İsa idi. Baxmayaraq ki, qəzəllərinin birində “xaki-dəri-Əhli-beytəm” deyir, amma onun şəxsiyyətinin də islama yaxınlığı bulanıqdır, şair demiş, duman içində dumandır. Çünki başqa bir qəzəlində özü də özünü İsaya bənzədirdi:

Gah çıxmışam İsa kimi çərx üstünə oturmuşam

Gah varmışam Yusif kimi ol Misrə sultan olmuşam.

Görünür, Nəsimi “Pustimi soydu Yezid-Mərvanilər” deyərək quru canını zəmanəsinin şərtlərindən qorumaq üçün Əhli-beytə pənah aparmağa məcbur qalmışdı.

İbn Ərəbinin islamlaşdırdığı “Vəhdət-i vücud” düşüncəsi isə belə idi ki, aləmin mahiyyəti allahın mahiyyətinə daxil edilə bilməz, əksinə, aləmin mahiyyəti allahın mahiyyətinə əsaslanmalıdır. Yəni insan “ənəl-həqq” deməklə böyük qələt edir. Bizim nəsimişünaslar bir məqamı diqqətdən qaçırırlar ki, Nəsimi qəzəllərində hürufiliyi islamın mənafeyi üçün deyil, islamı hürufiliyin mənafeyi üçün kullanırdı. Məsələn, hürufilərə görə, Quranın Tin surəsindəki “Biz insanı ən gözəl şəkildə yaratdıq” ayəsi, yaxud “Özünü bilən Rəbbini bilər” hədisi hürufi düşüncəsinin, “Vəhdət-i vücud”un Qurandakı təsdiqidir. Yəni biz Quranın deyil, Quran bizim dediyimizi təsdiqləyir: “Sizə şah damarınızdan da yaxınam”, deyir allah (Qaf surəsi). Az qala demək istəyirəm ki, Nəsimi öz dövrünün din xadimlərini Quranla şantaj edirdi, ancaq demirəm, çünki buna ehtiyac yoxdur.

Bir də bunun üzərinə onu əlavə edək ki, hürufilər insanda təcəlla edən allah dedikdə ustadları Fəzlullah Nəimini (Şərqin başqa bir İsası) nəzərdə tuturdular. Bu məqam o dövrün mühafizəkar din xadimlərinin və alimlərinin gözündən yayınmamışdı. Çünki islam “Vəhdət-i vücud”unun banisi hesab olunan İbn Ərəbi islamdan əvvəlki “Vəhdət-i vücud” düşüncəsinin panteizmin eynisi, həm də islamla heç bir əlaqəsi olmayan batil fikirlərdən ibarət olduğunu söyləyərək yaradanı yaradılandan ayırmış və yaradılanı yaradanın kölgəsi səviyyəsinə endirmişdi. “Məndə sığar iki cahan” deyən Nəsimi isə İbn Ərəbinin ayırdıqlarını yenidən birləşdirirdi:

“Məscid ilə sacid oldı vahid

Məscid-i həqiqi oldı sacid”.

Yəni səcdə edən də səcdə edilən də bir oldu. Bu düşüncə Nəsimidən beş əsr əvvəl edam olunmuş “ənəl-həqq”çi Mənsur Həllacda belə idi:

“Sevən mənəm, sevilən də mən

İki ruhuq, girdiyimiz bir bədən”.

Bu düşüncə təsəvvüf şüurunun dərinliklərinə endikcə dünyanın ilkin mətnlərinə qədər gedib çıxır. Nəsimi Quranın ayələrindəki hürufi rəmzlərinə istinad etməklə, bir növ, müsəlmanlara deyirdi ki, sizi “Vəhdət-i Vücud” yolundan azdırıblar. İnsan xəlq olan deyil, həqq olandır. 

Haqq olan insan isə həmişə cəzalandırılır...

İslamı təsəvvüfün başlanğıcı kimi deyil, sonu, başa çatması kimi qəbul etməyin daha ədalətli yanaşma olduğunu söyləməyə macal tapmadan ortaya cavabını tələb edən daha bir sual çıxır: Təsəvvüf islama bu qədər bilgi, güc verdiyi halda, islam özündən təsəvvüfə nə verdi?

 

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.