Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.
Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.
5
AZƏRBAYCAN PREZİDENTİNİN KİTABA MÜNASİBƏTİ
Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan xalqına Qarabağ zəfərini yaşatmış İlham Əliyevi biz kitabla, elmlə bağlı olan ən müxtəlif tədbirlərdə görməyə alışmışıq. Bir neçə dildə mütaliə edən Azərbaycan Prezidenti təsadüfi deyil ki, söyləyib: “Ölkəmiz qədim dövrlərdən başlayaraq öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır”.
Təbii ki, İlham Əliyevdəki kitab sevgisinin təməlini atasının, Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyevin kitablara olan münasibəti qoymuşdur. Uşaqlıqdan kitabların əhatəsində yaşamaq və dünyanın bütün müşküllərindən baş çıxaran dahi bir liderin övladı olmaq İlham Əliyevin kitaba, biliklərə doğru yolunun yönəldicisi olub.
Hələ Moskva Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi ikən Britaniyanın siyasi tarixşünaslığı ilə maraqlanan İlham Əliyev bununla əlaqədar tez-tez İnstitutun xüsusi fondunda saxlanan xarici nəşrləri, beynəlxalq elmi jurnalları, dövri mətbuatı oxuyurdu. Bu barədə İnstitut kitabxanasının Dövri nəşrlər şöbəsinin müdiri Raisa Polevoy bir müsahibəsində qeyd edib. O bilidirib ki, İlham Əliyev hər gün xüsusi fondda saxlanılan ABŞ və Britaniya nəşrlərini oxumaq üçün kitabxanaya gəlir və vaxtının böyük hissəsini kitabxanada keçirirdi. Onun müsahibəsində liderin təkcə Britaniya ilə bağlı 50-yə yaxın kitab oxuduğu da qeyd edilir.
Mütaliə etdiyi, araşdırdığı kitablar, dövri nəşrlər sayəsində İlham Əliyev 1985-ci ildə Böyük Britaniyanın Liberal partiyası (“Антивоенное движение в Великобритании на современном этапе и отношение к нему политических партий”) ilə bağlı dissertasiya işini uğurla müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini alıb. Sonra İnstitutda elmi fəaliyyətini davam etdirərək müəllim kimi çalışmağa başlayıb. Dissertasiya işində istifadə olunmuş ədəbiyyat siyahısına nəzər salsaq, görərik ki, burada 1931-ci ildə çap edilmiş nəşrlərdən tutmuş, 1985-ci il də daxil olmaqla 239 adda rus və ingilis dilində müxtəlif ölkələrdə nəşr edilmiş beynəlxalq münasibətlər, beynəlxalq hüquq, tarix, daxili və xarici siyasət, iqtisadiyyat, partiyaların fəaliyyəti barədə kitablar, “Вопросы истории”, “Международная жизнь”, “Мировая экономика и международные отношения”, “Daily Mirror”, “Europa-Archiv”, “Government and Opposition”, “Labour Research” və başqa nüfuzlu dövri nəşrlər yer alıb. Bu mənbələr də uzaqgörən liderin geniş və əhatəli mütaliə dairəsindən xəbər verir.
Xatırladaq ki, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə ölkə başçısı 30-a yaxın xarici KİV-ə xarici dillərdə müsahibələr verdi. Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın haqlı mövqeyini, müharibənin başlanma səbəblərini sistemli şəkildə siyasi uzaqgörənliklə auditoriyanın diqqətinə çatdırdı. Bu müsahibələrin mətni ilə tanışlıq, verilən “sifarişli”, bəzi ittiham xarakterli suallara prezident İlham Əliyevin tutarlı və əsaslı cavabları onun beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bilməsinin göstəricisi, hərtərəfli biliyinin, oxuduğu çoxsaylı kitabların hesabına formalaşan geniş mütaliə dairəsinin bariz nümunəsi idi. Bu müsahibələr, silsilə bəyanatlar, müxtəlif beynəlxalq görüşlərdə liderlik mövqeyi Azərbaycanın informasiya savaşında da qələbəsini təmin etdi.
Xüsusi olaraq qeyd edək ki, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılması, nəsildən-nəslə ötürülməsi və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzsiz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi, fondların yeni nəşrlərlə zənginləşdirilməsi, virtual kitabxanaların yaradılması, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dövlət siyasətinin əsas prioritetləri sırasında xüsusi yer tutmaqdadır.
Və biz xüsusən vurğulamaq istəyirik ki, 44 günlük zəfər savaşından sonra prezident İlham Əliyev yazıçılara müraciət edərək söylədi ki, biz öz haqq işimizi başa vurduq, indi söz sizindir, siz bu qalibiyyəti bədii əsərlərə gətirməklə tarixin yaddaşına köçürməlisiniz.
Növbəti: 6.Mədəniyyət Nazirliyinin yorulmaz fəaliyyəti
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)