MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – İntiqam Yaşar, şeirlər Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

İNTİQAM YAŞAR

 

İNDİ KİM BİLİR HARDASAN?!

İndi kim bilir hardasan?!

Kim bilir könlündən hansı rəsmim asılmış?!

Düşünə bilirsənmi hansı buludun

                        altında necə darıxdığımı?

Gözlərimdən gözlərinə uzanan yoldayam,

Uzaq şəhərlərin darıxmağı ağır olurmuş,

Həm bir az acı, həm bir az şirin.

Bu gecə əllərinlə yuxuda həmsöhbət idim.

Gözlərini soruşdum,

"Gördük" dedilər.

Uzaqlara dikilmişdi səssizcə...

 

 

***

Nə sən uzaqlardan mənə gələrsən,

Nə mən uzaqlardan sənə gedərəm.

Bizi də uzaqlar udar beləcə.

Söykənə-söykənə buz divarlara,

Kürək izimizlə cığır salarıq,

Söykənə-söykənə buz divarlara,

Bir gün divarlarda şəkil olarıq.

Üşüyər alnımız əcəl tərindən,

Sırsıra buzlara şükür deyərik.

Gəlməyən adama, gəlməyən kəsə,

Gözümüz hələ yol çəkir deyərik.

Bizi təsəllilər ağlada bilər,

Bizi təsəllilər güldürə bilər.

Bizi təsəllilər yaşada bilər,

Bizi təsəllilər öldürə bilər.

Yaşamaq çox uzun yol da deyil heç,

Mənə bir nəfəslik adın bəs edər.

 

 

***

 

Uzaq yolam ömür adam,

Tez yorulma bacararsan.

Gələndə nə itirdin,

Qayıdanda taparsan.

 

Dizlərini daşlara

Bağışlayıb gəlirsən.

Günləri ovcundaca,

Gizli sayıb gəlirsən.

 

Nəfəsimdə isinən,

Adına söykənmişəm.

Həm xəyal, həm də gerçək

qadına söykənmişəm.

 

Səni deyən hər şeyi.

Al ağrının əlindən.

Bəzən imdad gözləyir,

Adam öz əcəlindən.

 

Günəş gecikir yenə,

Özünü mənə çatdır.

Tələs, tələs bir az da,

Hər şey olar, həyatdır.

 

 

***

 

Səni gözləyəcəm...

Burda bu odada...

            gecələrin ağır pəncələrinə inad...

Yuxuların ərşə üz tutmalarına inad.

Bir gün olmayacaq ömrün səssiz əksinə inad.

Bir-birinə sarılan ümidlərə inad.

Kimsə döndərə bilməz səni yolundan,

Kimsə döndərə bilməz məni yolumdan.

Bircə gecikmə...

Bircə gecikmə...

Bircə gecikmə...

Nəfəsimə bel bağlamıram,

            küləklə qan qardaşıdır...

Gedər, gəlməz...

 

 

***

 

Bütün çobanyastığı çiçəkləri

            bir qarış məndən uca olanda,

Bütün buludlar ən gözəl arzuların örpəyi idi.

Bütün ümidlər sinəmdə at çapırdı dördnala,

Bütün uşaqlar köhnə corabları top edirdi,

Bütün quzular qıvrım tüklərinə söykənirdi

Qəssab bıçaqları korşalmışdı.

Bütün tənha qocalar

            nəvələrin yadına düşmüşdü,

Bütün atalar övlad qarsılayırdı hərbidən,

Bütün analar övlad toyuna hazırlaşırdı.

Dünya elə gözəl idi ki...

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2024)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.