Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
34.
YAXŞI MÜTALİƏÇİ ÜÇÜN FAYDALI MƏSLƏHƏTLƏR
Biz əvvəlki bölümlərdə daha effektiv və səmərəli oxuma üçün sizlərə dəyərli məsləhətlər verməyə çalışmışdıq. İndisə onları qruplaşdırıb sizlərin ixtiyarına veririk.
Beləliklə, bir əsərin məzmununu daha yaxşı öyrənmək üçün istifadə edilən üsullardan ən yararlısı və geniş yayılmışı konspektləşdirmədir.
Madam ki, indi dünyada bəhs etdiyimiz kimi, sıradan xarakterlərə sahib, basmaqəlib hadisələri təsvir edən, “nə mənsəbə qulluq etdiyi” hətta müəllifləri tərəfindən belə bilinməyən, “söz yığınından ibarət olan“, kriminal və pornoqrafik səciyyəli kitabların sayı xeyli artmışdır, ona görə biz də tədbirli tərpənməliyik, axı təsadüfi (səhv) kitab seçimi xeyirdən çox ziyan gətirə bilər. Mütaliədə səhv seçimlər isə bir sıra fəsadlar yaradır: oxucuda fikir qarışıqlığına səbəb olur, onu ümidsizliyə sövq edir və hər şeyə şübhəylə yanaşan birinə çevirir.
-Müxtəlif səbəblərdən bəzən uşaq və gənclər bilik və yaşlarına uyğun olmayan kitabları oxumağa girişirlər. Aydın məsələdir ki, 8-10 yaşında olan bir uşağın gənclik romanını və yetişkinlər üçün nəzərdə tutulan kitabları oxuyub anlaması mümkün deyil. Çünki bu zaman kitab və uşaq “eyni dildə” danışa bilmirlər. Onlar belə kitablardan zövq ala bilməyəcək və mütaliədən soyuyacaqlar. Bir maraqsız kitab isə insanı ömürlük kitablardan uzaq sala bilər.
-Təsadüfi seçilən bəzi əsərlər oxucunun psixologiyasına mənfi təsir
edir. Məsələn, şiddət və qorxu məzmunlu kitabları oxuyanlar digərlərinə görə çox dalaşqan, üsyankar və aqressiv olurlar .
-Bəzən oxucular heç kəslə məsləhətləşmədən elə kitabları mütaliə
edirlər ki, həmin kitablarda dilimizin nitq normaları və üslubi xüsusiyyətləri
gözlənilmir, yersiz arxaizm, dialekt, termin, vulqar, alınma və arqo sözlərə
(xüsusən tərcümələrdə) yer verilir. Əsərin anlaşılması çətin olur. Halbuki kitab dilimizin zənginliyini və gözəlliyini nümayiş etdirməli, anlaşıqlı və axıcı bir dildə olmalı və oxucunun lüğət ehtiyatını artırmalı, onların nitq mədəniyyətini formalaşdırmalıdır.
-Bəzi əsərlərdə ana mövzu qeyri-müəyyən olur, hadisələr ləng şəkildə cərəyan edir, çoxlu sayda obrazlar olur, onların bəziləri həddindən artıq idellaşdırılır (təbiilikdən çıxarılır), zaman xronologiyası tez-tez pozulur (keçmişə və gələcəyə gəliş-gedişlər çox olur). Uzun təhkiyələrə yol verilir. Bunlar isə ikili və yanlış anlamalara səbəb olur, gənc oxucuları çaşdırır, onların canlarını sıxır. Nəticədə onlar usanır və bezirlər. Onlara elə gəlir ki, kitabların hamısı belədir.
-İndi kitab bazarında tərtibatı və dizaynı müasir tələblərə cavab verməyən kitablarla da tez- tez rastlaşırıq. Bu kitabların düzgün seçilməyən rəngi, kağız və şrift formatı, məzmunla uyuşmayan üz qabığı və illüstrasiyaları onu oxumaq üçün alanların estetik zövqünü korlayır.
Keyfiyyətsiz çap olunan kitablar təkcə oxumaq həvəsini öldürmür, səhv şrift və düz olmayan sətirlərarası interval gözlərin nurunu da korlayır.
Oftolmoloqların fikrincə, tərtibatı bərbad kitabların insanların gözlərinə zərəri var.
Zənn edirik ki, kitab seçiminin zəruriliyini əsaslandırmaq üçün yuxarıda göstərilənlər yetərli sayıla bilər. Düzgün seçilməyən hər hansı ayaqqabı insanın ayaqlarını incidib şikəst etdiyi kimi, düzgün seçilməyən kitab da oxucuların insani duyğu və dəyərlərinin formalaşmasını ləngidir, mənən şikəst edir .
Mütaliənin səmərəliliyi onun icra olunduğu şərait və vaxtdan da çox asılıdır. Ona görə də münasib mütaliə vaxtının təyin edilməsinə (şərti olaraq) xüsusi fikir verilməlidir. Sübh və səhər çağı, yatmazdan qabaq mütaliə üçün ən münasib vaxt sayılır. Əzgin və yorğun vaxtlarda mütaliə etmək məsləhət görülmür.
Mütaliə salonu olduqca sakit, mümkün qədər bər-bəzəkdən uzaq olmalıdır. Atmosfer temperaturu və işıqlandırma sistemi münasib, mütaliə vasitələri - stol və stul, həmçinin digər texniki avadanlıqlar mütaliə üçün əlverişli olmalıdır.
Mütaliə ilə məşğul olan gün ərzində konkret istirahət saatlarının müəyyən edilməsi, mütaliəarası fasilələr, düzgün qidalanma, zehnə xeyirli qidaların qəbulu da diqqət mərkəzində saxlanılmalıdır.
Növbəti: 35.Bəs dünya nə oxuyur?
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)