MÜTALİƏ MƏDƏNİYYƏTİ –33.Naxçıvan təcrübəsi Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

33.

 

NAXÇIVAN TƏCRÜBƏSİ 

 

Qeyd etdiyimiz kimi, mütaliə mədəniyyətinin yüksəldilməsi prioritet mövzudur və tez-tez diqqət mərkəzində olur. İstəyərdik, bu bölümümümzdə Naxçıvan təcrübəsinə toxunaq. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazir­liyinin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Müasir gənclik və mütaliə mədəniyyəti” mövzusunda keçirilən dəyirmi masadan söz açmaq istəyirik.

Muxtar respublikanın ali təhsil müəssisələrinin, müxtəlif qurumların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbirdə  qeyd olunub ki, muxtar respublikada mütaliə üçün geniş imkanlar var. Belə ki, mütaliə həvəskarlarının ixtiyarına 222 kitabxana verilib. Oxucular ənənəvi kitabxanalarla yanaşı, elektron kitabxanalardan da istifadə edə bilirlər. Belə mədəniyyət müəssisələri üçün yeni binaların tikilməsi, mövcud binaların yenidən qurulması, müasir tələblərə cavab verən maddi-texniki bazanın yaradılması, kitabxana fondlarının həm tədris, həm də bədii ədəbiyyatla zənginləşdirilməsi, kitabxanalara ölkə Prezidentinin sərəncamı ilə nəşr olunan Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin, həmçinin müasir dövrün şair və yazıçılarının ən qiymətli əsərlərinin pulsuz verilməsi bunun bariz ifadəsidir.

Dəyirmi masada mütaliəyə marağın azalması ilə bağlı müxtəlif səbəblər üzərində müzakirə aparılıb. Kitabxana-oxucu əlaqələrinin az olması, kitab müzakirələrinin keçirilməməsi, mütaliənin sevdirilməsində ailənin, məktəbin rolu barədə geniş danışılıb. Sosial şəbəkələrdən düzgün olmayan istiqamətdə istifadə hallarının genişləndirilməsinin, telekanallarda özünə yer alan bəzi verilişlərin də mütaliəyə mənfi təsiri vurğulanıb. Bu problemin yaranmasında kitabxanaçı kadrların qeyri peşəkarlığı da diqqətə çatdırılıb.

Bir sözlə, problemlər sadalanıb və onların həlli yolları göstərilib. Hamı bir yerdə mənfilikləri aradan qaldıra bilər, əsas nəticə bu olub. Amma ən əsası isə bu sayaq tədbirlərin mütəmadi keçirilməsi ilə mövzunun gündəmdə saxlanılmasıdır.

Kamil insan olmağın, öz zehnini, təfəkkürünü üstün səviyyəyə gətirməyin, müasir cəmiyyətdə qüsursuz formalaşmanın mükəmməl yolu yalnız mütaliədir. Kitablar həmişə olduğu kimi, bilikli və mədəni insanın həyatının ayrılmaz hissəsinə – ən yaxın dostuna, etibarlı sirdaşına çevrilib. Bunu heç kəs unutmamalıdır.

 

Növbəti: 34.Yaxşı mütaliəçi üçün faydalı məsləhətlər

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.