Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
POEZİYA
ƏKBƏR QOŞALI
İLAHİ
Göy üzünə ulduz səp,
Naxış olsun, İlahi.
Arxamca bir cam su səp,
Yağış olsun, İlahi...
"Qaranlıqlar yarılsın",
Nə sorğun var sorulsun;
Axırımız durulsun,
Alxış olsun, İlahi.
Xatirəmi ağ saxla,
Gözlərimi sağ saxla,
Qoy keçmişdən sabaha
Baxış olsun, İlahi.
GƏL
Torpağı sərinəm, gəl,
Kədəri dərinəm, gəl;
Yüz ildən anrıdasan,
Min ildən bərinəm, gəl...
Gəl, quş qonan budağıq,
İlk iz düşən yolağıq;
Sabahlardan sorağıq,
Sən mənsən, mən sənəm, gəl...
Dənizəm - gəmin üçün,
Bütöv ol - kəmim üçün;
Sən bayraq ol, səninçün
Yel olub əsənəm, gəl!..
URMU GÖLÜNÜN ÖYKÜSÜ
Adıma Urmu derlər
Suyum göyə çəkilib…
Göllüyüm qeyb olsa da,
Yenə quru göllərin ən gözəli özüməm.
Türküstan talesizi
Aralın bacısıyam;
O daha tez qurdu -
Məhşərə hazırlaşır
atamqızı elə bil…
Ən uzaq yaddaşımdan süzülüb gələnləri
danışım, qoy qalmasın -
Min illər öncəydi - biz ayrılanda
Aral sağ əlini çəkdi başıma
Başıma gələnə bax -
Min illər sonradı
indi biz ikimiz də quruyuruq,
quruyuruq...
Nə mənim Acıçayım,
nə də bacım Aralın
Ceyhun ilə Seyhunu
su daşımır dağlardan…
Xəzərə də əl çatmır…
Araz boynuburuqdu…
Aralın da mənimtək
gəmiləri pas atır…
Tanrının işinə bax -
Duzlu su çürütməyən gəmilər indi bir-bir
susuzluqdan qəhr olur…
Elə bil dil bilirlər
Elə bil göl bilirlər…
Göl vardımı bizimtək?..
Siz, ey zalim göllərin ən zalim gəmiləri
Sirdaşınız kim olsun?..
Kölgənizə yığışıb
əsnək vurur dəvələr
Balıqlar üzüşərdi böyrünüzdə ilmüdam
Bəlkə mən bilməyirəm
Balıqlar dəvə olub?
Bircə onu bilirəm
dəvələr balıq olmaz…
Qanadsızdı dəvələr
Dəvələr dözümlüdü
Dözəcəklər, dözəcəklər
Bizim
son qətrəmiz də quruyan gün -
baxarsız,
Qanad çıxaracaqdır
Kölgədəki dəvələr
İnanın, düz sözümdü…
Xəzərə əlim çatmır…
Əlimi göyə açdım…
HƏDİYYƏ VERƏK…
Nabran…
Dəniz sahili…
O başdan bu başa gəlib-gedirik
Sahildə nə olur? -
Balıqqulaqları, narın qum
bir də
Dənizin qırağa atdığı nəsə…
Nə yaşıl orman var,
nə də göy çəmən
Bəs nədi,
bizləri gətirən bura?
O yaşıl ormanlar
göy çəmənliklər
çox gözəl olsa da,
bir gün gəlir də
qaçmaq istəyirsən,
uzaqlaşırsan...
Bəzən özümüzdən qaçmaq istərik
Özgədən, özündən, hər yerdən qaçan
Gəlib soluğunu sahildə alar…
Bəs dəniz olmayan ölkələr neynir?..
Dənizə, sahilə özgələr neynir?..
Ancaq biz…
Və ancaq Xəzər sahili…
Balıqqulaqları, narın qum
bir də
Xəzərin qırağa atdığı nəsə…
Təsadüf olmayır dünyada heç nə…
Balıq tanımayır öz qulağını
Deyirlər balığın yaddaşı olmur;
Amma insanlarçün
bu balıqqulaqlı,
bu narın qumlu
sahillər
sahilsiz xatirə yığnağı olar -
O ya yaşanıbdı ya yaşanacaq…
Heç nə gərək deyil
Nə yaşıl, nə göy…
Boz sahil
boyunca yeriməyimiz,
Dənizi dinlərcə kiriməyimiz
Hopacaq sabahkı xatirələrə -
Bu balıqqulaqlı, bu narın qumlu,
Heç yerə getməyən üzüboz sahil
Dünyanın ən əlvan yeri olacaq…
Ən rəngli yuxular qazanacaq o
Həsrətin əlçəkməz süsü olacaq…
Neynək, bu sahildə sadədil olaq,
Balıqqulağına tutunaq duraq;
Bu dəniz, bu sahil, bu qum nə deyir?..
Torpaqla dənizin öpüşdüyü yer,
Nəsə bir hikmətə sahib olmalı…
Gəl, hədiyyə verək bir-birimizə:
Bu bir cüt qızılı balıqqulağı -
Biri sənin olsun, biri də mənim
Bizi bu sahilə gətirər yenə
Dəniz pıçıltılı balıqqulağı…
HAMI ƏVVƏL-AXIR BURDAN KEÇƏCƏK
Dəniz üstdən ötür dolmuş buludlar
Kim bilir hirsini hara tökəcək…
Əlim qaşım üstə, fikrim uzaqda,
Üfüqlər xəyaldı, sahillər gerçək…
Sahil dolur-daşır insanla bəzən
Yaşlı qayğılar var, gənc əyləncələr…
Fikri dağıtsa da körpə ləpələr,
Hamı burdan evə yorğun dönəcək…
Üfüqlər xəyaldı, sahillər gerçək…
Sahillər qocalır, sular gəncləşir,
Görərsən yorurmu sahili dəniz?..
Neçə ki sahil var, neçə ki dəniz,
Onların sevdası heç bitməyəcək…
Balıqqulağı var burda bu qədər,
Burda pıçıltı da sirr qala bilməz…
Yerin qulağı var - belə deyiblər -
Yəqin ki buranı görüb deyiblər…
Hamı əvvəl-axır burdan keçəcək.
Üfüqlər xəyaldı, sahillər gerçək…
“Ədəbiyyat və incəsənət”
(02.10.2024)