Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
27.
ABİTURİYENTİN UĞUR FORMULU
Təbii ki, yeniyetməliyin, ilk gəncliyin ilk ən böyük sınağı abituriyent olub ali təhsil məktəblərinə imtahan verməkdir. Əksər xalqlar kimi bizim azərbaycanlılar da mental xüsusiyyətlərdən irəli gələrək oxumağa, təhsilə həmişə önəm veriblər. Tarix boyu təhsillilərin, savadlıların statistikası bizim ölkədə yüksək olub. Məktəbə getməyən, təhsil almayan insanlardan hər eldə-obada birini taparsan, ya tapmazsan. Bizdə hətta belə bir adət də var: valideynlər gəlin köçürdükləri qızlarının cehizləri arasında ali məktəb diplomunun olmasının da qeydinə qalırlar. Düzdür, Azərbaycan BMT-nin təhsil səviyyəsinin indeksi reytinqinə (education index) görə ilk onluğa düşmür (1. Avstraliya; 2. Danimarka; 3. Yeni Zelandiya; 4. İrlandiya; 5. Norveç; 6. Niderland; 7. Almaniya; 8. ABŞ; 9. Böyük Britaniya; 10. Kanada), amma YUNESKO-nun nisbi savadlılıq statistikası cədvəlində bizim ölkəmiz SSRİ dönəmində təməli qoyulan məcburi təhsil qaydaları hesabına 99.5% savadlılıq göstəricisi ilə dünya üzrə 13-cü pillədə qərarlaşıb (Maraqlıdır ki, ilk pillələrdə yalnız postsovet və postsosialist ölkələri qərarlaşan bu siyahıda education index onluğunu təşkil edən Avstraliya yalnız 23-cü, Kanada 26-cı, Danimarka 29-cu, Almaniya 32-ci, ABŞ isə hətta 44-cü yerdədir).
Orta məktəbi bitirib ali məktəbə daxil ola bilməmək bizim ölkədə bir gənc üçün böyük faciə, onun valideynləri üçünsə böyük bədbəxtçilik hesab olunur. Ali məktəbə daxil olmaq üçünsə zəruri şərtlər arasında yüksək mütaliə vərdişlərinə malik olmaq əsas yer tutur. Rasional və sürətli qaydada oxumaq, bu oxuduqlarını əzbərləmədən, effektiv qaydada yadda saxlaya bilmək sənin imtahanda yüksək bal toplamağının təməlidir.
Ali məktəbə qəbul olmaq istəyirsən? Gecə və gündüz oxumalısan, hazırlaşmalısan, repetitor yanına getməlisən, sınaq imtahanları verib gücünü sınamalısan. Bu hazırlıq müddətində gündəlik həyat rejimini dəyişib fərqli rejim qurmalısan. Hətta ən xırda detal belə sənin özünü yolunda fəda etdiyin uğuruna xidmət etməlidir. Hafizəni və şüuru gücləndirən qidalardan, təbii otlardan, vitamin və preparatlardan istifadə etməlisən, oxuduğun materialı daha yaxşı qavramaq üçün məlum üsullardan, sınaqlardan çıxmış psixoloji testlərdən, təmrinlərdən bəhrələnmisən.
Gəlin, çox sadədən başlayaq. Zaman az, oxunacaq, mənimsəniləcək biliklər çox. Dərslikləri öz axarı ilə, bədii ədəbiyyat oxuyurmuş kimi oxusanız imtahanlaradək tam hazırlıqlı olmağa zamanınız təbii ki, yetməyəcək. Bəs onda nə etməli? Əlbəttə ki, sürətli-effektiv oxu qaydalarına riayət etməli. Bu barədə o qədər çox metodika, kurslar, treninqlər var, saymaqla qurtarmaz. Tam dərinə getmədən gəlin professor Əlibala Məhərrəmzadənin araşdırdığı bir neçə çox vacib qaydalara nəzər yetirək:
A. Diqqət və yaddaş
Mətn oxuyarkən ən vacib iki proses bunlardır: Diqqətlə oxumaq və oxuduğunu yaddaşa ötürmək.
Xüsusən biliklər almaqçün oxuyan zaman hədsiz diqqətli olmaq lazım gəlir. Amma beynimizi məşğul edən nəsnələr daim fikrimizi başqa səmtə yönəldir, biz əksərən mexaniki oxuyuruq, oxuduğumuz şüurumuza çata bilmir, yaddaşa da həkk olunmur. Heç kəsə sirr deyil ki, zehni əməyin məğzi konsentrasiya oluna bilməkdir. Ali məktəbə qəbul olunmaqçün hazırlıq mərhələsi, şübhəsiz, zehni əmək növüdür. «Mənim gələcək uğurumun yolu bax bu mətni oxuyub mənimsəməkdən keçir», «mən mütləq bunu öyrənməliyəm», «tam diqqətlə, tam səylə, tam məsuliyyətlə oxumalıyam» cümlələri ilə fikrini tam oxuduğun mətnə yönəldib, fikrini dağıda biləcək hər şeydən kənarda, ideal bir şəraitdə oxumağa çalışmalısan.
B. İnteqral alqoritm
Sürətli oxumada ən vacib olanı həqiqətən də sürətlə, tutalım, bir səhifəni bir neçə saniyə ərzində oxumaq deyil. Prosesin ən vacib olanı mövzunun mahiyyətini dərk etməyə yönəli seçdiyiniz proqramın düzgün olması, nəticədə də informasiyanın optimal və effektiv alınmasıdır.
Siz əlinizə bir kitab götürəndə heç vaxt öncədən planlaşdırmırsınız ki, onu necə, hansı ardıcıllıqla, sürətlə, intervallarla oxuyacaqsınız. Nəticədə mahiyyət etibarı ilə həmin kitabı aşağı tempdə, astagəlliklə oxumalı olursunuz.
Amma düşünmək lazımdır ki, oxunmanın istənilən texnikası və sürəti mütləq halda oxucunun öz qarşısına qoyduğu məqsəd və vəzifələrə tabe olmalıdır. Məhz qarşına müvafiq proqram qoymaq, onun hər bir bölümündən lazımi anda çevikliklə istifadə etmək sürətli oxumaq məharətini şərtləndirir.
C. Antireqressiya və antiartikulyasiya
Bəzən biz mətni oxuyanda bir sətri bitirən kimi gözümüz sətrin əvvəlinə – onu təkrar oxumaya yönəlir. Bu, mütaliədə ən geniş yayılmış qüsurdur və reqressiya adlanır. Düzdür, sətrin, cümlənin təkrar oxunmasının resipasiya adlı oxuduğun cümlədəki fikri daha dərindən mənimsəmək növü də var. Bu təmrin, əlbəttə ki, çox zəruri və vacibdir. Amma reqressiya isə boş vaxt itkisi, gözə verilən əlavə yükdür. İstənilən halda bu vərdişdən yaxa qurtarmaq zəruridir.
Məhsuldar oxumağımıza mane olan daha bir faktor oxuma zamanı artikulyasiya adlanan ağızın, dilin, udlağın hərəkətliliyidir. Biz öz-özümüzə oxuyanda bəzən istər-istəməz bu orqanlarımıza güc tətbiq edirik. Bəziləri, hətta ucadan oxuyaraq bu gücün təsirini ikiqata, üçqata çatdırırlar. Amma istənilən halda mətn effektivlik üçün tam səssiz oxunmalıdır. Artikulyasiya oxunanı mənimsəmək üçün orqanlarımıza təsir edən bəlli əngəldir. Məşq edin, lap dilinizi dişinizlə tutub saxlayın, amma sakit, mütləq sakit oxuyun!
D. Vertikal oxumaq
Ənənəyə görə oxumaq üçün çox kiçik görmə bucağı lazım olur, gözlər soldan sağa hərəkət edir, ən yaxşı halda 2-3, daha kiçik olarsa 4 söz gözümüzün, necə deyərlər, əsarəti altında olur. Məhz bu sahənin məhdud olması nəticəsində bir sətri oxumaq üçün gözümüz bir neçə həmlə edib bir neçə dəfə dayanmalı olur. Bunu bütöv bir səhifəyə şamil etsək, maraqlı bir mənzərə yaranar. Deməli, biz hər sətirdə üç dayanacaq etməklə 30 sətrlik bir kitab səhifəsini 90 həmləyə oxuya bilirik.
Amma gəlin indi sözbəsöz yox, frazalarla oxumağa çalışaq. Yəni gözün görmə bucağını böyüdüb bir həmlədə daha çox söz oxuyaq. Bu, təkcə oxuma sürətini artırmır, həm də özündə oxuduğunun daha yaxşı mənimsənildiyini ehtiva edir. Pedaqogikada tam olaraq isbatlanıb, mətnin daha böyük fraqmentlərlə oxunması onun məzmununun daha aydın dərk edilib qavranmasına gətirib çıxarır. Gözün görmə bucağı artdıqca onun oxumağa sərf etdiyi enerjisi də azalır, buna ayrılan vaxt da qısalır. Və bu vərdiş get-gedə oxuma zamanı gözün tam püxtələşməsinə səbəb olur, soldan-sağa artıq bütöv sətri nəzarəti altına almağa müvəffəq olan göz tədricən mətni horizontal yox, vertikal oxumağa başlayır. Nəticədə, 90 həmləyə oxuduğun bir səhifəni bu dəfə sətir sayı qədər, yəni 30 həmləyə oxuya bilirsən. Həm vaxta 3 dəfə qənaət edirsən, həm də qavrama məhsuldarlığın 2 dəfə artır.
E. Məğzi tutmaq
Psixologiyada «Mətni dərk etmək» termini var, «dərk etmək», «anlamaq» anlayışları «oxumaq» anlayışının məntiqi nəticəsi olmalıdır. Öz mövcud biliklərindən istifadə edərək oxunulan mətnin həyatla inikası arasındakı məntiqi əlaqəni tuta bilmək, bax budur əsas məsələ. Mürəkkəb olmayan mətni oxuyanda «qəbul etmək» və «anlamaq» anlayışları ani olaraq bir-birilərini tamamlayırlar. Mövcud biliyimizin müxtəlif detalları aldığımız yeni bilgilərin təəssüratıyla zənginləşir.
Amma biri də var, mürəkkəb, öncədən bilik bazamızda heç bir izi olmayan mətni oxumaq, bu zaman qavramaq prosesimiz konkret olaraq çətinlik çəkir. Bax bu məqamda istifadə edilə biləcək ən vacib vasitə mətnin əsas mənasına güc verməkdir. Mətni hissələrə bölür, məna baxımından qruplaşdırır, ən vacib olan hissəni müəyyənləşdirir, onu təkrar-təkrar diqqətdə saxlayırıq. Psixologiyaya görə, yeni mətnin dərk edilməsi şüurumuzdakı istənilən uyğun «materialdan» istifadə ilə asanlaşa bilər. Bu, əlavə detallar, ştrixlər, ikinci dərəcəli sözlər, müxtəlif hadisələr, qaynaqlar ola bilər. Bir sözlə, istənilən şüur assosiasiyası bizim dayağımıza çevrilə bilər.
Deməli, mətnin məzmununu qısa məntiqi formulalara çevirib hər formulanın nüvəsi olan əsas fikri müəyyənləşdirib bunu öz şüurumuz və bilik bazamıza transfer etməklə (bunu, haradasa filtrasiya prosesi kimi də izah edə bilərik) biz mətni başadüşməni tam mahiyyəti ilə reallaşdıra bilərik, dərketmə qabiliyyəti əldə edərik!
Əziz dostlar. Demək,
- diqqətlə;
- sürətlə;
- artikulyasiyaya (ağızın, dilin, udlağın hərəkətliliyinə) yol vermədən;
- vertikal;
- məğzi tutmaqla;
- nəticə qorxusunu dəf etməklə oxuyur, oxuduqca düzgün rejim və qidalanma qaydalarına əməl edirsiniz, sonucda mütləq uğurlu nəticə əldə edəcəksiniz.
Növbəti: 28.Fasiləsiz təhsil anlayışı
“Ədəbiyyat və incəsənət”
(27.09.2024)