Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
25.
OXUCU KVALİFİKASİYASI
Oxucu məfhumu barədə sizləri öncəki mətnlərdə məlumatlandırdıq. İndi də gəlin, bu məfhumun məzmununu açmağa cəhd edək.Məlumdur ki, insanların müxtəlif xarakterli maraqları və tələbatları olur. Hər bir kəsin özünəməxsus marağı, tələbatı mütaliə tələbatının və mütaliə marağının yaranmasına təsir göstərə bilir. Eyni zamanda bu, insanın mütaliə marağının və mütaliə tələbatının reallaşmasında mühüm rol oynayır. Demək, oxucu daha çox fərdi xarakter daşıyır və hər kəsə yönəli mütaliə məhsulu ortaya çıxmalıdır ki, əksər maraqları əhatə edə bilsin.
Oxucu kimdir? O bir istehlakçıdır, onun öz tələbi var, istehsalçı bu tələbləri nəzərə almaqla, təbii ki, həm də öz maraqlarını – daha geniş anlamda desək, dövlətin, cəmiyyətin, xalqın mənafeyini nəzərə alan və bunlara xidmət edən, eyni zamanda da mədəni səviyyəni yüksəldən və mənəvi təlabatı ödəyən estetik dəyərlərə malik bir əmtəə ortaya çıxarmalıdır.
Çox təəssüf ki, bu gün öz mövqeyindən sui-istifadə edən istehsalçılar da az deyil. Təsirə tez düşən yeniyetmə zümrəsinin diqqətini zorakılığı, pornoqrafiyanı, narkomaniyanı təbliğ edən əsərlərlə çəkmək, yaxud bayağı, boz ədəbiyyata alüdə etmək yolverilməzdir, hətta cinayətdir.
Odur ki, presedent hər iki tərəfin təlabatını tam ödəyən mütaliə məhsullarının ortaya qoyulmasıdır. Və bizim də söhbətimizin məğzi həmin bu mütaliə məhsullarına hədəf qrupumuz sayılan yeniyetmə və gənclərdə maraq oyatmaqla onları mütaliəyə həvəsləndirməkdir. Əlbəttə ki, yenə də təkrar edirik, 3-cü minillikdə internetin, mobil telefonun məişətə basqısı şəraitində bunu etmək nə qədər çətin olsa da, bir o qədər lazımlı, məsuliyyətli və şərəflidir.
Növbəti:
26. Vərdişlər kompleksi
“Ədəbiyyat və incəsənət”
(25.09.2024)