Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
POEZİYA
RAMİZ QUSARÇAYLI
AZƏRBAYCAN BAYRAĞI
Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu, ayını göydə mələklər ötər,
Hər rəngində "ya qazi, ya şəhid" bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı,-
Azərbaycan bayrağı!
Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-
Azərbaycan bayrağı!
Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı!
Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
Azərbaycan bayrağı!
Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı!
Azərbaycan bayrağı!
BU ÇİÇƏK AXŞAMI, BU GÜL AXŞAMI
Gəzirəm şeirimin gül ləklərini,
Heyrətim könlümü qana çevirir.
Gül elə soyunur ləçəklərini,-
Arılar üzünü yana çevirir,
Bu çiçək axşamı,
bu gül axşamı.
Qızılı tellərə yaşıl şeh düşür,
Ay quzey qarında bəyaz gül açır.
Çiçəklər zoğalın sarı gülüşü
Göyəm ağacları göm-göy dil açır,
Bu çiçək axşamı,
bu gül axşamı.
Söz şimşək qılıncı,
şeir daş qanı
Dərinlik görmədim bu lallıq kimi.
Ürəyim böyüyür bir qarışqanın
Dənindən boylanan halallıq kimi,
Bu çiçək axşamı,
bu gül axşamı.
Gül gülə ötürər, sünbül sünbülə,
Yaşıl heydən salar, al vurar məni.
Elə durulmuşam, elə yüngüləm,
Bir quş dimdiyində qaldırar məni,
Bu çiçək axşamı,
bu gül axşamı.
Bənövşə gözündə nazlı bir giley,
Sıxdım bir laləni,
gördüm qan çıxır.
Şairlik adında nə varsa hər şey
Süzülüb bu axşam canımdan çıxır...
Bu çiçək axşamı,
bu gül axşamı.
Daddım bu axşamın şirinliyini,
Bu balı bə arı, nə şan gətirər.
Yaşıl su çiçəyim yaşıl şam kimi,
Mənə də bir yaşıl axşam gətirər,
Bu çiçək axşamı,
bu gül axşamı...
A BƏNÖVŞƏM MƏNİM
O nə boylanışdı, dolmusan yenə,
A bənövşəm mənim, süsənim mənim.
Özü bu dünyanı sevdirib mənə
Özü bu dünyadan küsənim mənim.
Gör bulaq dərəyə nə dil açdırıb,
Tənha daşlara da könül açdırıb,
Həsrəti gözümdə gül-gül açdırıb
Qönçə dodağını büzənim mənim.
Gecələr rənd alır qara telindən,
Qara mənsizliyi dara telindən.
Düşüb ürəyimə yara telindən
Tel-tel ürəyimi üzənim mənim.
Dərdə də tək dözür canım, can keçib,
Qüruba enirsən danımdan keçib,
Üz-üzə gələndə yanımdan keçib,
Məni yuxularda gəzənim mənim.
Eh…bu da bir eşqin ayrı dağları,
Üşüyür kölgəsi aylı çağların.
Düzüb zülüm-zülüm ayrılıqları
Üstündə meh kimi əsənim mənim,
A bənövşəm mənim, süsənim mənim…
SAXALAR-YAKUTLAR
Cığalı təcnis
Mənə gəl-gəl deyir Turan elləri,
Səsləyir Saxalar, Yakutlar məni.
Şair deyər tur anı,
Səfər anı, tur anı,
Yer Turandı, göy Turan
Ötür Turan Turanı.
Bir az gecikmişəm, bir az üzgünəm,
Gəlincə ya qınar, ya kutlar məni.
Hər yan qar dənizi, şam, ayı üzür,
Ağ göldə ağ balıq, şamayı üzür,
Şair deyər, şam, ayı,
Cəngəl meşə, şam, ayı,
Ağ işıqdı, bəyaz qar
Seçə bilmir şam ayı.
Üzür, öləziyən şam Ayı üzür,
Üzməz işığında yakutlar məni.
Sibir iki məkan, iki Sibirdi,
Edamdı, sürgündü, iki sibirdi,
Şair deyər al taya,
Göy talada al taya,
Düzsəm, sığmaz dağlarım
Alp dağından Altaya
Nargindi, Sibirdi, ikisi birdi,
Tanıyır Saxalar-Yakutlar məni.
Ramiz, arzu ağ çay, yol qara çaydı,
Dirənib yol qışa, yol qara, çaydı,
Şair deyər qara çay,
Qara məcra, qara çay,
Qovrulur dərd içində
Uyğur, Çuvaş, Qaraçay.
Yol Tuva, yol Hakas, yol Qaraçaydı
Hifz edər Şamanlar, ya Kutlar məni.
ATAMIN XATİRƏSİNƏ
Gözündən ölməyə başladı atam,
Gözündən düşməyə başladı dünya.
Saraldı gözünün ağ çiçəkləri
Gəlib gözlərində qışladı dünya…
Ölümü nar kimi sıxdı gözünə,
Gözünün içində nar çiçəklədi.
Öpdü gözlərindən ölüm mələyi
Gözünün odunda qar çiçəklədi.
Gördüm ki soyuyur həyət-baca da,
Gördüm buz sallanır gül tağlarından.
Bağın başındakı qoz ağacı da
Asılıb qarğanın ayaqlarından…
Pəncərə önündə gilas ağacı
Hamıdan gizlicə
tək ağlayırdı.
Quru budaqları qara əl kimi
Divarın üzünü cırmaqlayırdı…
Gözləri çıxmışdı hədəqəsindən,
Sanki kirpiyində dağ dolaşırdı.
Həyat gözlərində özgələşirdi,
Gözləri ölümlə doğmalaşırdı.
Göz-göz oxşayırdı ölümü atam,
Oxşaya-oxşaya nələr danışdı…
Gözləri ölümə sığmadığından
Öləndən sonra da yumulmamışdı.
Dünyanın şəklindən qaçıb gözləri,
Ölümün şəklini çəkirdi o gün.
Ölümün şəklini olduğu kimi
İlk dəfə atamın gözündə gördüm…
Gözüylə dünyanın arasındakı
İşıqlı nə varsa uçuracaqdı.
Elə yapışmışdı gözü ölümdən
Elə bil əlindən qaçıracaqdı…
Ölməyə heç nəyi yox idi o gün,
Nəfəsi yox idi, dili yox idi.
Elə nazlanırdı gözündə ölüm,
O gün ondan gözəl ölü yox idi…
Gözünə dikilən gözlərdən qaçıb,
gözünə tökülən səslərdən qaçıb,
gözünə çəkilən bizlərdən qaçıb
gözüylə öpüşdü yetimliyiylə,
gözüylə öpüşdü yavanlığıyla,
gözüylə öpüşdü uşaqlığıyla
gözüylə örüşdü cavanlığıyla,
öpmək istəmədi qocalığını
gözləri üzünü yana çevirdi…
Yolu iman yolu,
yolu can yolu,
getdi öz yoluyla, iziylə getdi.
gözündən qəbrinə uzanan yolu
Atam bizdən qabaq gözüylə getdi…
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)