MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Baba Vəziroğlunun şeirləri Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

BABA VƏZİROĞLU

 

CƏNAB ALİ BAŞ KOMANDAN

 

Sənin kimi fatehi zaman yetirməz bir də, 

Haqq-ədalət carçısı, tarix yazan sərkərdə. 

Səndən ilham, güc alır zabit, əsgər səngərdə,

Hərb və sülh meydanında sən zəfər çalan adam,

Cənab Ali Baş Komandan!

 

Düşmənimiz baş əydi sən and içən bayrağa, 

Sənin azad etdiyin hər bir qarış torpağa. 

Anamız Azərbaycan qovuşur Qarabağa, 

Qalmayacaq qisassız bir damla tökülən qan,

Cənab Ali Baş Komandan!

 

Getdiyin bu şanlı yol Ulu Öndər yoludur,

Sənin ordun yenilməz, sənin xalqın uludur.

"Yaşasın Azərbaycan!" - arzun, amalın budur, 

Milyon-milyon ağızdan səslənir xeyir-duan,

Cənab Ali Baş Komandan!

 

Qarabağ səmasında yenə günəş doğuldu,

Sənin dəmir yumruğun birlik oldu, güc oldu.

"Mənəm-mənəm" - deyənlər bəs noldu, necə oldu?

Ana südütək halal, sənə bu şöhrət, bu şan,

Cənab Ali Baş Komandan!

 

Sən yalnız, tək deyilsən, mətin türk qardaşın var,

Bir vəfalı, mehriban ürək-can sirdaşın var.

Bircə sözün, əmrinlə bu xalq ayağa qalxar,

Səninlə Azərbaycan - bir könüldə iki can - 

Cənab Ali baş Komandan!

 

 

XATİRƏDİR

 

Niyə yanır bu ocaq,

Yanıb, külü qalacaq.

Bilmirəm nə olacaq,

Olanı xatirədir...

 

Qar yağır narın-narın,

Üzü gülür dağların.

O yaşıl yarpaqların

Solanı xatirədir...

 

Ay çəmənin çiçəyi,

Niyə soldu ləçəyin?!

Bu dünyanın gerçəyi,

Yalanı xatirədir...

 

Niyə çıxdıq yola biz,

Dəli olub bu dəniz.

Bir adadır sevgimiz,

Hər yanı xatirədir...

 

Gerçəkdi, yoxsa yalan,

Gəlib keçdi nə zaman?!

Sevginin ömrü bir an,

Qalanı xatirədir...

 

 

MƏNDƏN BİR DƏ OLMAYACAQ

 

Gecə-gündüz çıraqla sən,

Hələ məni gəzəcəksən.

Axtarmaqdan bezəcəksən,

Məndən bir də olmayacaq...

 

Yollara gül ələsən də,

Səhər-axşam diləsən də,

Başına kül ələsən də,

Məndən bir də olmayacaq...

 

Başqa yaz, bahar gələcək,

Yağış yağıb, qar gələcək.

Dünya sənə dar gələcək,

Məndən bir də olmayacaq...

 

Var olacaq, yox olacaq,

Məndən bir də olmayacaq...

Səni sevən çox olacaq,

Məndən bir də olmayacaq...

 

Düz qəddini əyəcəksən,

“Hayıf ondan” - deyəcəksən.

Dizlərinə döyəcəksən,

Məndən bir də olmayacaq...

 

Yatma belə, hələ oyan,

Getmə belə, hələ dayan.

Səni sevən, səni duyan,

Məndən bir də olmayacaq!..

 

 

SƏNSİZ KEÇƏN GÜNLƏRİM

 

Söz tapmadıq danışaq, dindi qatar astaca,

Səni məndən ayırar indi qatar astaca,

Qanadımız sevgiydi - heç bilmədik, ayrılıq

Qovub haqlayar bizi, gəlib çatar astaca...

 

Burda günəş parlayır, sənsiz istisi yoxdu,

Burda yağış başlayır, sənsiz kəsdisi yoxdu.

Sənsiz keçən günlərim oxşayır bir-birinə,

Sənsiz keçən günlərin yaxşısı, pisi yoxdu...

 

Hələ çox göynəyəcək sənsiz həsrətin yeri,

Bir gün gedən qatarlar bir gün dönərmi geri?

Bilirəm ki, sən mənsiz necə yetim qalırsan,

Bilirsən ki, mən sənsiz fağır, yazığın biri...

 

Adlayıb neçə kəndi, gəzsəm neçə şəhəri,

Ürəyində bitirmiş ömrümün hər səfəri.

Dönüb bir gün qatara, qayıdaram, əzizim,

Qapı kimi üzünə açıb nurlu səhəri...

 

Burda günəş parlayır, sənsiz istisi yoxdu,

Burda yağış başlayır, sənsiz kəsdisi yoxdu.

Sənsiz keçən günlərim oxşayır bir-birinə,

Sənsiz keçən günlərin yaxşısı, pisi yoxdu...

 

 

ŞUŞA...

 

Şəhər varmı dünyada,

Bu donda, bu biçimdə, 

Bir duvaqlı gəlinsən,

Şuşam, duman içində!

 

Ay Qarabağ gözəli,

Ay Natavan qəzəli.

Başına sığal çəkib, 

Ulu Tanrının əli.

 

Başında duman oldu,

Bağ-bağçan talan oldu,

Könül candan ayrıldı,

Həsrətin yaman oldu.

 

Necə dözdük bu dərdə,

Gəl səni qucum bir də.

İlham gəlir, qarşıla,

Tarix yazan sərkərdə!

 

Şükür gəldi bu çağın,

Üzeyir bəy qonağın.

Yenə muğamat deyir,

Sərin İsa bulağın.

 

Sən məndən könül istə,

Deyim ki, gözüm üstə.

Bülbüldən bir Heyratı,

Xan əmidən Şikəstə.

 

Cıdır düzü gül açdı,

Xarıbülbül dil açdı.

Azərbaycan bayrağı,

Sənə necə yaraşdı!.

 

Baxıb doymuram yenə,

Şükür, Tanrı, bu günə.

Vaqif yenə söz qoşur,

Şuşam, sənin hüsnünə.

 

Adın zəfərlə qoşa,

Yaşa, əbədi, yaşa.

Qarabağın maralı,

Azərbaycan gözəli,

Şuşa, ay qədim Şuşa,

Şuşa, ay cavan Şuşa,

Şuşa, ay əziz Şuşa!!!

 

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.