MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Ramiz Rövşənin şeirləri Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

RAMİZ RÖVŞƏN,

Xalq şairi

 

İLAN BALASI

 

Böyüyüb bu körpə ilan balası,
gah o başa, gah bu başa sürünür.
Sevinir udduğu havaya, suya,
Torpağa sevinir, daşa sevinir.
Bir sevgi həvəsi dolur canına,
Gecələr gözünün itir yuxusu.
Çiçəyin qoxusu, otun qoxusu,
Küləyin nəfəsi dolur canına.
… Özündən xəbərsiz, səssiz-səmirsiz
Zəhərə çevrilir canında hər şey…
 
Bu ilan balası bir vaxt canında
Gizlənən zəhərdən xəbər tutacaq.
Bəlkə qarğıyacaq baxtını onda,
Bəlkə boğazını qəhər tutacaq.
Ağlama, ağlama, ilan balası,
Baxtını qarğıma, ilan balası!
Bu da bir ömürdü, dözəsən gərək,
Beləymiş taleyin əmri, buyruğu;
Döşünün altında –sevən bir ürək,
Dişinin altında –zəhər tuluğu.


Görənlər çığırar: – İlan var, ilan!..

Qovduqca qovarlar səni dünyada.
Hər yandan kəsilər yolun-yolağın,
Tək bircə yol qalar sənə dünyada;
Başından quyruğunacan,
Zəhərli dişindən
Quyruğunacan
Tək bircə yol qalar, –
o yol özünsən,
Özün öz yolunsan, ilan balası.
Özün bu dünyada öz əzizinsən,
Özün öz balansan, ilan balası.
 
Hara qaçacaqsan göz qabağından,
Bu zalım dünyaya neyləyəcəksən?
Yüz yol çıxacaqsan öz qabığından,
Özündən ayrıla bilməyəcəksən.
Öyrən, yavaş-yavaş özünə öyrən,
Dünyanın hər cürə üzünə öyrən.
Barış canındakı zəhərli dərdlə,
iyrənmə özündən, ilan balası.
Bəlkə də, ən acı həqiqət elə
sənsən yer üzündə, ilan balası.
Sənsən haqqın yolu bu yer üzündə,
tanrı özü seçib bu yolu bəlkə.
Yüz cür sifətiylə, yüz cür üzüylə
Dünya səndən keçib durulur bəlkə

 

 

AYRILIQ

 

Yenə bu şəhərdə üz-üzə gəldik,

Neyləyək, ayrıca şəhərimiz yox.

Bəlkə də, biz xoşbəxt ola bilərdik,

Bəlkə də, xoşbəxtik,

xəbərimiz yox.

 

Aradan nə qədər il keçib görən, -

Tanıya bilmədim, məni bağışla.

Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla!

“Ölmədim” deyirəm, nə bilim axı, -

Bəlkə də, mən sənsiz ölmüşəm elə,

Qəbirsiz-kəfənsiz ölmüşəm elə.

 

Bəlkə də, biz onda ayrılmasaydıq,

Nə mən indikiydim, nə sən indiki, -

Ayrıldıq, şeytanı güldürdük onda;

Bu ilin, bu ayın, bu günündəki,

Elə bu küçənin bu tinindəki

məni də, səni də öldürdük onda.

 

…Sağımız-solumuz adamla dolu,

Qol-qola kişilər, qadınlar keçir.

Özündən xəbərsiz ömründə min yol

Özünü öldürən adamlar keçir.

Keçir öz qanına batan adamlar,

Bir də ki, qan hanı?

Qan axı yoxdu.

Hamı günahkardı dünyada, amma

Dünyada heç kəsin günahı yoxdu.

Bizsiz yazılmışdı bu tale, bu baxt,

Sapanddan atılan bir cüt daşıq biz.

Bəlkə bu dünyada on-on beş il yox,

Min il bundan qabaq ayrılmışıq biz.

Halal yolumuzu dəyişib, nəsə

Çaşmışıq, bir özgə yoldan getmişik.

Bəlkə min il qabaq səhv düşüb nəsə,

Minillik bir səhvə qurban getmişik.

Dəyişib yerini bəlkə qış-bahar,

Qarışıb dünyanın şəhəri, kəndi.

Bəlkə öz bətnində ögey analar

Ögey balaları gəzdirir indi.

Ömrüm başdan-başa yalandı bəlkə,

Taleyim başqaymış doğrudan elə.

O yoldan ötən qız anamdı bəlkə,

Bəlkə də, oğlumdu bu oğlan elə.

Bu yalan ömrümdə görən sən nəsən?

Bəlkə heç sevgilim deyilsən mənim.

Anamsan, bacımsan, nənəmsən, nəsən?!..

Bircə Allah bilir, nəyimsən mənim.

Bizi kim addadar bu ayrılıqdan,

Çatmaz dadımıza nə yol, nə körpü.

Ölüsən, dirisən, hər nəsən, dayan!

Dayan, heç olmasa əlindən öpüm…

 

Deyirsən: “Ölüyəm, ölünü öpmə…”

Əlimin içində soyuyur əlin.

Deyirsən: “Sən Allah, əlimi öpmə,

əlimdən, deyəsən, qan iyi gəlir…”

 

 

QARA PALTARLI QADIN

 

Kişilər bir olmur, atam balası, -
qorxağı var, igidi var.
Amma hər kişinin öləndən sonra
qəbri üstə ağlayası
Bir qara paltarlı gözəl qadına
ümidi var.

Sən öləndə
kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dünyada
bəlkə sənə ən çox ağlayan
Ən çox ağlatdığın qadın olacaq.

Göz yaşları yuduqca baş daşını,
Qəbrində qurcalanıb deyəcəksən,
İlahi, illər boyu ağlatdığım bu qadın
görən necə saxlayıb
bu qədər göz yaşını?!

Bircə kərə
nə saçını oxşamışam,
nə gözünü silmişəm,
Gözlərimə batır indi
saçlarının hər dəni.
İllər boyu
bu qadına mən axı dərd vermişəm,
İndi görən niyə çəkir dərdimi?!

Bu qadın baş daşımı
öpüb sığallamaqdansa,
Yumruğuyla döysə, döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.

Yeri, yeri, qara paltarlı qadın,
Kiri, kiri, qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridi,
baş daşımı bəsdi basdın bağrına.
Bütün mənə ağlayanlar kiridi,
sən də kiri, qəbrim damır, ağlama!..

 

 

DÜNYA QƏFİL İŞIQLANSA

 

Qəfil gün doğsa bir gecə,
Dünya düm ağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Görərik kimlərin əli
kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
kimlərin evindən çıxır.

Qəfil gün doğsa bir gecə,
Min-min gizli günah görsək,
Üstünü örtə bilməsə,
Bu dünyanı çılpaq görsək,
Başımıza hava gələr,
ağlımız çaşar bəlkə də.
Hamı birdən baş götürüb
dünyadan qaçar bəlkə də.

Bu dünyada bəs kim qalar,
Kim böyüdər, uşaqları?!
...Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır...

 

 

BAŞI KƏSİK GÖZƏL KÖTÜK

 

Başı kəsik gözəl kötük,
bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu,
bıçağı sənə kim çəkdi?

İpək-ipək yarpaqların
Küləklərlə talandımı?
Bilək-bilək budaqların
ocaqlarda qalandımı?
Küsdünmü taleyin acılığından?
Zalımlar keçmədi qocalığından
Yıxılmış ucalığından,
başı kəsik gözəl kötük…

Gözəl kötük, sızıldama, göynəmə,
Nə baltalar, nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da, qəm yemə,
Sən yıxılan ucalıqlar qalacaq.

Dünyanın küləyi keçər,
Qarı yağışı keçər.
Qatar-qatar quşu keçər,
daş atarlar, daşı keçər
sən yıxılan ucalıqdan.

Ümidli gözlər dikilər,
Körpə ağaclar yekələr,
Yekələr, qalxar, dikələr
sən yıxalan ucalığa...

Məndən sənə salam olsun,
başı kəsik gözəl kötük!
Balam olsa, balan olsun,
başı kəsik gözəl kötük.
Əyilim, köksünə başımı qoyum,
Gecələr laylamı çalasan mənim.
Böyründə bir evin daşını qoyum,
evimin dirəyi olasan mənim.
Gözəl kötük,
yaraların köz bağlasın, sağalsın,
Bu dünyada nə baltalar,
Nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da,
Yenə canın sağ olsun,
Bu dünyada
Sən yıxılan ucalıqlar qalacaq...

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.