Azərbaycanlı gənc şair Fuad Cəfərlinin “Kədərin şəkli” şeirlər kitabı özbək dilində işıq üzü görüb

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə gənc Azərbaycan şairi Fuad Cəfərlinin “Kədərin şəkli” şeirlər kitabı özbək dilində işıq üzü görüb. 

 

AzərTAC xəbər verir ki, kitabakı “Ön söz”ün müəllifi Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini, şair Qayrat Məcid, özbək dilinə çevirən tərcüməçi Şahista Kamranlıdır.

Qayrat Məcid “Ön söz”də Azərbaycan poeziyasının gənc nümayəndələrindən olan Fuad Cəfərlinin ədəbiyyatda özünəməxsus üslubu olduğunu qeyd edərək, onun özbək dilində ilk dəfə olaraq çap edilən şeirlər kitabının ədəbiyyatşünaslar, poeziyasevərlər tərəfindən maraqla qarşılanacağına əmin olduğunu bildirir. 

Qeyd edək ki, Fuad Cəfərli Azərbaycan Prezidentinin təqaüdünə layiq görülüb. O, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin müşaviridir. Fuad Cəfərlinin şeirləri indiyədək türk, ingilis, rus, ispan və fars dillərinə tərcümə olunub.

Nəşr Özbəkistanın kitabxanalarına hədiyyə ediləcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.