UŞAQLARIN MÜTALİƏSİNİN TƏŞKİLİ və ONA RƏHBƏRLİK ( II yazı )
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Söz vermişdik ki, növbəti yazıda tövsiyə siyahılarının hazırlanmasına verilən tələblərdən, uşaqları seçilmiş kitabların oxusuna həvəsləndirməkdən və səmərəli mütaliə üçün onlara verilməli məsləhət və istiqamətlərdən bəhs edəcəyik. Sözümüzün üstündə duraraq davam edək.
Tövsiyə siyahıları hazırlanarkən kitab seçimi müəyyən tələblər nəzərə alınmaqla pedaqoq, sosioloq, psixoloq, kitabxanaçı və fəal oxucuların məsləhətləri əsasında səriştəli filoloqlar və kitabxanaçılar tərəfindən aparılmalıdır.
Tövsiyə siyahılarının tərtibində və ora daxil edilən kitabların seçimində aşağıdakı tələblərə əməl edilməsi məsləhətdir:
1.Uşaqların maraqları nəzərə alınmalı və təmin edilməlidir. Kitab oxumaq nə bir qanun, nə də borc deyil ki, uşaqları buna məcbur edəsən. Burada maraq və həvəsin, digər bir sıra stimullaşdırıcı amillərin olmasışərtdir. Uşaqların zorla, təzyiq yolu ilə mütaliəyə məcbur edilməsi təhlükəli tendensiyadır.
Onların maraqlarının öyrənilməsi, ümumiləşdirilməsi və nəticələrinin – hansı və nə cür kitablara maraq göstərdikləri siyahıların tərtibində mütləq nəzərə alınmalıdır. Unutmayın ki, siyahının uşaqların maraq dairəsinə uyğun olmayan əsərlərlə doldurulması onlarda mütaliə həvəsini və alışqanlığını zəiflədə bilər.
2.Seçilmiş əsərlər yüksək əxlaqi keyfiyyətlər, milli-mənəvi və bəşəri dəyərlər aşılamalıdır.. Mütaliə uşaqların şəxsiyyət kimi formalaşmasında mühüm vasitələrdən biridir. Kiçik vaxtlardan yaşlarına və maraqlarına uyğun ədəbiyyatla tanışlıq onlarda həyat hadisələrinə, insana, təbiətə böyük maraq yaradır, yüksək əxlaqi keyfiyyətlər, milli-mənəvi və bəşəri dəyərlər aşılayır, uşaqların cəmiyyətə daha yaxşıadabtasiyasına kömək edir.
Kitabların uşaqların təlim-tərbiyəsində rolu əvəzsizdir. Şifahi ədəbiyyatdan yazılı ədəbiyyata qədər nəhəng bədii sərvəti “əxlaq xəzinəsi” də adlandıra bilərik. Hörmət, mərhəmət, məhəbbət, sədaqət, xeyirxahlıq, ədalət, ləyaqət və s. kimi insani dəyərlərin təbliğatçısı olan ədəbiyyat həqiqətən xəzinədir. Bu xəzinənin ən qiymətli mücəffəri isə milli əxlaq və milli ruhda olan əsərlərdir. Bizim uşaqlar ən əvvəl belə əsərləri oxumalı,milli dəyərlərə sahiblənməli, sonra dünya mədəniyyəti ilə tanış olmalıdırlar.
Ona görə tövsiyə siyahılarına əxlaqi keyfiyyətlər, milli və bəşəri dəyərlər aşılayan əsərlərin daxil edilməsi uşaqların şəxsiyyət kimi formalaşdırılması baxımından çox önəmlidir və bu məsələlər həmişə diqqət mərkəzində saxlanılmalıdır.
3.Yaş mərhələlərinin xüsusiyyətləri nəzərə alınmalıdır. Siyahılarda müxtəlif yaş mərhələlərinin və fərdi inkişaf prosesinin (ontogenizin) xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Orada hər yaş qrupuna uyğun əsərlər ayrıca göstərilməlidir. Məlumdur ki, mütaliə edərkən kiçikyaşlı uşaqları əsasən hadisə və faktlar maraqlandırdığı halda, yeniyetməyaşlı məktəblilər görüb duyduqları hər şeyin mahiyyətini bilməyə səy göstərir, əsərin fabulasına xüsusi ilə diqqətli olurlar. Kiçik yaşlı uşaqlara ilk növbədə şəkli yazı ilə çap edilmiş kitablar, daha sonra böyük şriftli və asanlıqla oxuna biləcək, dilimizin qayda və qanunlarına tam riayət olunmaqla qələmə alınmış kitablar tövsiyə edilməlidir. Burada kitabın həcmi də önəmlidir.
Təcrübə sübut edir ki, kitabın uşağın bilik və yaş səviyyəsinə, psixologiyasına, dil bilgisi qaydalarına uyğunluğu onun həvəslə oxunmasına səbəb olur.
4.Oxucu tipləri nəzərə alınmalıdır. Siyahıların tərtibində oxucu tipləri də ciddi şəkildə nəzərə alınmalıdır. Hazırda uşaq və gənclər üçün dörd oxucu tipi (Başberger modeli) - romantik, realist, intellektual və estetik tiplər müəyyən edilir :
Romantik tip. Nağılları, macəra ədəbiyyatını daha çox sevən, realist və intellektual- əxlaqi bədii ədəbiyyatı bəyənməyən tipdir. Uşaqlar arasında tez-tez təsadüf olunur və bu tip oxucular yeniyetməlik yaşlarında fantastik ədəbiyyatı böyük həvəslə oxuyurlar.
Realist tip. İnsanlar arasında qarşılıqlı münasibət və onları əhatə edən xarici aləm haqqında yazılan kitabları oxuyur, nağıllara maraq göstərmir. Bu xüsusiyyətlər yeniyetmə yaşlarında özünü biruzə verir.
İntellektual tip. Bədii ədəbiyyatda əməli nəticə çıxarmağa çalışır, biliyini artırmağa cəhd göstərməsi ilə əlaqədar olaraq maraqlı məlumatlarla zəngin kitablar oxumağı daha çox sevir. Bu tipə yeniyetmələr və gənclər arasında daha çox rast gəlinir.
Estetik tip. Nadir hallarda rast gəlinir. "Cingiltili sözlərdən", qafiyələnmiş ahəngli və vəznli misralardan sözün əsl mənasında zövq alır. Oxucuların bu tipi şeirə maraq göstərir və xoşladıqları kitabı dəfələrlə oxuyurlar. Kitab həvəskarı-bibliofildirlər.
Oxucu tiplərinin öyrənilməsi və tövsiyə siyahısına bu tiplərinin marağını təmin edəcək əsərlərin salınması da məsləhətdir.
5.Cinslərin maraqları da nəzərə alınmalıdır.Tədqiqatlar və müşahidələr göstərir ki, uzun müddət oğlanlar və qızlar eyni mövzuda olan kitabları oxuyurlar. Lakin cinsi yetişkənlik özünü büruzə verməyə başlayandan sonra, xüsusən yeniyetməlik dövründən vəziyyət dəyişir. Bu zamandan başlayaraq oğlanlar dedektiv, macəra, qəhrəmanlıq, elm və ixtira, təbiət ; qızlar isə məktəb, ev və ailə, eşq, kişi-qadın yaşamı və duyğysal mövzularda olan kitablara daha çox meyil edirlər. Siyahılar hazırlanarkən bu məsələlər nəzərə alınsa, ancaq faydası olar.
6.Siyahıya dünya ədəbiyyatından nümunələr də daxil edilməlidir. Tövsiyə siyahısında müxtəlif xalqlarınədəbiyyatından nümunələrin, dünya miqyasında nüfuzlu ədəbi mükafatlar (o cümlədən Nobel mükafatı) almış əsərlərin (xüsusən uşaq əsərlərinin) nəzərdə tutulması da məqsədəuyğundur. Çünki bu əsərlər ciddi kriteriyalar əsasında müəyyən olunur. Uşaqlara uluslararası bir baxış acısı qazandırır, digər xalqların tarixinin, adət-ənənlərinin və yaşam tərzinin öyrənilməsi, fərqli mədəniyyətlərin tanınması üçün yararlı olur. Uşaqlar dünya ilə Vətənimizi müqayisə etmək imkanı əldə edirlər. Obrazlı desək, dünya səyahətinə çıxırlar.
Lakin belə əsərlər tövsiyə olunarkən onların hansı səviyyədə tərcümə olunduğu nəzərə alınmalıdır.
Mümkün olan hallarda həmin kitabların orjinaldan oxunmasını da təklif etmək olar. Xarici ölkə yazıçılarının əsərlərini orijinaldan oxuya bilən və ya oxumağa üstünlük verən istedadlı gənclərin yetişməsinin nə eybi var ki?!
7.On-line mütaliə (ekran mütaliəsi) üçün də ünvanlar verilməlidir. İndi mütaliə deyəndə həm ənənəvi, həm də elektron kitabların mütaliəsi nəzərdə tutulur. Son vaxtlar uşaq və gənclərdə bütün informasiyaları rəqəmsal cihaz və ekranlardan, kinolardan və videolardan almağa meyil güclənmişdir, internet medianın inkişafı kitaba olan marağı azaltmışdır. Əlbəttə ki, bu mənbələrdən informasiya almaq, on-line oxu vacibdir, günümüz bunu tələb edir. Bu gün dövrümüzü kompyutersiz, internetsiz, televizorsuz, mobil telefonsuz təsəvvür etmək mümkün deyil. Buna görə biz də uşağa kitabı sevdirmək üçün onların ən çox istifadə etdikləri üsullarla işləməliyik. Nə üçün “ekran mütaliəsi”nin imkanlarından səmərəli istifadə edilməsin?!
İnternet resuslarından müxtəlif mətn növlərində olan bədii, elmi, texniki, tarixi, siyasi və s. ədəbiyyatların mütaliəsini təmin etmək üçün nüfuzlu, uyğun görülən saytların ünvanlarının da siyahıya əlavə edilməsi, uşaqlara mənəvi və texniki dəstək verilməsi məsləhətdir.
Amma çalışmaq lazımdır ki, uşaqlar komputerdən asılı vəziyyətə düşməsin, internetdən istifadə qaydalarını pozmasın, saatlarla komputerin qarşısında oturmasınlar. Bu, çox ciddi fəsadlara səbəb ola bilər. Məsələn, internetdən asılılıq "autizm" adlanan psixoloji xəstəlik yaradır ki, bu da beyin fəaliyyətini kütləşdirir, insanı real aləmdən və həyat təcrübəsindən təcrid edir. Bu məsələlər nəzarət altında saxlanılmalıdır. Uşaqları internetdən məhrum etmək yox, düzgün istiqamətləndirmək lazımdır. Amma onlara bir şeyi də başa salmaq lazımdır ki, təkcə görüntüdən məlumat almaq yetərli olmur. Kağız kitabları oxumamaq nitq pozuntusuna, özünüifadə edə bilməmək və s. kimi fəsadlara gətirib çıxarır.
8.Tövsiyə olunan əsərlərin növü, janrı, süjet və kompozisiyası, dil və üslub xüsusiyyətləri də nəzərə alınmalıdır. Həyat təcrübəsi qazanmaq və özünütəkmilləşdirmək, idrakı ehtiyac, şəxsi təhsil və təcrübi faydalanmaq, emosional və estetik təlabat və əylənmək mütaliənin əsas səbəb və məqsədlərindən sayılır.
Ona görə də siyahıya müxtəlif ədəbi növlərdə, rəngarəng janrlarda və üslublarda, müxtəlif mətn növlərində olan, emosional, əyləncəli və komik əsərlərin daxil ediməsi də məsləhətdir. Unutmayaq ki, bədii əsər öz adı, mövzu və məzmunu, tərbiyəvi ideyası ilə yanaşı, növü, janrı, süjet və kompozisiyası, dili, üslubu, həcmi və s. xüsusiyyətləri ilə də oxucuya təsir göstərir. Süjet xəttini izləmək yaddaşı gücləndirir.
Kitabda mövzunun maraqlı şəkildə təqdim edilməsi, əyləndirici və düşündürücü olması, anladılan hadisələrin məntiqi baxımdan möhkəm əlaqələndirilməsi, əsərin uzunluğunun uşağın diqqət müddətini keçməməsi, onun qəhrəmanlarından öyrənəcəyi bir sıra özəlliklərin (müsbət mənada) olması, milli dəyərlərlə yanaşı, bəşəri dəyərlərin də təbliğ edilməsi həvəslə oxunmasına səbəb olur. Bu baxımdan əsərdə yaradıcı düşünən, tənqidi təfəkkürə, sağlam əxlaqa və dəyərlərə sahib, demokratik düşüncəli, həyatı və insanları sevən insan obrazlarının olması çox faydalıdır.
Əsərlərin dili uşaqların anlayacağı səviyyədə olmalıdır. Coxmənalı, omonim və mücərrəd məfhumları ifadə edən sözlərdən, yersiz alınmalardan, arxaizmlərdən, dialekt sözlərdən, terminlərdən az istifadə edilməli, vulqar sözlərin işlənməsinə yol verilməməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kitab tövsiyə siyahılarının tərtibində onların da ğöz önündə tutulmasını məsləhət bilirik.
9.Təklif olunan kitabların texniki-texnoloji səviyyəsiyüksək olmalıdır. Kitabın cildi rəngli, bol rəsmli, uşaq üçün cəlbedici olmalıdır. Çünki uşaqların kitabla tanışlığı buradan başlanır.
Kitablardakı rəsmlər də önəmlidir (çünki uşaqlar kəlmələrdən öncə rəsmləri oxuyurlar). Bu rəsmlər uşaqlarda estetik dəyərlər formalaşdırır, əsərdəki duyğuları əyani olaraq canlandırır). Şəkillər (xüsusən üz qabığının) əsərin məzmununa uyğun olmalıdır.
Kitabın məzmun və forması bir-birini tamamlamalıdır. Bədii tərtibatı və formatı yüksək səviyyədə olmalıdır. Şəkil və hərflərdə rənglərin qarışması və bozarması yolverilməzdir.
Müxtəlif böyüklükdə olan kitabların seçiminə üstünlük verilməlidir. Təcrübə sübut edir ki, uşaqlar müntəzəm olaraq eyni böyüklükdə və formatda olan kitabları oxumaqdan xoşlanmırlar. Kitablar həcm və ağırlıq baxımından daşımaq və istifadə etmək üçün əlverişli olmalıdır.
Yazı formatı, rənglər, hərflər və durğu işarələri uşaqların gözünü yormamalıdır. Sətrlərarası interval, hərflərin böyüklüyü tələblərə uyğun olmalıdır. Uşaqlara səhifə düzəni, qrafik tərtibatı və istifadə edilən material cəhətdən həm keyfiyyətli, həm də sağlam olan kitablar tövsiyə edilməlidir. Unutmaq lazım deyil ki, uşaqların sağlamlığı hər şeydən önəmlidir.
Tövsiyə siyahıları yuxarıda göstərilmiş tələblər nəzərə alınmaqla vaxtaşırı yenilənməlidir. Siyahıya bədii ədəbiyyatla yanaşı ideya siyasi, elmi-kütləvi, elmi-texniki, tarixi, tədris olunan fənlər və gələcəkdə seçiləcək elm-sənət sahəsi üzrə kitablar da daxil edilməlidir. Uşaq mətbuatı, həmçinin antologiyalar, lügətlər və ensiklopediyalar da (Azərbaycan Ensiklopediyası, Coğrafiya Ensiklopediyası, Riyaziyyat Ensiklopediyası, Ayna Uşaq Ensiklopediyasının müxtəlif mövzularda nəşr etdirdiyi nəşrlər və s.) tövsiyə oluna bilər. Yaxşı olar kitab siyahıları geniş və əhatəli tərtib edilsin ki, uşaqların seçim imkanları da geniş olsun. Siyahılar sinif otaqlarında, ədəbiyyat kabinetində və kitabxanada görkəmli yerdən asılmalı, valideynlərə və uşaqlara verilməlidir.
Yazımızın I hissəsində də qeyd etdiyimiz kimi, uşaqlar tövsiyə olunan kitablarla yanaşı özləri də çoxlu kitab seçib oxuyurlar. Bunu onlara birmənalı qadağan etmək məsləhət deyil və bu, əks effekt verə bilər. Fikrimizcə, uşaqların özləri seçdikləri qeyri-adi, onları qəliblər xaricinə çıxaracaq və yaradıcılığını körükləyəcək, həyata baxışını genişləndirəcək əsərləri oxumalarına mane olmaq lazım deyil. Onlara xoş gələn kitabları tapmaq, bu kitablara çıxış imkanı yaratmaq və o kitabları oxumağa imkan vermək faydalıdır. Uşaqlara özlərinin doğru hesab etdiklərini və müsbət obrazları seçməyi öyrənmələri üçün ancaq müsbət deyil, mənfi xarakterlərin yaradıldığı əsərləri oxumağa da imkan vermək lazımdır. (sonda belə əsərlərin birlikdə müzakirəsi məsləhətdir.) Sadəcə olaraq bu işə ciddi nəzarət olunmalı və istiqamətləndirilməlidir. Şübhəsiz ki, valideyn, müəllim və kitabxanaçılar uşaqları onların zövqünü korlayan, aqressivlik yaradan, şiddəti çözüm vasitəsi kimi təqdim edən, yaşına uyğun gəlməyən, heç bir ədəbi və tərbiyəvi dəyəri olmayan, postmodernist əsərlərdən - kitablardan və ziyanlı saytlardan uzaq tutmalıdırlar. Bu işlərə fərdi yanaşılmalıdır.
Tövsiyə siyahısının hazırlanması hələ işin başlanğıcıdır. Əsas məsələ uşaqların bu kitabları oxumalarıdır. Bunun üçün onlarda maraq yaradılmalı,tövsiyə olunan kitabların oxunmasına həvəsləndirilməli və təşviq edilməlidirlər.
Nəzərə almaq lazımdır ki, uşaqların təlabatları maraqları vasitəsi ilə reallaşır. Maraq fərdin xüsusi cəhd göstərmədən öz istəyi ilə, zövq alaraq bir işə yönəlməsidir. Maraqlar uşaqların mütaliə fəaliyyətlərinin motivləşməsinin ən mühüm və həlledici amilidir. O həm daxili, həm də xarici təsirlə formalaşır. Kitaba maraq bir çox səbəbdən asılı olaraq fərddən-fərdə dəyişir. Oxucunun içində olduğu dairə, cinsiyyət, yaş, zəka, fiziki imkanlar, sosial və ailə mühiti , mədəni faktorlar, kitabın bədii tərtibatı, formatı, dili və s. bu səbəblərə daxildir.
Məktəblərdə uşaqların oxuduqları əsərlərin sayına görə siniflər üzrə reytinqinin müəyyən edilməsi və bu əsasda onların arasında sağlam rəqabət mühitinin yaradılması maraq yaratmaq baxımından səmərəli olar. Təcrübə göstərir ki, xüsusi olaraq hazırlanmış reklam xarakterli video-çarxlar, əyani təşviqat, kitab sərgiləri vəmütaliə olunmuş əsərlərin müzakirəsi, seçilmiş kitabların növbə ilə birlikdə oxunması, müxtəlif müsabiqələr, anket sorğuları uşaqları siyahıda olan kitabları oxumağa təşviq edir. Təcrübə onu da göstərir ki, siyahıda olan əsərlərin qəhrəmanları barədə söhbətlər, uşaq yazıçıları haqqında bəzi məlumatların verilməsi,əsərlərdən maraqlı hissələrin yarımçıq söylənməsi üsulu, həmin əsərlərdən biri və ya bir necəsi haqqında esselərin və ya maraqlı fikirlərin seçilib yazilmasının, "Bədii ədəbiyyat gündəliyi“ində qısa qeydlər etmək, xoşlarına gələn epizoda uyğun rəsm çəkməyin təklif edilməsi, uşaqların oxuduqları kitablar barədə öz aralarında, kitabxanada, sinifdənxaric oxu məşğələlərində və digər tədbirlərdəki fikir mübadilələri və mübahisələri,insert və oxu strategiyası metodlarından istifadə və s. tövsiyə siyahısındakı əsərlərin oxunmasına sövq edən üsullardandır. Yazıçı və şairlərlə görüşlərin və mütaliə (məsələn, “İfadəli oxu” və s.) müsabiqələrinin keçirilməsi, kitabxanada, foyelərdə və sinif otaqlarında “Yeni kitablar” guşəsinin və siniflərarası “Kitabxana günü”ün, “Oxuduğum əsərlər haqqında qənaətlərim” adlı paylaşımların (canlı və ya internet saytları ilə) təşkili də belə üsullardan sayıla bilər.
Səmərəli mütaliə üçün də uşaqlara məsləhət və istiqamət vermək vacib məsələdir. Əlbəttə, mütaliə zamanı uşağın nə oxumasından daha çox hansı nəticə çıxaracağını bilmək maraqlıdır. Oxunan səhifələrin sayının çoxluğu uşağın yaxşı oxucu olduğunu göstərməz. Oxumaq yazılı sözləri tanıma, sözlərin mənalarının nə olduğuna qərarvermə və bu sözlərin mənalarının dərk edilməsi kimi bir çox bacarıq tələb edən olduqca kompleks bir əməliyyatdır. Çoxdan sübut edilmişdir ki, adını oxuduğu obyektin nə olduğunu bilən uşaq oxuma və anlamada daha sürətli olur. Valideyn, müəllim və kitabxanaçıların əsas hədəfi mütaliə edən uşaqları "məna çıxarmağa“ yönəltməkdir. Çalışmaq lazımdır ki, uşaq oxuduğunu dərk etsin və onu qəbul etməyi bacarsın.
Uşaqları necə gəldi mütaliəyə deyil, sistemli və "dərin mütaliəyə" (yavaş, qərq olmuş şəkildə, qavrayışın detalları ilə, emosional və ruhi qarmaqarışıqlıqlarla zəngin) alışdırmaq gərəkdir. Əlbəttə, ancaq rasional -- ağıl və məntiqə əsaslanan, məqsədəuyğun və məqsədəmüvafiq oxu, oxucunun öz hədəfini və kitabdan nə öyrənəcəyini əvvəlcədən müəyyən etməsi arzulanan faydanı verə bilər.
Əsəri oxuyarkən hər bir oxucunun məqsədi olmalıdır. O, kitabın mündəricəsinə, fəsillərin başlıqlarına, hadisələrin gedişinə, kitabdakı şəkillərə və s. görə proqnoz (düz və ya səhv, amma əsasən düz) verməyi, əsərdəkiləri təsvir etməyi, nəql etməyi, onları oxuduğu digər əsərlərlə müqayisə etməyi, ümumiləşdirməyi və nəticə çıxarmağı, əsəri təhlil etməyi bacarmalıdır. Mütaliənin səmərəsi bunlardan çox asılıdır.
Sürətli oxu səmərəli mütaliənin əsas şərtlərindəndir. Uşaqlarda sürətli oxu bacarıqlarının yaradılmasına diqqətlə yanaşmaq lazımdır. Bunun üçün onları fasilələrlə oxuya, "sözləri deyil, fikirləri görməyə" (yəni tək-tək sözləri deyil, söz qruplarını oxumağa), səhifə ilə (monitorla) göz arasında normal məsafə saxlamağa və səhifəyə dik bucaq altından baxmağa, yalnız gözlərdən istifadə etməyə, nə oxuyacağını və necə oxuyacağını əvvəlcədən müəyyən etməyə, oxu texnikası qaydalarına əməl etməyə istiqamətləndirmək lazımdır. Ənənəvi qiraət zamanı dərk olunmanın (qavramanın) dərəcəsi 60 %, sürətli qiraətdə isə 80 % təşkil edir. Orta qiraət bacarığı (və ya adəti) olan insanın gözləri bir kitab sətrində 12-16, sürətlə qiraət edənin isə 2-4 duruş edir. Sürətli qiraət zamanı gözlər yavaş qiraətə nisbətən daha az yorulur.
Mütaliənin səmərəliliyi onun icra olunduğu şərait və vaxtdan çox asılıdır. Ona görə də valideyn, müəllim və kitabxanaçılar uşaqlar üçün münasib mütaliə vaxtının təyin edilməsinə (şərti olaraq) xüsusi fikir verməlidirlər. Fasilələrlə oxuya üstünlük verilməli, mütaliəyə sərf olunan vaxt tədricən artırılmalı, amma çox uzun müddət də çəkməməlidir. Sübh və səhər çağı, yatmazdan qabaq mütaliə üçün ən münasib vaxt sayılır. Əzgin və yorğun vaxtlarda uşaqların mütaliəsini təşkil etmək məsləhət görülmür.
Mütaliə salonu olduqca sakit, mümkün qədər bər-bəzəkdən uzaq olmalıdır. Atmosfer temperaturu və işıqlandırma sistemi münasib, mütaiə vasitələri - stol və stul, həmçinin digər texniki avadanlıqlar mütaliə üçün əlverişli olmalıdır.
Mütaliə ilə məşğul olan uşaqların gün ərzində konkret istirahət saatlarının müəyyən edilməsi, mütaliəarası fasilələr, düzgün qidalanma, zehnə xeyirli qidaların qəbulu da diqqət mərkəzində saxlanılmalıdır.
“Ədəbiyyat və incəsənət”
(13.09.2024)