MÜTALİƏ MƏDƏNİYYƏTİ – “Prioritet sahə” Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

3.

PRİORİTET SAHƏ

 

Təbii ki, mütaliə mədəniyyətinin yüksəlməsi, yeniyetmə və gənclərin kitaba cəlb edilməsi, yüksək dərəcədə mədəni, bilikli insanların formalaşdırılması Azərbaycan Respublikasının prioritet məsələsidir.

İlk yazılı ədəbi nümunələrin toplusu kimi kitab əvəzsiz sərvətlərimizdən biridir. Bu qiymətli sərvətimizi qoruyan ilk kitabxana eramızdan əvvəl yaradılmışdır. Uzun müddət ərzində onun sosial funksiyaları xeyli dəyişmişdir. İlk kitabxananın məqsədi yalnız sənədlərin saxlanılması idi. Yarandığı gündən indiyə qədər kitabxana bir neçə mərhələdən keçmiş və hazırda informasiya və mədəni komponentləri özündə birləşdirən müasir tipli kitabxana olmuşdur. Müasir kitabxananın əsas məqsədi cəmiyyətin intellektual mədəni inkişafına kömək etmək, onu insanların vasitəsilə təkmilləşdirməkdən ibarətdir.

Müasir dövrümüzü internetsiz təsəvvür etmək qeyri mümkündür. Azərbaycanda və onun hüdudlarından kənar olan ölkələrdə yaşayan insanlar, o cümlədən yeniyetmələr, gənclər arasında asan, əlverişli ünsiyyət vasitəsi kimi internet geniş imkanlar açmaqdadır. Artıq adi kitabları elektron vəsaitlər əvəz etməkdədir. Belə kitabları əlçatan etmək üçün kitabxanalar kompüter və internet ilə təchiz olunub. Uşaqlar və yeniyetmələrin mütaliəsi, dünyagörüşünün formalaşması, qlobal informasiya mühiti ilə səmərəli təması proseslərinin uğurla nəticələnməsi Azərbaycan dövlətinin kitabxana-informasiya sahəsində gələcəyə yönəlmiş inkişaf konsepsiyasının tərkib hissələrindən biridir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008- 2013-cü illərdə inkişafı üzrə dövlət proqramı”nın təsdiq edilməsi barədə sərəncam vermiş və bu proqramda kitabxana-informasiya sahəsində geniş plan hazırlanmışdır.

16 Oktyabr gününü dünya Mütaliə Bayramı kimi qeyd edir. Bu münasibətlə Azərbaycanda da hər il silsilə tədbirlər keçirilir. Bu işdə xüsusən Mədəniyyət Nazirliyinin tabeçiliyində olan Cəfər Cabbarlı adına Gənclər Kitabxanası, F. Köçərli adına Uşaq Kitabxanası, eləcə də M.F.Axundov adına Milli Kitabxana öz fəallıqları ilə seçilirlər. Kitabxanalarda bir sıra tədbirlər:  kitab müzakirəsi, oxucu konfransı, icmal, dəyirmi masa, rəsm müsabiqəsi, oxucularla söhbət, səhnəciklər, icmal və s. təşkil olunur. Mütaliə Bayramı məqsədilə kitabxanalarda ənənəvi kitab sərgiləri də təşkil olunur. Bu mövzuyla bağlı fotostendlər, dünya mətbuatı, eləcə də Azərbaycanın ilk qəzet nümunələri, məqalə və kitablar sərgidə öz yerini alır.
Kitab dünya mədəniyyətinin güclü silahıdır. Mütaliə insanı kamilləşdirir, onun nitq və qabiliyyətini inkişaf etdirir. Con Lokun dediyi kimi: “Mütaliə zehni sadəcə bilgi ehtiyatı ilə doldurur, mütaliəni qazanclı edən - düşünməkdir.” 

 

Növbəti: 4.Ümummilli liderin mütaliəyə münasibəti

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.