Azərbaycanın ən nüfuzlu ədəbi jurnalı “Azərbaycan”ın yanvar buraxılışında Rusiyanın “Ədəbiyyat qəzeti”nin 12 stul klubunun “Qızıl buzov” müsabiqəsinin qalibi, üç dəfə “Rusiyanın qızıl qələmi” beynəlxalq müsabiqəsinin laureatı, Başqırdıstan Respublikasından olan yazıçı Leonid Sokolovun seçilmiş yumoristik hekayələri dərc olunub.
AzərTAC “Başinform” agentliyinə istinadla xəbər verir ki, mətni Azərbaycan dilinə Məmməd Oruc və Knyaz Qoçaq çevirib. Məmməd Oruc bildirib ki, Başqırdıstan Respublikasından olan yazıçının hekayələrindəki ədəbi məziyyətlər onu Azərbaycan dilinə tərcümə etməyə vadar edib.
Həmmüəllifi Knyaz Qoçaqla Başqırdıstandan olan jurnalist və yazıçı Rafis Həsənova minnətdarlığını bildirən Məmməd Oruc deyib: Məhz onun sayəsində Leonid Sokolov kimi parlaq müəllifi kəşf etdim. “Azərbaycan” jurnalının nəsr şöbəsinin müdiri olduğum üçün vurğulamaq istəyirəm ki, biz nadir hallarda yumoristik əsər müəlliflərinə söz veririk və əgər onları dərc ediriksə, janrın əsl istedadlarına üstünlük veririk. Leonid Sokolov da məhz belə yazıçılardandır. İnanıram ki, onun hekayələri istənilən yumoristik əsərlər antologiyasında layiqli yerini tuta bilər. Bu hekayələr olduqca gözəl dildə yazılıb. Leonid Sokolovun qəhrəmanları o qədər rəngarəngdir ki, onları unutmaq çətindir, sevməmək, hətta təqlid etməmək mümkün deyil”.
“Azərbaycan” jurnalının redaksiyasında qeyd edilib ki, Leonid Sokolovun yumoru ən yüksək əyarlı mətnlərdir. Onun hekayələrində personajların xarakterinin təsviri heyrətamiz, psixoloji dərin təhlili ilə oxucunu cəlb edir. Bu mətnlər oxucuya müalicəvi təsir göstərir, gündəlik məşəqqətləri, bəlaları faciəyə çevirməməyə, həyatın sınaqlarına fəlsəfi yanaşmağa kömək edir.
Qeyd edək ki, Məmməd Oruc və Knyaz Qoçaq Rusiyanın bir çox görkəmli müəlliflərini dilimizə çevirib. Tərcümə sənətində uğurla çıxış edən Məmməd Oruc və Knyaz tandemi “Sözü birləşdirən ilmə” və “Yuqra” Beynəlxalq ədəbiyyat mükafatları, həmçinin D.N.Mamin-Sibiryak adına Ümumrusiya ədəbiyyat mükafatı ilə təltif olunub.
Tərcüməçilər Leonid Sokolovun hekayələrini Başqırdıstan Yazıçılar Birliyində təqdimatını keçirməyi planlaşdırır. Buna görə şair və ədəbiyyatşünas, Başqırdıstanın müasir çoxmillətli ədəbi cərəyanlarının bilicisi Knyaz Qoçağın Ufaya səfəri gözlənilir.