“Ədəbiyyat və incəsənət” portalı Şəfa Vəlinin Gündüz Sevindiyin “Yorğun küçə” kitabı barədə qeydlərini təqdim edir.
Gündüz Sevindik… “Yorğun küçə” kitabı haqqında qeydlər...
Küçələr... Yollar... Küçələri sevirəm... Bəzən elə olur ki, hansısa küçə yaddaşımın lap uzaq küncündə, illərin pərdəsinin arxasında mənə kiçik bir nağıl danışa bilir...
-Bax, burda, bu ağacın altında iki sevən gənc bir-birinə sehrli sözlər pıçıldayırdı...
Başqa bir küçə gözəl bir serenada çalır... Onun təranələri altında xəfifcə gülümsəyir:
-Körpə ilk dəfə, bax, burda, dalanın çıxacağında "ATA" demişdi. Gənc ata işə gecikmişdi o gün. Geri dönüb körpəni bağrına basmış, kövrək anlar yaşamışdı...
Belə nağılların, serenadaların sayagəlməz fərqli çalarları var... Sanki bir ömür vərəqlənir hər küçədə. Ancaq heç vaxt küçəni evə gətirməyə cəhd etməmişəm. Buna, bəlkə də, cəsarətim çatmayıb. Gündüz isə...
Doğma küçə,
Gecə düşür yenə də!
...Dur, yığış, gedək, küçə!
Dur, yığış, gedək bizə...
Mənə elə gəlir Gündüz bunu deməliydi. Bunu bacarmalıydı. O qədər kövrək ürəyi var şairin... O qədər yenilməz qətiyyəti var şairin... O qədər küçəylə tənha qalıb ki... O qədər dərdini danışıb ki, ona... Ürəyini boşaldandan sonra küçənin kədərində, hüznündə özünü günahkar görüb... Onun da halına yanıb...
Doğma küçə,
Bu dünyanın ağrısını,
acısını, dərdini,
Saplağından dəribsən.
Mənim kimi öz içində,
öz evində, öz küçəndə
qəribsən.
Addım-addım küçələrdən keçdikcə bir də onun yuxusunu qaçırdığını düşünüb... Öz ruhunun tənhalığını belə küçəyə etibar edir... Yalnız küçəyə...
"Bir ev həsrətini çəkməyən" şair "küçəni gözünə təpir"... Doymaq istəyir ondan...Yenə doymur...Bu dəfə də Allaha üz tutur:
Ay Allah, nəfəs ver, qoyma ki, sönəm,
qərib küçələrdən özümə dönəm.
Adı bəlli, ünvanı bəlli küçələri öz hissləri kimi qərib sanır... Bu qəriblik onun gözlərindən ürəyinə axır... Küçələri şeirlərinə köçürür... Onlara misralarında sığınacaq verir... Bu dəfə də ürəklə, fərəhlə
-"Mənim küçələrim üşümür daha!"-deyir.
Sevgisini də qürurla yaşayır... Sevgisi də qürurludur onun... Özü kimsəyə baş əyməz... Sevgisini də əydirtməz, alçaltmaz... Şairin sevgisi onu "Tanrı əsəri" edib. Yüksəldib. Şairin sevgi kədəri, ayrılıq dərdi rekviem deyil. Həzin axşam melodiyasıdır.
Gündüzün qürurundan danışdım... Bu qürurun altındakı uşaq ərköyünlüyü də göz önündədir... Olduğu kimi... Onun körpə məsumluğu qədər səmimiliyi hərdən-hərdən gözə görünür. Nə yaş, nə qətiyyət, nə də qürur bu səmimiliyi pərdələyə bilmir:
Vallah, mən ölərəm səndən ötəri,
Bir ölmək nədir ki, mənim əlimdə.
Beləcə sadə, beləcə, səmimidir O... Gündüz, biz də səninlə sevindik... Sevindik ki, "Yorğun küçə" məhz sənin sayəndə qapılarımızı açdı... Evimizə gəldi... Məhz sənin səmimi olduğu kimi qətiyyətli, mehriban olduğu kimi zəhmli, hökmlü ürəyin küçənin yorğunluğunu duya bilərdi. Duydu da... Duyurdu da... Var ol!
Kitabın ön sözünün müəllifi bəstəkar, şair Xanım İsmayılqızı haqlı olaraq qeyd edir: “Şeirləri-özüdür, özü-sözünün üzüdür Gündüz Sevindik!”... Bu bircə cümləylə, demək olar ki, Xanım İsmayılqızı onun yaradıcılığını, daxili ucalığını ifadə edib. “Yorğun küçə” kitabında mənim də az da olsa əməyim olduğuna sevinirəm... Və sonda deyirəm:
-Küçələrin üşüməsin, şair!
“Ədəbiyyat və incəsənət”
(02.08.2024)