“Üşüyən şeirlər” kitabının isidən şeirləri Featured

Dəyərli qələm sahibi - yazıçı, şair, publisist, esseist Rəfail Tağızadənin Adilə Aslanovanın  " Üşüyən şeirlər,..." kitabına yazdığı “Yaşananların poeziyası” adlı resenziyasını  oxucularımıza təqdim edirik.

            

Bəzən bir sözün, bir ifadənin, bir şeirin arxasına düşüb gedirsən və kitabın sonuna nə vaxt çatdığını bilmirsən. Söz səni sehrinə salıb öz aləminə aparır. Harda olduğunun fərqində olmursan. Hissin, duyğunun əsirinə çevrilirsən. Ruhunu oxşayan söz fikrinə, duyğuna hakim kəsilir. Və sözün gücünə bir daha inanmalı olursan. Səni sən edən, səni yaşadan sözün. 

 

Bəs necə oldu ki, bacara bildin?! 

Payız gözlərini harda boşaltdın?! 

Darıxan şəhərin küçələrinə, 

Özün ağırlıqda, bəlkə, daş atdın? 

 

... Sənsiz gecələrin məzarlığı var, 

Günəş də öpüşmür pəncərəmizdə. 

Qəlbimdə çırpınan ağ qağayılar, 

Daha ayağını yumur dənizdə. 

 

Şair haqqında onun şeirləri danışır. Şairləri şeirlərindən tanımaq olur. Adilə Aslanova elə şairlərdəndir. Onun haqqında yazmaq istəyənə şeirlərini təqdim etmək qalır. 

 

Ayağını kəsmişəm 

küsülü axşamların. 

 

İslaq ayaqlarında 

Soyuq fəslin qarğışı. 

 

Adilə xanım şeirlərini oxucuya pıçıldayır. Ona sakitcə qulaq asmalı olursan. Dinləyirsən. Şeirin axıcılığı, ritmi səni ağuşuna alır. Səsdən, sözdən zövq alırsan. Oxumaq istədiklərini oxuyurmuş kimi. Çünki istedadlı, bədii cəhətdən hazırlıqlı şairin söz aləminə qonaqsan. 

 

Tutasan sözün əlindən,

Söz əlində kilid ola. 

Elə dolub-daşasan ki, 

Leysan tökən bulud ola. 

 

——

 

Bir kəpənək uçurdu 

Üzü payıza sarı. 

Arxada qoyub gedir 

Qanadlı arzuları. 

 

... Rilke deyirdi ki, əgər sən yaxşı yazıçısansa, şairsənsə, bir müddət yazma. Əgər gördün ki, yazmaya bilmirsən, onda yaz. (Borxes də, başqa məşhur yazarlar da təxminən bu fikirdədirlər.) Adilə xanımın bu fikirlərlə tanış olduğunu bilmirəm. Amma onun “Yazırsansa, yaxşı yazmalısan” düşüncəsi bunu zamanın öhdəsinə buraxıb. Şeiri ilə, sözü ilə yadda qalma, düşündürmə onunçün əhəmiyyətlidir. Bu təbiidir. Axı o, həm də filoloqdur. 

“Bir sahil ağacıyam”, - deyib yaradıcılığa uzun fasilədən sonra yenidən qayıdan şair, sanki yığılıb qalan enerjisini tez boşaltmağa, itən vaxtı doldurmağa çalışır. 

 

Cilovsuz at kimi çapmışıq ömrü, 

Sonundan əvvələ qayıdış olmur.

Tanrı necə verib bilmirəm əmri, 

Çatlar böyüyəndə qaynaqla dolmur. 

 

Onun şeirlərində bugünkü-dünənki ifadəsini işlətmək olmur. Düzdür, zaman sözü, fikri cilalayır. 

 

Çəkilib gözümdən daş yuxularım, 

Payız damcılayır sazağın üstə. 

Mənfiyə yüklənir havalar hər gün, 

Üşüyür əllərim masanın üstə. 

 

və ya 

 

Budur, üfüqlərin dan ərəfəsi, 

Gecəni diriltdim, yenə gözümdə. 

İçimdə sarsılan kor düşüncəmin, 

Üstündə oturub bitdim özüm də. 

 

Elə şairlər var ki, kitablarının sayını itirirsən, amma lazım olanda bir şeir tapıb oxuya, kiməsə, harasa təqdim edə bilmirsən. 

Dünya poeziyasında elə şairlər var ki, özündən sonra nəşr olunan bir kitabı ilə sevilib, yaddaşlarda qalıb. 

Mən Adilə Aslanovanı özündən qabaq şeirlərindən tanımışam və onunla “Ədəbi ovqat” dərgimizin şeirləri çap olunan sayının təqdimatında görüşdük. “Ədəbi ovqat” dərgisi, həm də ümdə bir yolun yolçusudur. Bölgələrdəki istedadlı şair və yazıçıları geniş oxucu auditoriyasına təqdim edərək onların tanınmasına çalışır. 

Biz bölgələrdə yaşayan yazarları lazımınca izləmirik, tanımırıq. Onların yaradıcılığına bələd olduqca, mərkəzin, kəndin yaradıcılıq, istedad üçün fərq etmədiyini bir daha təsdiqləmiş oluruq. İstedadlı hər yerdə istedadlıdır. Musa Yaqub İsmayıllıda, Ağasəfa Xızıda, İnqilab İsaq Göygöldə, Tərlan Əbilov Lənkəranda , ... Adilə Aslanova Zaqatalada yaşayıb yaradıblar. Yazdıqları da göz önündə. O ki, qaldı təbliğata, internetin, sosial şəbəkənin vüsət aldığı zamanda oxucu eşitmək istədiyi sözü, oxumaq istədiyi yazını tapıb mütləq oxuyur. 

Adilə Aslanova hansı mövzuya əl atırsa, orda özünəməxsus nümunə yarada bilir. Dili axıcı, fikirləri səlisdir, anlaşıqlıdır. Şeirləri oxucunu yormur, daxili rahatlıq yaradır. 

Adilə xanım oxucunun demək, oxumaq, eşitmək istədiklərini deyə bilir. Oxucu onun şeirlərindəki sadəlikdən həzz alır. Darıxmır, yorulmur. 

 

Çəkiləcək dərd olsa, 

Unutmağa nə var ki... 

Başını sözlə qatıb 

Ovutmağa nə var ki... 

 

Bəlkə də, əllərimdə 

günahın qələmi var. 

Kor olmuş gözlərimdə, 

Həsrətin ələmi var. 

 

Məşhur rus şairi Anna Axmatova deyirdi: “Əsl şeir odur ki, onu oxuyanda sənə elə gəlir o şeir lap elə sənin dilinin ucundaymış.” Adilə xanım şeirlərində səmimidir. Onun əzizlərinə yazdığı səmimi, etiraf dolu şeirləri də adama doğma gəlir: 

 

Əllərinin qabarı, 

Bərkidib yuvamızı. 

Bir qaranquş balası, 

Dəyişib havamızı. 

 

Gəl sənə bir sirr açım, 

Oğul-uşaq bilməsin. 

Oturanda, duranda 

Yada salıb gülməsin. 

 

—-

 

Gəl belə eləmə, qurbanın olum, 

Ayağım altından qaçar bu dünya. 

Kimin gəlişinə qurban demişdim, 

Kimin gedişindən köçər bu dünya. 

 

Belə şeirlər şairi oxucuya sevdirir, onu geniş oxucu toplumuna daha yaxından tanıtdıra bilir. 

Adilə xanımın şeirlərində elə məqamlar var ki, ordan sakitcə keçə bilmirsən. Seir, fikir səni tutub saxlayır. Şairin şeirlərində hissin, duyğunun qadına yanaşmasına diqqət yetirək: 

 

Küsmə öz-özündən, burax inadı, 

Gecəsi gözündən asılan qadın. 

 

Solğun tellərinin gedib boyası, 

Çəkilib gözünün nuru, ziyası, 

Küskün taleyilə abrı, həyası, 

Soyuq kədərinə qısılan qadın. 

 

Əyilə bilməyən, sına bilməyən, 

Baxdığı budağa qona bilməyən, 

Qəlbinin hökmünə dinə bilməyən, 

Qüruru məhbəsdə həbs olan qadın. 

 

Adilə Aslanovanın şeirlərində adamı silkələyən ifadələr çoxdur: 

 

Gecikən payız kimi 

Bir yumub beş tökəcəm. 

Mənə bir ağı göndər, 

Misrasından öpəcəm... 

 

Yıxıb sürüyürəm gümanlarımı, 

İçində bir zərrə "mən" axtarıram. 

Yuvası dağılmış qaranquş kimi, 

Yalavac bəxtimə dən axtarıram. 

 

Bütün şairlər kimi Adilə xanım da sözdən başqa hər yerdə özünü qərib sayır:  

 

Sən rəssam deyilsən, hardan biləsən, 

Fırça əllərimin çəkdiklərini?! 

 

Nəmli gecələrdə azan xəyallar, 

İtən arzuların yol çırağıdır. 

 

Bir qərib çəkmişdim kətan üstünə, 

Onu da dünyanın mizanı pozmuş. 

 

Sözə dəyər verən, sözün qədrini bilənlərin əsərləri, sözləri ilə qiymətlidir. Vətənpərvər xanımın, ananın, şairin, Vətənə, əsgərlərimizə, şəhidlərə yazdığı şeirlərdə ağrı ilə bərabər sevgi və qürur var. Vətən sevgisi də. Elə ona görə də kitab Vətən şeiri ilə başlayır. Həsrəti çəkən, ağrını daşıyan, Zəfər sevinci yaşayan insanın bölüşmək istədikləri... 

 

Nə qədər var hələ namərd qoşunu, 

Barmağını tətiyindən götürmə... 

 

Torpağını şəhid-şəhid qanatdın, 

Bağrımızda tunc heykəllər yaratdın, 

Bu ölkəni bayraq-bayraq ucaltdın, 

Daşında da göyərəcək gül-çiçək! 

Azərbaycan, Zəfər günün mübarək! 

 

Qədəhə şeir süzən Adilə Aslanovanın şeirləri hissin, duyğunun, yaşantıların təzahürüdür. Ona görə də bir-birindən maraqlı, düşündürücüdür:  

 

Qabında qurumuş mürəkkəb kimi, 

Şe(i)rə batırıram barmaqlarımı. 

Pozulur misrası, bulaşır sətri, 

Sənə göndərirəm yazdıqlarımı. 

 

Sən Allah, çatanda üzünə xoş bax, 

İslaq vərəqləri gətirib gəlir. 

Çatacaq haçansa, bu gün, ya sabah, 

Ən ağır yükünü götürüb gəlir. 

 

Adilə Aslanovanın “Üşüyən şeirlər”i adamı üşütdüyü qədər də düşündürür. Çünki səmimidir, içdən gələn şeirlərdir: 

 

Səndən sonra nə varsa 

Doğradım muncuq-muncuq. 

Bir gözüm payız oldu, 

Bir əlim də qabarcıq. 

 

Bağladım pəncərəmi 

Gecənin pərdəsiylə. 

Edam etdim ruhumu 

Bir bayquş nəğməsiylə. 

 

Adilə Aslanovanın “Üşüyən şeirlər, ...” kitabı ilə dəyərli oxucularını söz dünyası ilə sevindirəcəyinə inanıram. 

Yazımı Amerikalı şair Emili Dikinsonun bir fikri ilə yekunlaşdırmaq istəyirəm: “Əgər bir kitabı oxuyuramsa və o kitab mənim bədənimin heç bir ocağını isidə bilməyəcəyi dərəcədə soyudursa, onda bilirəm ki, həmin kitabdakılar poeziyadır.” 

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.