Mayın 22-sində Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə AYB-nin üzvü şairə Esmira Günəşin "Cəsur Qəhrəmanlar" kitabının Lənkəranda Heydər Əliyev Mərkəzində təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Esmira Günəşin verdiyi məlumata görə, təqdimatda Lənkəran şəhid ailələri ilə yanaşı Cəlilabaddan, Astaradan, Masallıdan, Yardımlıdan, Bakıdan da şəhid ailələri iştirak ediblər. Həmçinin AYB Lənkəran bölməsinin şairləri, qazilər, Azərbaycan Veteranlar Birliyinin üzvləri, Gimnaziyanın direktoru, orta məktəblərin müəllim və şagird kollektivi, Lənkəran şəhər mədəniyyət işçiləri, kitabxanaçılar, Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları, həmçinin vətənsevər ictimai fəallar tədbirdə iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərimizim xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladıqdan sonra qonaqların bir-birindən maraqlı çıxışları ilə davam edib.
Məktəblilər şairənin şəhidlərə həsr olunmuş şeirini səsləndirib. Lənkəran şəhər C.Cabbarlı adına 1 saylı musiqi məktəbinin nümayəndələri "Qarabağ şikəstəsi" ni səsləndirərək qonaqları heyran ediblər. Tədbirin gedişatında şairə Esmira Günəş dəvət etdiyi şəhid ailələrinin hər birinə çıxış üçün söz verib.
Tədbirin sonunda müəllif H. Əliyev Mərkəzininin rəhbəri Reyhanə xanıma təşəkkür edərək imzalı kitabını hədiyyə edib. Qeyd edək ki, kitab təqdimtında şəhidlərin şəkillərindən ibarət sərginin olması tədbirə daha da maraq qatıb.
Tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb.
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)